NATO-nun Azərbaycanla bağlı ciddi planları var

Alyansın Gürcüstana gəlməsi o deməkdir ki, Azərbaycanın bu quruma üzvlüyünə də çox qalmayıb

NATO-nun Çikaqodakı sammitində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mühüm qərarlar qəbul olunub. Azərbaycanın ərazi bütövlüyü tanınıb və Qarabağ münaqişəsinin BMT nizamnaməsi və Helsinki yekun aktı əsasında çözülməsi məqsədəuyğun sayılıb. Sammitlə bağlı diqqət çəkən başqa məqamlar isə ondan ibarətdir ki, Rusiya başda olmaqla digər MDB ölkələrinə tədbirə qatılmaq üçün dəvət göndərilsə də onlar Çikaqoya gəlməyib. Ekspertlər baş verən hadisəni NATO-Rusiya münasibətlərinin gərginləşəcəyinin anonsu sayıblar.
Digər tərəfdən, Azərbaycanın da Rusiya ilə münasibətlərdə problemlər yaşayacağı istisna deyil. Çünki Qarabağ problemini inhisarında saxlamağa çalışan Rusiyanın Azərbaycanın həm NATO-nun tədbirən qatılmasına, həm də problemi onun inhisarından çıxarmaq cəhdinə biganə qalmayacağı proqnozlaşdırılır.

NATO-nun sammitlərində Azərbaycanla bağlı məsələlərin ilk dəfə deyil ki, gündəmə gətirildiyini deyən siyasi ekspert Rahim Hacıyev bildirdi ki, hələ bir müddət əvvəl Lissabondakı zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunmuşdu. Amma Azərbaycan hakimiyyətinin NATO ilə əməkdaşlıqda maraqlı görünməməsinə təəssüflənən R.Hacıyev vurğuladı ki, Azərbaycan isə əksinə, dünyada heç bir rolu və nüfuzu olmayan Qoşulmamaq Hərəkatına üzv olur. R.Hacıyevin sözlərinə görə, halbuki NATO-nun keçənilki bəyanatı Azərbaycanın məlum hərəkata qoşulmasından əvvəl səslənmişdi: “Azərbaycan NATO ilə Əfqanıstana yük daşınmasında iştirak edir. Amma Ilham Əliyevin NATO-nun sammitində iştirakı görüntü xarakterlidir. Azərbaycanla əməkdaşlıq istiqamətində NATO tərəfindən dəfələrlə təkliflər səslənsə də buna reaksiya verilmir. Amma hakimiyyət anlamalıdır ki,  Azərbaycanın NATO ilə ciddi əməkdaşlığı olmayana qədər ölkəmiz müdafiəsiz vəziyyətdə qalacaq. Bu məsələdə ortada dayanmaq mümkün deyil. Azərbaycan belə bir çətirin altına girməyə məcburdur. Sadəcə olaraq Azərbaycan hökuməti NATO-nun prinsiplərini qəbul etmədiyindən bloka qoşulmur. Çünki NATO ölkələrinin hamısı demokratik standartların tətbiq olunduğu ölkələrdir”.
Sammitdə Gürcüstana olan xüsusi münasibətə toxunan R.Hacıyev vurğuladı ki, tədbirdə birmənalı şəkildə bildirildi ki, Tiflis NATO-nun üzvü olacaq. R.Hacıyevin fikrincə, bu o deməkdir ki, NATO-nun regionla bağlı ciddi planları var və onların reallaşdırılması üçün alyans kifayət qədər ciddi mövqedən çıxış edəcək. Eyni zamanda bu onun göstəricisidir ki, NATO-nun Rusiya ilə bağlı elə bir narahatçılığı yoxdur: “Rusiya ekspertləri özləri də etiraf edirlər ki, hərbi cəhətdən Rusiya çox geri qalır. Rusiyanın hərbi büdcəsi ABŞ-ın hərbi büdcəsindən on iki dəfə aşağıdır. Bu sıraya Almaniya, Fransa, Ingiltərənin hərbi potensialını əlavə etsək, hərbi balansın birmənalı şəkildə Rusiyanın xeyrinə olmadığını görmək olar. Digər tərəfdən, Rusiyada idarəçilik sahəsində problemlər korrupsiyanın yüksək səviyyəsi, ölkənin enerji resurslarından asılı olması, sənayenin inkişaf etməməsi Rusiyanın gələcəkdə NATO qarşısında ciddi qüvvə kimi çıxış etməsinə imkan verməyəcək. Gürcüstanın NATO-ya üzv olacağı ilə bağlı bəyanatlarla artıq onun mesajı verilir ki, Rusiya ilə bağlı NATO-da ciddi narahatçılıq yoxdur. Deməli, Azərbaycan hakimiyyətinin hansı qərarlar çıxarmasından asılı olmayaraq NATO-nun Gürcüstana gəlməsi o deməkdir ki, təşkilatın Azərbaycana gəlişinə də çox qalmayıb. Bu həm Azərbaycanın təhlükəsizlik maraqlarına, həm də ölkənin inkişafına ciddi dəstəkdir”.

Xəyal