Hər kəs o kitabı təzədən oxusun…

Bir dəfə mənə sual verdilər ki, niyə Avropanı bu qədər təbliğ edirəm. Məgər Avropanın adamıyam?  Cavabı uzatmadım…
Açıqca dedim: Bəli, hər zaman Avropa təbliğatı aparıram. Çünki Avropa dəyərlərinin yüzə-yüz Azərbaycana gəlməsini istəyirəm. Əgər bu baş verməsə, biz hətta milli kimliyimizi, folklorumuzu, ən yaxşı adətlərimizi belə itirəcəyik.  Üstəlik, normal yaşamağın nə olduğunu da bilməyəcəyik. Azərbaycanı sevməyin ən yaxşı, ən faydalı yolu budur – Avropa dəyərlərini ona qazandırmaq.
Yaltaqlığı inkişaf etdirməkdən uzağa gedə bilməyən dövlət siyasətimiz uzun illərdir bizi Avropa dəyərlərinə doğru getməyə qoymur, Avropa ailəsinə daxil olmağa imkan vermir. Bunun üçün min cür əks-arqument, bəhanə uydurur, min cür oyun çıxarırlar.
Deyirlər ki, mentalitetimizi qorumalıyıq. Məgər yaltaqlıq mentalitetdir? Korrupsiya, pulla imtahandan qiymət almaq, yerliçilik, qohumbazlıq mentalitetdir? Hakimiyyətin atadan oğula ötürülməsi, seçkilərin saxtalaşdırılması, siyahı ilə deputat mandatı paylamaq, dövlət başçısının qabağında ikiqat əyilmək mentalitetdir? Avropa dəyərləri məhz bunlara qarşıdır. Avropa dəyərləri bu cür anti-humanist təmayülləri aradan qaldırmaq üçün mövcud olan ictimai qaydalardır. Onun insanın saz havasına, muğama, tara qulaq asması ilə heç bir işi yoxdur. Məhz azad yaşayan, rifah içində yaşayan xalq öz milli kimliyini, adətini, geyimini qorumaq üzərində düşünür. Əksinə, bizim azad olmayan toplumun hazırda heç vecinə də deyil bu məsələlər.  Vecinə olsa belə, onun nəyisə dəyişmək hüququ yoxdur…
Indi də təzə bəhanə tapıblar. Bəs deməzsənmi, Avropada da insan haqları pozulur, orda da demokratiya yoxdur. Gülər Əhmədovadan, Səyavuş Novruzovdan başlayan bu işə hazırda Eynulla Fətullayev də qoşulub. Guya Avropada da demokratiya yoxdur, Sarkozi demokrat deyilmiş. Gülməlidir. Sarkozi artıq prezident deyil. Onun tərəfdar olduğu qanunu isə hələ prezident olanda Konstitusiya Məhkəməsi ləğv etmişdi. Avropadakı demokratiya budur.
Bu günlərdə Serbiyada müxalifətin lideri seçkiləri uddu. Almaniya prezidenti jurnalistlərin yazılarındakı fakta görə istefa verdi. Demokratiya elə budur. Avropada qüsurlar ola bilər, orada da terrorist, oğru, axmaq nazir, yararsız prezident tapmaq olar, amma o bütün hallarda həsəd aparılacaq dərəcədədir. Bütün problemləri həll edəcək mükəmməl dəyərlər və qanunlar sisteminə sahibdir. Avropa bütün dünyaya nümunə sayıla bilər və sayılmalıdır.
Şərqin və müsəlman aləmin ən qüdrətli ölkəsi Türkiyədir. Türkiyə məhz Avropa dəyərlərini mənimsəməklə buna nail olub, milliyini də saxlayıb, özəlliyini də. Hər kəs özünə sual etsin: niyə insanlar dünyanın hər yerindən Avropaya yaşamağa, oxumağa, müalicə olunmağa gedir? Nə üçün?
Onda hər kəs bilsin ki, Azərbaycan hakimiyyəti xalqımızdan etdiyi oğurluqlarla, vətəndaşlara verdiyi zülmlərlə yanaşı, eyni dərəcə də bizi Avropa dəyərlərindən uzaq salmağa görə məsuliyyət daşıyır. Azərbaycan Avropanın gözəl və parlaq bir ölkəsi ola bilər. Hər cür özəlliyini saxlamaqla. Şərqdən də qopmadan. Özü olaraq. Burada təzad yoxdur. Sadəcə insanın azadlığını qəbul edəcəksən. Çünki Avropa dəyərləri elə insanın azadlığıdır.
Odur ki, hər kəs Avropanı yenidən öyrənsin. Hər kəs Azərbaycanın Almaniya, Fransa kimi bir ölkə olması eşqinə düşsün. Hətta onlardan qabaqda olan!
Odur ki, hamı birdəfəlik qəbul etsin: kim bu gün Avropanın əleyhinə danışırsa, ya Irana işləyir, ya bizim hakimiyyətə.
Bir də hər kəs “Səfillər”i təzədən oxusun. O kitabı hökmən təzədən oxumaq, başqalarına da oxutmaq lazımdır. Şəxsən mənim ruhumun ictimai qaynağı o kitabdır. Amma yazıçı Anar kimi düşünməyin ki, mən başqa kitab oxumadığım üçün “Səfillər”“” barədə belə yüksək fikirdəyəm.
“Səfillər”“”dəki Fransa indiki Azərbaycandır. “Səfillər”dəki xalq azadlıq və həqiqət axtaran bütün xalqların eynisidir.  “Səfillər“”dəki arzu bizim arzumuzdur.