Mən demirəm, məntiq deyir

Biz nə istəyirik? Bu ölkə üçün ən gözəl olan şeyləri: korrupsiya bitsin. Rüşvət bitsin. Milli iradəyə sayğı duyulsun. Ölkə bir adamın iradəsinə tabe etdirilməsin. Hüquq hegemon olsun. Qanunlar işləsin.
Insan haqq və azadlıqları tanınsın. Seçmək, seçilmək, yazmaq, danışmaq, toplaşmaq azad olsun.
Adamlar fərqli fikirlərinə, alternativ düşüncələrinə görə şərlənməsin, həbsə, sürgünə, qəbirə göndərilməsin. Xof imperiyası aradan qalxsın.
Xalq sərvətlərinin sahibi olsun. Qaldırdığımız hər daşın altından hakim ailə və onların ailə dostları çıxmasın.
Bəs YAP-çılar bu istəklərimizə nə cavab verirlər? “Erməni dəyirmanına su tökürsünüz” deyirlər. “Sərkisyan kimi danışırsınız” deyirlər.  
Desinlər deməsinə də, amma mən anlamıram – niyə ermənilər korrupsiyasız, demokratik Azərbaycan arzulamalıdırlar? Məntiqlə, onlar bunun tam əksini istəməli deyillərmi? Məntiqlə, onlar bu ölkənin korrupsiya, despotizm caynağında əzilərək zəif, gücsüz düşməsini istəməli deyillərmi?
Yox əgər, bizim korrupsiyadan arınmış, demokratiyaya qovuşmuş, çağdaş, modern dünyanın bir parçası olmaq yolunda əmin addımla irəliləyən bir Azərbaycan arzulamağımız, hüququn, azadlıqların, ədalətin zəfər çaldığı, hər kəsin özgürcə, qardaşca yaşadığı bir Azərbaycan istəməyimiz həqiqətən də “ermənilərin dəyirmanına su tökməkdir”sə, onda belə çıxmırmı ki, ermənilər bu ölkə üçün yaptokratlardan daha gözəl şeylər fikirləşirlər?
Bunu mən demirəm artıq, bunu adi məntiq deyir.
Nədir partiyalardakı dönüklərə sonadək tolerant olmağın sirri?
Təzəlikcə bir olaya şahidlik etdik: Müsavat rəhbərliyi Masallı rayon təşkilatının indi saylarını dəqiq xatırlamıram, ikimi, üçmü üzvünü partiya sıralarından xaric etdi. Səbəbi çox sadə idi: adamlar açıq-açığına rejimin əlinə işləyirmişlər, Ilham Əliyevi mədh etməklə məşğul imişlər.
Əlbəttə, əgər deyilənlər doğru idisə, verilən qərar da doğru idi. Və bu mənim yaxın siyasi tariximizdə xatırladığım ilk belə qərar idi.
Bizim müxalifət partiyaları heç vaxt sıralarındakı dönükləri, rejim simpatizanlarını zamanında uzaqlaşdırmaq qərarı verməyə cəsarət etməyiblər. Belələrinə ən son anadək dözümlü münasibət sərgilənib. Onlara vaxtında qapı göstərməməyin bədəli isə həmişə ağır olub: bu adamlar özləri hakimiyyətdən düymə basılanda qapını çırpıb gediblər, üstəlik, bir də partiyalarının, keçmiş silahdaşlarının boynuna minnət şələləyiblər.
Bu mənada Müsavatın Masallıdakı üzvləri ilə bağlı qərarını sadəcə, alqışlamaq lazımdır. Artıq hansısa müxalifət partiyası sıralarında dayanıb başqa budaqlarda ötənlərə, başqa bağın gülü olanlara tolerantlıq nümayiş etdirilməməlidir. Partiyalar prinsiplərə xəyanətin bədəlini özləri ödətməlidirlər ki, sonra hansısa siyasi xəyanət, dönüklük heç kimdə travma yaratmasın. Sarsıntı yaratmasın.
Üstəlik, belə qərarlar sadəcə, sıravi üzvlərlə bağlı qəbul olunmamalıdır. Partiyaların gah nala, gah mıxa vuran, nə ət, nə balıq olduğu bilinməyən, prinsipial məsələlərdə isə az qala YAP-çı kimi danışan tanınmış üzvlərinə də, funksionerlərinə də eyni sərt münasibət sərgilənməlidir.
“Onsuz da az qalmışıq” məntiqi ilə hərəkət edilməməlidir. Dəyərlər rəqəmlərə qurban verilməməlidir. Şəxslər (kim olursa olsun!) prinsiplərdən üstün tutulmamalıdır. Ikiüzlülüklülərə, riyakarlıqlara göz yumulmamalıdır.
Ya da siyasi dönüklüyü, prinsipsizliyi şübhə doğurmayan adamlara son anadək, onlar özləri qapını çırpıb, boynumuza da yekə bir minnət qoyub gedənədək tolerantlıq göstərməyin sirri hər kəsə izah edilməlidir. Bizim bunu bilməyə haqqımız var!
Günün notu:
Siz baxmayın, YAP-çılar bizi “Eurovision”un Bakıda keçirilməsinə görə sevinməməkdə ittiham edirlər.
Dünya işidir, Azərbaycan bu il də qalib olsa və “Eurovision” gələn il də Bakıda keçirilsə, buna ən çox sevinməyən elə onların özləri olacaq.