İnsan psixologiyası

Altunay Hacıbəylialtunayh

Psixologiya ən çox maraqlandığım elmlərdəndir. Bu haqda harda görsəm oxuyuram. Elə buna görə də məlumatım çoxdur. Oxuduqlarım və gördüklərimdən əldə etdiyim bilgimə və öz yanaşmamdan çıxardığım nəticələrə əsaslanaraq onun ən zəruri olan tərəflərini önə çəkib bu haqda bir az danışmaq istəyirəm.

Bildiyimiz kimi, psixologiyamızın formalaşmasında, sayaraq bitirə bilmədiyimiz hər şeyin böyük rolu vardır. Mən daha çox, günümüzün aktual mövzularına toxunaraq, psixologiyanın təməlində duranlara və ona təsir göstərən, onu yetişdirən səbəblərə toxunmuşam. Düşüncələrim sağlam psixologiyanın sağlam gendən qaynaqlandığına əsas verir. Məncə, korlanmış psixologiya insanın daxilinə nüfuz edərək zamanla geninə təsir göstərir.

Beləliklə, bu hal onun uşaqlarında və onların xətti ilə doğulanlarda müşahidə olunur. Psixologiyanın sağlam olması daha çox anadan asılıdır. Mən həm də bunu, yəhudilərin fikirlərinə əsaslanıb deyirəm. Onların fikrincə, “Ana xətti” daha önəmlidir. Məncə də elədir, çünki sağlam vətəndaşlar sağlam ailələrin və düzgün tərbiyənin məhsuludur. Uşağın ən çox anaya meyilli olması da bunu deməyə əsas verir. Son zamanlarda gənc ailələrin dağılması, boşanma halları əsasən erkən yaşda ailə qurmuş və yaxud buna məcbur edilmişlərin ailələrində müşahidə olunur. Erkən yaşda evlilik insanın psixologiyasını alt-üst edir. Çünki onların sahibi olduğu uşaq psixologiyasıdır. Onlar uşaqlığını, gəncliyini və bütövlükdə həyatını yaşamadan, çiyinlərinin və formalaşmamış psixologiyasının üzərinə, qaldıra bilməyəcəyi qədər ağır yüklə götürür və duruş gətirə bilməyərək zamanla solaraq məhv olur.

Valideynlər çox zaman bunu övladlarının gələcəyi naminə etdiklərini əsas gətirərək qürur da duyurlar. Özlərini ağıllı, dünyagörmüş saydıqlarından onların bu “uzaqgörən” siyasəti daha bir ailəni dağıdır, cahillər ordusuyla çoxalmış cəmiyyətə daha bir cahil əlavə etmiş olur. Əgər bu “uzaqgörənlik” təhsillə əvəzlənsə, cəmiyyətdə əsaslı dönüş yaranmış olar. Görürsünüzmü, hər şey dolanıb gəlib, təhsilə dayanır. Çünki təhsil psixologiyanın təməl daşlarındandır. Gənc nəslin, başlıcası da qızların təhsilli olması çox önəmlidir. Çünki onlar gələcəyin analarıdır. Onların təhsilli olması Vətənə ziyalı ailənin bəxş edilməsi deməkdir. Qızlarınızı “Qız uşağı oxumaz” – deyərək, cahilcəsinə uydurduğunuz,  düşüncəsizliyinizin qurbanı etməyin. Siz bununla onların bütün hüquqlarını əlindən alib həyatını məhv edərək, dövlətin və cəmiyyətin ehtiyac duyduğu, ümid yeri olan gənc nəslin üstündən xətt çəkmiş olursuz. Beləliklə, korlanmış psixologiya, pozulmuş sinir sisteminə sahib analardan “şikəst” uşaqlar doğulur. Onların sayı çoxaldıqca acınacaqlı mənzərə yaranır.

Düzgün cəmiyyət üçün hər kəs öz ailəsindən başlamalıdır. Sizin övladlarınız üçün təhsilə yaratdığınız imkanlar sayəsində bu cəmiyyət çirkabdan qurtula biləcək, ancaq öncə öz beyninizi çirkabdan təmizləməyiniz gərəkdir.