Rüfət Səfərov barəsindəki hökm dəyişdirilmədi VİDEO

Rufet sefer“Əbəs yerə bu işi “teleqram işi” adlandırmamışam”

Bu gün Şirvan Apellyasiya Məhkəməsində prokrorluq orqanlarından bəyanatla istefa vermiş sabiq müstəntiq Rüfət Səfərovla bağlı məhkəmə prosesi yekunlaşıb.

Prosesə sədrlik edən Ələsgər Novruzov keçən prosesdə müdafiə tərəfinin verdiyi vəsatətə görə Zərdab rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayevin dindirilməsi məsələsinə münasibət bildirib. Hakim bu haqda məhkəməyə teleqram daxil olduğunu, Eldəniz Abdullayevin hiportaniya xəstəliyindən əziyyət çəkdiyinə görə məhkəməyə gələ bilməyəcəyi və Zərdab rayon Mərkəzi xəstəxanasında müalicə olunması barədə arayışı təqdim edib. Rüfət Səfərov gülümsəyərək “mən belə olacağını bilirdim, əvvəldən əbəs yerə bu işi “teleqram işi” adlandırmamışam”,-deyə münasibətini bildirib. Bundan sonra hakim Eldəniz Abdullayevin ifadəsini elan edib.

Vəkil Bəhruz Bayramov öz çıxışında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bəraət hökmü çıxarılmasını xahiş edib.

“Bu ölkədə haqqı ifadə edən şəxs ya narkobaronluqda, ya rüşvətxorluqda, ən pis halda isə dövlət çevrilişində təqsirləndirilir”

Rüfət Səfərov son söz deyərək işin faktiki hallarına aydınlıq gətirib. Barəsində sifarişli verilən hökmün qondarma olduğunu bildirib. Onun son sözünü təqdim edirik:

“Möhtərəm hakimlər! Hörmətli məhkəmə prosesini izləyənlər!!
Hesab edirəm ki, Lənkəran ağır Cinayətlər məhkəməsinin haqqımda çıxardığı 08.09.2016-cı il tarixli hökm saxta və qondarma sübutların məcmusuna əsaslandığına, qanunsuz, əsassız və ədalətsiz olduğuna görə ləğv edilməli, heç bir ictimai təhlükəli, təqsirli, qeyri-hüquqi əmələ, cəza təhdidi altına alınmalı olan tərzə yol vermədiyimə görə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməlidir. Məruz qaldığım cinayət təqibi siyasi sifarişdir, başqa sözlə desək qisas aktıdır. Çünki, bəlli olduğu kimi Zərdab rayon prokrorluğunun müstəntiqi vəzifəsində işlədiyim zaman ölkə miqyasında geniş vüsət alan özbaşnalıqlara, kütləvi qanunsuzluqlara, vaxtaşırı olaraq insan hüquq və azadlıqlarının tapdanılmasına, vətəndaşların uzun illər neft satışından daxil olan milyardların fonunda fəqir duruma gətirilməsinə, ümumiyyətlə, təməl insan haqlarının pozulmasının adi xarakter almasına etiraz rəmzi olaraq prokrorluq orqanlarından istefa vermişəm. Yalnız bundan sonra Azərbaycan hökumətinin, daha konkret desək, Baş Prokrorluğun amansız represiya maşınının təqibinə məruz qalmışam. Qüvvədə olan cinayət və cinayət prosesual məcəllələrinin tələbləri kobud surətdə pozularaq cinayət işi başlanılmadan şəxsi əşyalarım götürülərək baxış keçirilmiş, kirayənişin olduğum mənzildə axtarış aparılmış, 15.01.2016-cı il tarixdə haqqımda cinayət işi başlanılaraq, barəmdə ən ciddi qətimkan tədbiri- həbs seçilmiş, ağır cinayətdə təqsirləndirilməyimə baxmayaraq, cəmi bir həftə sonra ev dustaqlığına buraxılmışam. Hərçənd ki, qüvvədə olan qanunvericiliyin tələbinə görə prokrorluq əməkdaşını məsuliyyətə cəlb etməkdən ötrü Ali Məhkəmə Plenumunun müvafiq razılığı zəruri şərtdir, amma bunu saya salan olmamışdır. Yalnız sonradan həmin yazılı razılıq alınaraq iş materiallarına əlavə olunmuşdur. Üstəlik doqquz ay ərzində barəmdə qaldırılan cinayət işi de-fakto hərəkətsiz vəziyyətdə saxlanılmış, davamlı çıxış, müsahibə , məqalələrimdən sonra cinayət işi doqquz aydan sonra baxılması üçün məhkəməyə göndərilmişdir. Süni surətdə uzadılmış ibtidai istintaq dövründə 5-10 adam təzyiq və təhdid altında dindirilərək əleyhimə ifadələri alınmışdır.
Möhtərəm hakimlər, sizə müraciət edirəm, barəmdə qaldırılan cinayət işinin nə kimi mürəkkəb, xüsusilə mürəkkəb və ya müstəsna mürəkkəb cəhətləri olub ki, işin bu həddə uzadılmasına ehtiyac yaranıb? Əgər bunun səbəblərini görməzlikdən gəlirsinizsə, mən məmuniyətlə ifadə edim: bəli təqibçi Azərbaycan hakimiyyəti qeyri-müəyyənlikdə və basqı altında saxlamağı niyyət edərək, sərbəst düşüncələrimi yaymaqdan çəkindirmək məramı güdərək, əsas olmadan cinayət işini aylar ərzində hərəkətsiz qalmasına dair göstəriş vermişdir. Bunun bir nəticə vermədiyini görüb, çıxış yolu kimi uzun illərə məhkum edildim. Amma bu çıxış yoludurmu? Metod olaraq səmərə verəcəkmi? Xeyr! Sonda bu xüsusata yenidən qayıdacağam. Beləliklə növbəti sualımı verirəm. İstefadan əvvəl Baş prokrorun qərarı ilə fəxri təşəkkürə layiq bilinən Rüfət Səfərov necə oldu ki, rüşvətxor, korrupsioner- cinayətkar çıxdı? Başa düşürəm bu ölkədə haqqı ifadə edən şəxs ya narkobaronluqda, ya rüşvətxorluqda, ən pis halda isə dövlət çevrilişində təqsirləndirilir. İşin betər cəhəti budur ki, bu kimi naqis əməllərin sahibləri inləyən xalqın yanında olanları ittiham edib həbs edirlər.
Möhtərəm hakimlər, heç şübhəsiz hesab edirəm ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr üzrə əhəmiyyət kəsb edən işin faktiki halları düzgün araşdırılmamışdır. İşin düzgün həll edilməsi məqsədi ilə mühümlük kəsb edən halların müəyyən edilməsi üçün zəruri şəxslərin dindirilməsi təmin edilməmişdir. Baxmayaraq ki, Avropa konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndi birmənalı olaraq şəxsə onun əleyhinə ifadə vermiş şəxsləri dindirmək, mümkün suallar vermək hüququnu tanıyır. Lakin Lənkəran Ağır Cinayətlər məhkəməsi ədalətli məhkəmə araşdırmasını təmin etməyərək hüquqlarımı kobud surətdə pozmuşdur. Təqsirliliyim birinci instansiya məhkəməsinin hökmündə mötəbər olmayan, ziddiyətli, yolverilməz sübutlarla təsdiq edilmişdir. Haqqımda çıxarılan məlum hökmün Azərbaycan hüquq tarixinə qara hərflərlə düşəcəyinə mən şübhə etmirəm, siz də şübhə etməyin , möhtərəm hakimlər. Bəli, birinci instansiya məhkəməsi tərəfindən siyasi sifariş əsasında baxılan bu işi “teleqram işi” adlandırmışam , heç də səhv etmərəm.
Qeyd etdiyim kimi, işin ədalətli həlli üçün əhəmiyyətli şəxslərin məhkəməyə gətirilməsinə, onlara veriləcək mümkün suallarıma şərait yaradılmamış, əvəzində ibtidai istintaqda ifadələri alınmış qondarma şahidlərin qeyri-müəyyən teleqramları məhkəmədə səsləndirilmişdir. Təsəvvür edin 3-4 nəfər vəzifəli şəxsin ərizə və ifadələri əsaında barəmdə 9 il müddətinə azadlıqdan mərhumetmə cəzası təyin edilir, amma nə ibtidai, nə də məhkəmə istintaqı zamanı onların əksəri ilə üzləşdirilmə aparılmır, müdafiə tərəfinin sualları göydən asılı qalır. Zərdab rayon Mədəniyyət və Turizm şöbəsinin sabiq müdiri Eldəniz Abdullayev bir dəfə də olsun nə Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə, nə də Lənkəran Ağır Cinayətlər məhkəməsinə gəlmədi. Bizim bu məhkəmədə bununla bağlı vəsatətimiz təmin olunsa da yenə Eldəniz Abdullayev məhkəməyə gəlmədi. Çünki dəqiq surətdə ifadə edirəm ki, mühüm işlər üzrə müstəntiq Rəşad Bəşirov təzyiq altında onun ilkin ifadəsini almış, imzalatdırmışdır. Ona görə bura gəlmək istəmir ki, az-çox o, vicdanının səsinə qulaq asır. Məcburi surətdə mənim üzümə durmaq istəmir. Yəqin onun da çəkinəcəyi müəyyən bir şeylər var. Hər halda uzun müddət mühüm bir vəzifədə işləyib. Eyni zamanda Zərdab rayonu Biçaqçı kənd sakini Babək Hacıyev Lənkəran Ağır Cinayətlər məhkəməsində şahid qismində ifadə verərkən üzünü hakimlərə və ittihamşıya tutaraq yüksək səslə belə söylədi: “Göydə Allah var, mən yalan deyə bilmərəm. Mənim Rüfət Səfərovdan heç bir şikayətim , tələbim yoxdur. Rüfət müəllimə pul verib-almamışam. Sadəcə müstəntiq ifadəmi yazdı, oxumağıma imkan vermədən imzalatdırdı…”. Möhtərəm hakimlər, vicdanının səsinə qulaq asıb doğru-dürüst ifadə verən Babək Hacıyevi sonradan polisin müşayəti ilə məhkəməyə gətirib, ibtidai istintaq zamanı müstəntiq basqısı altında verdiyi ifadəni təsdiq etdirdilər. Bu tragikomediya gözlərimizin önündə baş verdi.
Mən nə demişəm? Bildirmişəm ki, korrupsiya, rüşvətxorluq baş alıb gedir. Məgər İlham Əliyev bunu demir? O, da müşavirələrdə tez-tez bunu etiraf edir.
Düzü heç mənə nə qədər məbləğdə rüşvət itihamının irəli sürüldüyünü də dəqiq bilmirəm. Açığı mən istefa qərarımı verəndə ani olaraq fikirləşdim ki, ilin sonudur, bəlkə biraz gözləyim, burda prokrorluq işçisi var o, dəqiq bilir, ilin sonunda bizə mükafatlar, 13-cü əmək haqqı və əlavə xərclərə görə pul verolir. Bu təxminən 4000 manata yaxın bir məbləğ təşkil edirdi. Bu mənim halalca əmək haqqım idi. Amma mən bundan da imtina edərək öz istefa qərarımı elan etdim. İndi siz düşünün, öz halal pulundan imtina edən, başqasının haram puluna necə göz dikər?
Mən nə sizin, nə də özümün vaxtımı uzun-uzadı almaqdan uzağam. Hüququn yerimədiyi cəmiyyətdə hər nə qədər öz təqsirsizliyimi ortaya qoysam da bilirəm ki, yekun qərar gələn siyasi sifarişdən asılıdır.
Yəqinliklə bilirəm ki, Milli Şuranın 11.09.2016-cı il tarixə təyin etdiyi mitinqdə iştirak edəcəyimə dair bəyanatıma, sabiq səhiyyə naziri Əli İnsanovun müdafiəsi ilə bağlı müsahibəmə görə ikinci dəfə zindana atıldım. Fəqət qətiyyən pəjmürdə deyiləm!

“…ruhum əbədi olaraq xirtdəyinizdə oturacaqdır!”

Fürsəti fövtə verməyib buradan Azərbaycan xalqına xitab etməyi özümə borc bilirəm: Yejovlar, Yaqodalar, Beriyalar tarix və süurlarda özlərinə necə yer qazanıblarsa, Qaralov və onun kimilər də eyni aqibəti yaşayacaqlar! And olsun yerin və göyün sahibi bir olan Allaha ki, səmimi surətdə ifadə edirəm, işim-gücüm, kariyeram, azadlığım, həyatım, bir sözlə hər şeyim qurban olsun xalqıma!
Bu əsnada məni söndürmək istəyənlərə də bir vacib mesajım vardır: akademik Ziya Bünyadovu, jurnalist Elmar Hüseynovu güllələyib susdurduğunuz kimi, müstəntiq Rüfət Səfərovu da qətlə yetirmək əlinizdədir. Lakin unutmayın, bu halda ruhum əbədi olaraq xirtdəyinizdə oturacaqdır!
Azərbaycanda hüquqa dayanan dövlət qurulanadək, vətəndaşa söykənən cəmiyyət bərqərar olanadək bir hüquqçu olaraq əlimdən gələni və gəlməyəni əsirgəməyəcəm. Gələcək nəsillər önündə məsuliyyət hissin daşımaq gərəkdir!
Sonda məni müdafiə edən bütün insanlara, başda dəyərli ziyalımız Eldəniz Quliyev olmaqla hüquqlarımı müdafiə edən komitənin sayğıdəyər aydınlarına , təkrarsız informasiya dəstəyi verən azad mediaya, xüsusi ilə ibtidai istintaqdan bəri bütün mərhələrdə mənimlə birgə olan “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan bəyə, keçmiş siyasi məhbuslar- Əvəz Zeynallıya, Tofiq Yaqubluya, Pərviz Həşimliyə və heç şübhəsiz əzəli dostum, bütün varlığı ilə təmənnasız müdafiə işimi quran Bəhruz bəyə dərin minnətdarlığımı ifadə edir, burada əyləşən atam Eldar Sabiroğluna acizanə surətdə xahiş edirəm: Ata, məni bu dəmir barmaqlıqlar arasından çıxarmaq, bu vəya digər formada dəstək vermək barədə qəti düşünmə. Mənə ən böyük dəstəyin ürəyinin ağrımaması ola bilər. İnan. Yerdə qalan işlər, inşaallah, zamanla düzələcək!”

Məhkəmədə şüarlar səsləndirildi

Məhkəmə müşavirədən qayıdıb, apellyasiya şikayətinin təmin olunmaması, hökmün qüvvədə saxlanılması barədə qərarı elan edib.
Qərar elan olumduqdan sonra Rüfət Səfərov “Rədd olsun diktatura, yaşasın demokratiya! Rədd olsun İlham Əliyevin diktorura rejimi” kimi şuarlar dəsləndirib.

Məhkəmədə ABŞ səfirliyinin siyasi məsələlər üzrə nümayəndəsi, Rüfət Səfərovun hüquqlarını müdafiə komitəsinin bəzi üzvləri, Şirvan şəhərindən gəlmiş AXCP və Müsavat partiyasının nümayəndələri də iştirak edib.

Təzəxan