Kimin harası ağrıyır

Əli Əhmədovun menyüsünə
Həkim olmasam da ağrının nə olduğunu bilirəm. Hamımız ağrı çəkmişik. Bunun ağırı, yüngülü var. Yəni insan canlı varlıq olduğundan ağrı qaçılmazdır. Gec ya tez yaxalayır adamı.
Amma Azərbaycan cəmiyyətində daha çox mənəvi ağrılar adamlara əziyyət verir. Bu ağrını çəkmək üçün çimdik boyda vicdan yetərlidir. O varsa, xoşbəxt həyatdan danışmaq yersizdir. Addımbaşı pozulan hüquqlar, ölkə vətəndaşlarının hər an aşağılanması, insan yerinə qoyulmaması, mülkiyyət hüququnun pozulması… sıranı artırmaq da olar, bütün bunlar gündəlik həyat normasına çevrilib. Bu gün kəndlər var ki, toyuq başı kəsməyə, ölüləri dəfn etməyə kişi tapılmır. Vicdanı olan kimsə bundan əzab çəkməzmi?
Regionların inkişafından ağızdolusu danışılır. Amma o inkişaf Heydər Əliyev heykəllərinin qarşısındakı parka döşənmiş daşları ildə bir neçə yol dəyişməkdirsə, bundan insanlara nə. Ölkəyə axan milyonların, büdcədən “inkişaf”a ayrılan pulların əhalinin durumuna zərrə qədər faydası yoxdursa, bizim kiməsə moizə oxumağımıza bir quş. Adamlar yenə oğlunun yaxşı hərbi hissəyə düşməsinə pul xərcləyirsə, onun komandirinə pul, yaxud kontur göndərirsə, yenə də sonuncu sırada dayanan məmurlar rüşvət alarkən yaxalanırsa, bunun korrupsiya ilə mübarizəyə nə dəxli.
Jurnalistlərin müxtəlif tədbirlərdə apardığı bir müşahidəni yada salım. Bu gün inkişafdan, uğurdan, eyni zamanda “mədə” problemlərindən danışanlar həmin tədbirlərdə acgöz aslana dönürlər. Bunu görmək gərəkdir…
“Mədə” məsələsinə Əli Əhmədov da dünənki müsahibəsində toxunub. Kimin harası ağrıyırsa, orasından danışması köhnə söhbətdir. Bunun üstündən keçək. Sən demə, bu hakimiyyətin ən ağrılı yeri Qarabağ imiş. “Demokratiya naminə oxu” kampaniyasının tədbirlərində hakimiyyət nümayəndələrinin, yaxud onların göndərdiyi adamların bizə əsas iradı o idi ki, biz niyə Qarabağ məsələsindən danışmırıq, bir milyon qaçqının problemlərini dilə gətirmirik. Əvvəla bu bir milyon məsələsinə aydınlıq gətirmək gərəkdir. Bu rəqəm şişirdilib, məhz korrupsiya səbəbindən. Istər xaricdən alınan yardımlar, istərsə də büdcədən ayrılan vəsaiti mənimsəmək üçün say çoxluğu bunların işinə yarayıb. Bundan başqa, statistika aparılsa, görərik ki, həm də qaçqınlar arasında ölüm faizi doğumu üstələyib. Bunun səbəbləri də 20 illik torpaq həsrəti, çoxlarının bu dərdi çəkə bilməməsi, hakimiyyətin ürək parçalayan yalançı vədləri o adamların, sözün birbaşa mənasında, axırına çıxıb. Qaçqınlar basdırılan istənilən qəbiristanlığa baş çəkib başdaşı yazılarına, doğum-ölüm tarixlərinə baxmaq yetərlidir.
Bəlkə Ermənistan prezidenti ilə danışıqları biz aparırıq, bəlkə “münaqişənin həlli variantları”nı biz xalqdan gizlədirik. Bəlkə “gələn bayramı Qarabağda keçirəcəyik” vədini illərdir xalqa biz sırıyırıq…
Geniş yayılmış bir əhvalatı xatırlatmaq istəyirəm. Bərdədə məskunlaşmış qaçqınlara növbəti yardımın paylanmasında Almaniyadan gələnlər də iştirak edir. Aldığı yardımın əvvəlkilərdən qat-qat çox olduğunu görən qoca qadın bunu kimin verdiyi ilə maraqlanır. Ona başa salmağa çalışırlar ki, yardımı gətirən və paylayan almanlardır. Qoca qadın “alman” sözünü başa düşməyəndə anlaşıqlı olsun deyə bildirirlər ki, bunu nemeslər gətirib. Qadın hiddətlənir: “Nemes onlar deyil, nemes payımızı oğurlayanlar, bizimkilərdir”.
Söhbət Əli Əhmədovun təmsil olunduğu komandadan gedir. Mədəsi həmişə boş olan, heç vaxt doymayan komandadan…