Kredit borcu olanlara, təhsil haqqı ödəyənlərə niyə güzəşt edilmir?
Hökumət qərara gəlib ki, vergi amnistiyası elan etmək lazımdır. Artıq qanun layihəsi Milli Məclisə təqdim olunub. Sənədə əsasən, vergi amnistiyası 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunacaq. Qeyd edilən dövrədək vergi borcu olan şəxslər 2017-ci ilin yanvar ayında borcunun 30, fevral ayında 50, mart ayında isə 70 faizini ödəyərsə, borcun qalıq hissəsi bağışlanacaq.
Xeyli müddət vergi borcu olanların ölkədən çıxışına qadağa qoyuldu və bu yolla vəziyyəti düzəltməyə çalışdılar. Daha sonra aliment borcu, kredit borcu olanların, kredit götürənə zamin duranların da ölkədən çıxışına qadağa qoyuldu. İndi hökumət ayılıb ki, minlərlə sahibkarı ölkədə girov saxlamaqla büdcəyə pul yığmaq olmaz. Ona görə də müəyyən stimulverici addımlar atmağa başlayıblar. Əlbəttə ki, bu amnistiya da vəziyyəti dəyişməyəcək. Bu gün sahibkarlar vergi borcunun 70 faizini də ödəməyə qadir deyillər. Hər ay ölkədən böyük pullar çıxır və heç kim bu ölkəyə sərmayə yatırmaq istəmir.
Amma toxunmaq istədiyimiz əsas məqam hökumətin uzunmüddətli təbliğatının ifşasıyla bağlıdır. Uzun illərdi ki, Azərbyacanda sahibkarlara münbit şərait yaradıldığının, dövlət dəstəyinin olduğunu tirajlayırlar. İndi isə etiraf edirlər ki, vergi borcu olanlar 70 faiz ödəniş etsələr, yenə də 600 milyon borclu qalırlar. Deməli, sahibkarların vergi borcu təxminən 2 milyarda yaxındır. Faktiki olaraq sahibkarlıq üçün ölkədə şərait yoxdur və sahibkarlar mənfəət əldə edə bilmirlər.
Amma borclular təkcə bununla yekunlaşmır ki. 2.5 milyon vətəndaş banklara kredit borcu ödəyir. Onminlərlə vətəndaş lombardlardan borc götürüb, şəxsiyyət vəsiqəsini, pensiya kartını girov qoyub borc götürənlər var, mağazalrın “nisyə dəftəri”nə adı yazılan onminlərlə insan var. Yəni, ölkə bütövlükdə borc bataqlığına çevrilib. Üstəlik də, 25 milyarda yaxın xarici borc yükü var.
Məsələnin başqa tərəfi də var. Hökumət özünə lazım olanda güzəştlər etməyə, amnistiya qərarı verməyə hazır olur. Yəni, özlərin əməxsus bankın sağlamlaşdırılmasına milyardlar xərcləyirlər, sürətli pul yığmaq üçün sahibkarlara vergi amnistiyası tətbiq edirlər, amma sadə vətəndaşa belə bir güzəşt yoxdur.
Dollarla krediti olanlara güzəşt etmədilər və “banklar xeyriyyə cəmiyyəti deyil”, “güzəşt etsək maliyyə intizamı pozular” bəyanatı verdilər. Təhsil haqlarına görə tələbələrə güzəşt etmədilər, ağır böhran şəraitində qazın, işığın qiymətini qaldırdılar və artımın faizində də güzəşt etmədilər. Rəqəmsal yayıma keçdilər və “dekoder”ləri 35-40 manata satışa çıxardılar. İlkin qiyməti 22 manat müəyyən edilsə də, vətəndaşa sona qədər bu qiyməti də güzəşt etmədilər.
Başqa ölkələrdə bunun nümunəsini gördük. Vətəndaşların kredit borcu birdəfəlik bağışlandı, köhnə kursla hesablandı və.s Bizim hökumətimiz isə yalnız pis nümunələri tətbiq etməyi xoşlayır.
İstənilən halda etiraf olunan rəqəmlər göstərir ki, vətəndaş ödəmə qabiliyyətini itirib, sahibkarlar müflis durumdadır və anti-milli siyasət davam edir.
Akif