Azərbaycan Avropa standartlarına uyğun gəlmir

Avstriyanın «Der Standard» qəzeti bu dəfə ölkəmizdəki «şəxsiyyətə pərəstişdən» yazdı

«KQB» rəhbərinin sonradan müstəqil Azərbaycan dövlətinin banisi elan edilməsi tarixin ironiyasıdır»

Avstriyanın nüfuzlu “Der Standard” qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub. “Fərqli Eurovision” adlı məqalədə ölkəmizin musiqi yarışmasına hazırlığı fonunda Azərbaycanda insan haqları və demokratiyanın bərbad halda olduğu vurğulanır. “Der Standard”dakı məqalədə “Eurovision” yarışmasına ev sahibliyi edən Azərbaycanın özünü Avropa ölkəsi kimi təqdim etməsindən, ancaq bunun belə olmadığından söhbət açılır.

“Azərbaycan Iraq və Əfqanıstandan da geridədir”

“Son iyirmi ildə neft bumu Bakının görkəmini xeyli dəyişib. Burada çoxlu sayda yeni tikililərə, əyləncə mərkəzlərinə rast gəlmək olar. Şəhərdə qadınlar daha çox Avropa üslubunda geyinir. Tıxaclı küçələri olan paytaxtda gecə yarıyadək şəhərin mərkəzində azyaşlı uşaqlarla gəzən ailələri görmək olar. Ötən il gözlənilmədən ”Eurovision” yaşımasında qələbə qazanan Azərbaycanda yeni tikilən “Cristal Hall”da şənbə günü bu yarışmanın finalı keçiriləcək. Bununla da Ilham Əliyevin rəhbərlik etdiyi Azərbaycan hakimiyyəti ölkəni azad, plüralist cəmiyyətli Avropa dövləti kimi təqdim etmək şansı qazanıb. Müxalifət, QHT-lər və Qərb təşkilatları ölkədə repressiyaların olduğunu, söz azadlığının boğulduğunu deyir. “Sərhədsiz reportyorlar” təşkilatının hesabatında söz azadlığının vəziyyətinə görə, Azərbaycan 152-ci yerdə dayanır. Azərbaycan bu məsələdə, hətta Iraq və Əfqanıstandan da geridədir”, – deyə Avstriya qəzeti yazır.

“Hər yerdə Heydər Əliyevin şəkilləri, büstləri var”

Azərbaycanın Avropa standartlarına uyğun gəlməməsinin sübutu kimi isə, müəllif bu ölkədə Heydər və Ilham Əliyevlərin şəxsiyyətinə olan pərəstişi göstərir. “Der Standard” vurğulayır ki, ötən əsrin 70-ci illərində “KQB”nin rəhbəri olan şəxsin sonradan müstəqil Azərbaycan dövlətinin banisi elan edilməsi tarixin ironiyasıdır: “Heydər Əliyevin şəkillərinə hər yerdə rast gəlmək olar. Bütün dövlət müəssisələrində isə şəkillə yanaşı, onun güllərlə bəzədilmiş büstləri də var”.
Məqalədə həmçinin 2003-cü ildə Heydər Əliyev ağır xəstə olarkən Ilham Əliyevi varis təyin etməsindən də bəhs olunur.
Bundan başqa, Azərbaycanda söz azadlığının bərbad durumda olması da müəllifin diqqətindən yayınmayıb. “Der Standard” yazır ki, ölkədə müxalifətçilərlə yanaşı, altı nəfər jurnalist də hazırda həbsdədir. Ancaq Prezident Administrasiyanın rəsmisi Elnur Aslanov heç bir jurnalistin yazısına görə həbs olunmadığını deyir. Onun sözlərinə görə, həmin jurnalistlər “qanunsuz əməllərə”, böhtan və təhqirə görə həbs olunublar.

Isveçin “Eurovision” təmsilçisi nəyə heyrətlənib?

“Der Standard” qəzetində Azərbaycanın musiqi yarışmasına hazırlığı, ölkədə insan haqlarının durumuyla yanaşı, Isveçin “Eurovision” təmsilçisi, müğənni Loren haqqında da yazılıb. Məqalədə qeyd olunub ki, yarışmaya ev sahibliyi edən ölkədə insan haqlarının durumuna diqqət yetirənlərdən biri də Lorendir. Onun “Eyforiya” mahnısı yarışmanın favoritləri sırasındadır. O, Bakıda yerli QHT-nin ofisində bu ölkədə insan haqlarının durumundan bəhs edən fotolara baxanda elə heyrətlənib ki, tez-tez “inanılmazdır” deyə pıçıldayırmış. Lorenin meneceri isə “Der Standard”ın müxbirinə deyib ki, foto-sərgidə iştirak etmək Isveç təmsilçisinin öz istəyi olub.
Məqalənin müəllif foto-sərginin keçirildiyi məkana gələrkən Lorenin yolda üzləşdiyi “əziyyətləri” belə təsvir edib: “O, yerli QHT-nin ofisinə çatmaq üçün çirkli və yaş həyətdən keçməli oldu. Mənfi təəssüratlar altında saysız suallar verən Loren öz qiymətli vaxtından saat yarım sərf etdi. Onun narazılığı açıq görünürdü. Dağıdılmış binaların şəkillərinə baxır, ”Demokratiya naminə oxu” kampaniyasının üzvləri ilə görüşmək istəyirdi. Hələ ki, Loren “Eurovision”ın 42 iştirakçısından insan haqları uğrunda mübarizə aparanların çağırışına səs verən yeganə adamdır. Avstriya təmsilçisi Trakşittaz isə bu ölkədə baş verənlərlə bağlı hələ ki, heç bir fikir bildirməyib”.

Siyasət şöbəsi