Dekabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O bildirib ki, təqsirləndirilən şəxslərin cinayəti istintaq və məhkəmə zamanı sübuta yetirilib. Onun sözlərinə görə, yanğına binanın keyfiyyətsiz üzlüklə üzlənməsi səbəb olub. Prokuror çıxışında Miryusif Mahmudovun 10 il, Ələkbər Əsgərovun 7 il, Uğur Bəşirovun 8 il, Qəzənfər Novruzovun 7 il, Ədalət Rəcəbovun 7 il, Nizami Orucovun 5 il , Ağacavad Məmmədovun 5 il və Akif Əlibəyovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə iclası dekabrın 29-da davam etdiriləcək. (Meydan TV)