“Saxta profil yaradanlar təkcə sadə vətəndaşlar deyil ki, dövlət məmurları da var”. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” Mərkəzinin direktoru Osman Gündüz “Qafqazinfo”ya müsahibəsində deyib. Osman Gündüzün ehtimalına görə, məmurlar bu yolla kimlərəsə informasiya ötürür. “Bu yolla onlara çəkindirici bir mesaj verilir”, – deyə o bildirib.
Osman Gündüzün bu fikirləri bəzi mülahizələrə səbəb olub. Nəzərə alsaq ki, Azərbaycan məmurlarından bəzilərinin adları hansı ölkələrə, yaxud xarici kəşfiyyat qurumlarına məlumat ötürməkdə hallanıb, o zaman Osman Gündüzün iddiasını ağlabatan hesab etmək olar. Mümkündür ki, məmurlar saxta facebook hesabları ilə həm yerli, həm də beynəlxalq mediaya rəqibləri barədə kompromatlar ötürür. Yaxud da hansısa xarici kəşfiyyat orqanı ilə təmas qurur. Hər halda Azərbaycanın xüsusi xidmət orqanları Osman Gündüzün bu fikirlərini qəribçiliyə salmamalıdır.
Qeyd edək ki, bir müddət əvvəl maliyyə naziri Samir Şərifova qarşı üçtərəfli agent ittihamı irəli sürülmüşdü. İddia edilirdi ki, maliyyə naziri ABŞ, Türkiyə və Rusiya xüsusi xidmət orqanları ilə işbirliyindədir.