Maraqsız ölkənin maraqları

Allahın JEK müdirinin də jurnalist sorğusuna cavab vermədiyi ölkədə bu saat “Azərbaycanın marağına cavab vermək” söhbəti baş alıb gedir.
Mitinqlər Azərbaycanın marağına cavab vermir. Piketlər Azərbaycanın marağına cavab vermir. Xalqın 70 faizinin aclıqla vuruşmasının Azərbaycanın marağına cavab verib-vermədiyini bilən yoxdur, bircə o bilinir ki, aclıq aksiyası Azərbaycanın marağına cavab vermir.   
Insanları fərqli fikirlərinə, konstutision əyləmlərinə görə həbsə atmağın Azərbaycanın maraqlarına cavab verib-vermədiyindən danışan yoxdur. Amma bu dəqiqdir ki, onlara azadlıq istəmək Azərbaycanın maraqlarına cavab vermir.
Rejimin və onun züytutanlarının heç biri hələ indiyədək adam dilində izah etmirlər ki, onlar üçün “Azərbaycanın maraqları” nədir? “Azərbaycanın maraqları” deyəndə onlar nəyi nəzərdə tuturlar? Məsələn, dünya standartlarına cavab verməyən körpü tikmək Azərbaycanın maraqlarına cavab verirmi? Demirlər. Tutuquşu kimi eyni cümləni ötür hamısı, bir-birinin ağzına tüpürübmüş kimi eyni sözləri təkrarlayıb dururlar: “Azərbaycanın maraqlarına cavab vermir”.
Çıxıb soruşsaq, məsələn:
Ofşor zonalarda şirkət yaradıb, sonra xalqın yer altında, yer üstündəki bütün sərvətlərinə əl qoymaq, özününküləşdirmək…
21-ci əsrdə milli iradəni heç saymaq, tək adamın iradəsinə tabe olan idarəetmə sistemi qurmaq…
Uğrunda qanlar tökülən, canlar verilən Respublikaçılığı Monarxiya ilə əvəzləmək…
Parlamenti seçkili orqandan təyinatlı orqana çevirmək Azərbaycanın maraqlarına cavab verirmi, ən yaxşı halda susacaqlar. Cavab verməyəcəklər. Özləri bizim haqlı suallarımıza cavab vermirlər, amma “Azərbaycanın maraqlarına cavab vermək”dən dəm vururlar.
Yaşadığımız çağda bir ölkənin demokratiyadan, insan haqq və azadlıqlarına meydan tanımaqdan böyük marağı ola bilməz. Mədəni, modern dünynın bir parçasına çevrilmək, çağdaş dəyərlərə sahiblənməkdən böyük marağı ola bilməz. Əgər indi sizin atdığınız hər addım, tutduğunuz hər əməl o marağı tapdayıb keçirsə, bütün Azərbaycanı bir ailənin maraqlarına təslim etmisinizsə, bunun günahı bizdədirmi? Biz neyləyək ki, korrupsiyasız Azərbaycan, rüşvətsiz, oliqarxlarsız Azərbaycan sizin maraqlarınıza cavab vermir? Ədalətli seçki, azad söz sizin maraqlarınıza cavab vermirsə, buna biz neyləyək? Biz neyləyək ki, siz Azərbaycan deyəndə bir ailəni nəzərdə tutursunuz? Bunun günahı bizdədirmi?
Bizim üçün Azərbaycan – Əliyevlərsiz Azərbaycandır. Tayfabazlıqdan, yerliçilikdən, təkəlçilikdən xilas olmuş, səfalətdən və cəhalətdən qurtulmuş Azərbaycandır. Indi bu, Əliyevlərin maraqlarına toxunursa, bundan Azərbaycanın maraqlarına nə? Əliyevlərlə Azərbaycanı eyniləşdirirsinizsə, bundan bizə nə?
***
21-ci əsrdə bir ölkəni öz vətəndaşları üçün də, başqaları üçün də maraqlı etməyin tək yolu var: o da azadlıqları hegemon qılmaqdır.
Hüququn üstünlüyünü tanımaqdır.
Ədalətin önünü açmaqdır.
Hər kəsin haqqına sahib çıxmaq, sayğı duymaqdır.
O ölkəni yeknəsəqliyə, yekrəngliyə sürükləməməkdir.
Sayənizdə bu ölkədə yaşamaq maraqsız bir şeyə çevrilib, həyatın dadı-duzu qalmayıb. 20 ildir maraqlı heç nə baş vermir həyatımızda.
Telekanallarınızda belə, maraqlı bir veriliş tapa bilmir adamlar.
Qəzetləriniz nə yazır – heç kimə maraqlı deyil, ona görə də heç kim oxumur.
Və indi siz öz vətəndaşlarınız üçün maraqsız etdiyiniz bir ölkənin hansısa maraqlarından danışırsınız. O maraqlara cavab verməyi tələb edirsiniz hamıdan.
Və biz nə demək istədiyinizi altı il əvvəl “Azərbaycanın  maraqlarına cavab vermədiyi” üçün cəzalandırdığınız gənci bu gün sizin maraqlarınıza cavab verdiyi üçün gözünüz üstdə tutmağa başlamağınızdan gözəl bilirik. Gedin qarnınızı qaşıyın.
***
Hə, bir də lütfən, Azərbaycanın maraqlarına cavab verib-verməyənləri arada bir kənara qoyun, deyin görək, bəs siz Çovdar yatağı haqqında jurnalist sorğusuna niyə cavab vermirsiniz?