Nəqliyyat müfəttişləri daha bir taksi sürücüsünü döydü
Dünən Nəqliyyat Nazirliyinin müfəttişləri daha bir taksi sürücüsünü döyüblər. Bu dəfə hadisə dünən axşam saat 18.00 radələrində Memarlıq və Inşaat Universitetinin yaxınlığında baş verib.
Hadisə şahidlərinin birinin bu haqda “Azadlıq”a verdiyi məlumata görə, 90-AF-380 dövlət nömrə nişanlı avtomaşında olan nəqliyyat müfəttişləri taksi fəaliyyətilə məşğul olan “Mercedes-190″ markalı maşını saxlayıb, sürücüdən zorla sənədlərini almaq istəyiblər. Sürücü bu tələbin qanunsuz olduğunu bildirərək, sənədləri verməkdən imtina edib. Deyib ki, günahı nədən ibarətdirsə, bunu protokollaşdırmaq olar.
Sürücünün “qanunun dililə” danışması nəqliyyat müfəttişlərini özündən çıxarıb. Dörd nəfər müfəttiş təxminən 40-42 yaşlı taksi sürücüsünə zor tətbiq edərək, onu döyməyə başlayıblar. Lakin hadisə şahidlərinin müdaxiləsilə aranı sakitləşdirmək mümkün olub. Bundan sonra döyülən sürücü hadisə yerini tərk edib. Mövzuya qayıdacağıq.
Informasiya şöbəsi


