Azərbaycana yeni iqtisadi model yox, yeni siyasi idarəetmə modeli gərəkdir

Rövşən Ağayev: “Bizim hökumətsə gerçəkdə “yeni iqtisadi inkişaf modeli”nin yox, “sehrli çubuq modeli”nin axtarışındadı”

İqtisadçı ekspert Rövşən Ağayev Neft Fondunun rəhbəri Şahmar Mövsümovun “ölkədə yüksək səviyyəli iqtisadçılar azdır” fikrinə Facebook hesabında münasibət bildirib.rovshan_agayev

– Neft Fondunun rəhbəri Şahmar Mövsümov deyir ki, Azərbaycan yeni iqtisadi model axtarışındadı. Azərbaycanda yaxşı iqtisadçılardan daha çox yaxşı siyasətçilərin, peşəkar məmurların və polittexnoloqoların defisiti var.
Artıq xeyli müddətdi müstəqli iqtisadçılar hökumətə yeni iqtisadi modellə bağlı təklif verib. Bu modelin adı “tarazlı bölgə” inkişafına, azad sahibkarlığa söykənən modeldi.
Amma “tarazlı bölgə inkişafı” hökumətin təsəvvüründə olan “olimpiya mərkəzləri tik, magistral yollar çək, diaqnostika mərkəzləri qur” tipli tədbirlərlə regional inkişaf təbliğatı qurmaqdan ibarət deyil. Tarazlı bölgə inkişafı rəqabətqabiliyyətli regionların yaradılımasını hədəfləyən inkişafdır. Bir ölkədə ki, milli gəlirin 80, ixracın ən azı 95, büdcənin 96%-i ölkə coğrafiyasının cəmi 5%-ni təşkil edən kiçik bir paytaxt şəhərində yaranırsa, deməli, ölkəni iqtisadi börandan çıxaracaq artım nöqtəsi, yeni iqtisadi model üçün çıxış nöqtəsi artıq bəllidir – sadəcə onu görmək üçün peşəkar idarəetməyə ehtiyac var.
Tarazlı bölgə inkişafı yerlərdə insanlara iqtisadi təşəbbüs, siyasi seçim azadlığının, yerli idarəetmədə fəal iştirakçılıq hüququnun, yerli ehtiyacların icra başçılarının ofislərində deyil, icma debat mərkəzlərində müəyyən edilməsi haqqının verilməsidir.
Bu gün bölgədə yaşayan insanların yerli büdcələr vasitəsilə ölkənin icmal büdcəsinin cəmi 0.02%-nə sərəncam vermək, öz dərdlərinə xərcləmək hüququ var. Hələ bu 0.02% üzərində olan hüquq özü də formal hüquqdur – icra başçılarının razılığı olmasa bələdiyyələr nəinki öz kiçik büdcələri üzərində sərəncam vermək, hətta sərbəst hava udmaq haqqına belə sahib deyillər.
Azərbaycan hökuməti dünya təcrübəsində sınaqdan çıxmış, uğur qazanmış bir çox modellərə baxıb nəticə çıxara bilər. Bunun üçün heç həddən artıq çoxlu sayda peşəkar iqtisadçıya ehtiyac da yoxdu. “Sinqapur iqtisadi möcüzəsi”nin müəllif Li Kuan xatirələrində yazır ki, iqtisadi islahatlara az sayda yüksək savadlı iqtisadçılarla başladım. Amma elə məqam olurdu ki, enerjinin tükəndiyini, hədəfə çatmaq üçün ideyalarımızın qıtlığını hiss edirdim. Təyyarəyə əyləşib Harvarda uçurdum, bir müddət yüksək səviyyəli tədqiqatçılardan dərs alıb qaldığım yerdən islahatlara davam edirdim.
Skype erasında bunun üçün heç min km-lərlə uzağa uçmağa belə ehtiyac yoxdu. Sadəcə Li Kuan kimi istəmək, insanları dinləmək, başqalarının, eləcə də özünün uğur və uğursuzluqlarından dərs çıxarmaq gərəkdir.
Bizim hökumət gerçəkdə “yeni iqtisadi inkişaf modeli”nin yox, “sehrli çubuq modeli”nin axtarışındadı.
“Sehrli çubuq modeli”nin mahiyyəti budur ki, təklif olunan iqtisadi islahatlar siyasi sistemdə, idarəetmədə hər hansı dəyişikliklərə səbəb olmamalı, oliqarxiyanın iqtisadi imkanlarının məhdudlaşdırılmasına gətirib çıxarmamalı, hökumətin cəmiyyət qarşısında hesabatlılığının artırılmasını nəzərdə tutmamalıdır.
Etiraf edim ki, gerçəkdən də Azərbaycanda “sehrli çubuq modeli”ni hazırlayacaq yüksək səviyyəli iqtisadçılar defisitdir…