Küləyi şərləyən alim

rovsen-haciyev2Rövşən Hacıbəyli

Yaxud cinayəti pərdələmək özü də cinayətdir

“Son 2 gündə Azərbaycanda qeyri-adi sürətə malik olan küləklər qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya açıqlamasında deyib ki, bu küləklər həm Bakıda, həm rayonlarda, həm də Xəzər dənizində müşahidə olunub. M.Həsənov bildirib ki, Bakıda sürəti 31-32 saniyə/metr olan küləklər əsib və paytaxtda belə küləklərin olması qeyri-adi haldır”.

Alimin bu açıqlamasına kim olmasa da bakılılar – küləklər şəhərinin sakinləri xeyli güləcək, elm adamı sayılan Məhərrəm Həsənovu ən yaxşı halda qınayacaqlar. Bakı küləklər şəhəridir, paytaxtda dekabrın 15-də əsən küləkdən də güclü küləklər əsib. Ağacları kökündən qoparan küləklərin az şahidi olmamışıq, yaddaşını qurdalasa, adı çəkilən alim də bunu xatırlaya bilər. Ən azı internetdə kiçicik bir araşdırma aparıb alimin yalanını çıxarmaq mümkündür.  Məsələn, 2015-ci il dekabrın 4-də “Günəşli” yatağında baş vermiş qəza ilə bağlı dekabrın 6-da mətbuat konfransı keçirilib. Həmin konfransdan FHN-in yaydığı xəbərə baxaq:

“…Baş vermiş hadisə ilə bağlı dekabrın 6-da mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, SOCAR-ın vitse-prezidentləri Xalik Məmmədov, Elşad Nəsirov, Bədəl Bədəlov və digər şəxslər iştirak etmişlər.

Mətbuat konfransında bildirilmişdir ki, dekabrın 4-də əsən güclü küləyin sürəti bəzən saniyədə 38-40 metrə çatırdı. Qasırğa təxminən 27 saat davam edib. Güclü külək nəticəsində dalğaların hündürlüyü 8-10 metrə çatırdı. Qaz quyularından 10-cu platformaya gələn kəmərlərdən birində dalğaların təsiri nəticəsində partlayış baş verib. Partlayışın meydançaya və quyulara heç bir aidiyyəti olmayıb. Qazlift kəmərində baş verən partlayış platformada yanğına səbəb olub” http://fhn.gov.az/newspaper/?type=view_news&news_id=5368.

Akademiyada (həm də Milli) çalışan alim, coğrafiya üzrə fəlsəfə doktoru, İqlim və aqroiqlimşünaslıqla məşğul olan adam ən azı ömrünü verdiyi sahəyə sayğısızlıq etməməlidir, bunlar bir yana qalsın, kimlərinsə məsuliyyətsizliyi ucbatından qəzada itirdiyimiz neftçilərimiz  var və insan taleyi hər şeydən ucada dayanır.

“…Bakıda sürəti 31-32 saniyə/metr olan küləklər əsib və paytaxtda belə küləklərin olması qeyri-adi haldır. Xəzərin adi vaxtda açıq akvatoriyasında küləyin sürətinin 25-28 saniyə/metr olması adi hal hesab olunur. Amma küləyin sürəti 38 saniyə/metrdən yuxarı olması nadir, təsadüfü hallarda qeydə alınan hadisədir. 1969, 1971, 1972-ci illərdə buna bənzər və yaxın hallar olub” deyən alim doğrudan da bu sahə ilə ciddi şəkildə məşğuldursa, internetə baş vurmalı, ona əli yetmirsə, yaxud onunla işləməyi bacarmırsa, qarşısındakı dəftər-kitabı vərəqləməli, sonra belə açıqlama verməliydi. Bu alim 1969-cu ili yada salsa da, nədənsə 1 il qabaq baş verən fəlakəti, o dəhşətli, güclü küləkli-qasırğalığı günü (FHN-in saytından gətirdiyimiz sitat) xatırlamır?! Məqsəd, qəzaya, FHN-in bacarıqsızlığına, hakimiyyətin məsuliyyətsizliyinə haqq qazandırmaqdırsa, o ayrı məsələ, heç nəyə baxmağa, araşdırmağa gərək yoxdur, gözünü yumub ağzını aç, nə istəyirsən danış, hakimiyyətyanlı saytlar sənin dediklərini lokator kimi tutub anındaca yayacaqlar. Ancaq adında alim sözü varsa, gərək dediklərinə, ağzından çıxanın çəkisinə fikir verəsən. Həm də küləkli havada küçəyə çıxmayasan gərək, çünki Bakıda elə “qeyri-adi” küləklər əsir ki, adamın ağlını başından alır…

İndi isə qəza baş verən gün üçün bir rəsmi məlumata baxaq. Həmin “qeyri-adi” havanın olacağı ilə bağlı Milli Hidrometeorologiya Departamenti bir gün qabaqdan – dekabrın 13-də xəbərdarlıq edib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 14-15-də hava şəraitinin kəskin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi, bəzi yerlərdə arabir intensivləşəcəyi, dekabrın 14-də axşam, 15-də çovğun olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə  aşağı enəcək”.

Bu məlumatlar dənizdəkilər üçün də verilir, istər SOCAR, istərsə də başqa əlaqədar qurumlara çovğun olacağı ilə bağlı qabaqcadan xəbər göndərilir. Bunun da mənası odur ki, dənizdə olanların, o sıradan neftçilərin təhlükəsizliyi təmin edilsin. Yəni bu cür alimlərin sonradan analoqu olmayan küləklə bağlı verdiyi açıqlamalar çox mənasız və ucuzdur. Bu alimin APA-da gedən açıqlamasına FB-də göstərilən reaksiyalarısa adekvat cavab saymaq olar, inciməyə özünüz yer qoymamısız, hörmətli alim, cinayətə haqq qazandırmaqla…