Ekspertlərə görə, Mərkəzi Bank baş verənlərə real qiymət verməlidir
Qlobal bazarların səbirsizliklə gözlədiyi kritik qərar açıqlandı. ABŞ Mərkəzi Bankı (FED) uçot dərəcəsini gözənildiyi kimi 0,25 faiz bəndi artıraraq 0,25% – 0,50% aralığından 0,50%- 0,75% aralığına qaldırdı. FED 2017-də 3 dəfə faiz artırımı gözləyir.
FED-in faiz qərarından sonra dollar bahalaşır. Avro/dollar məzənəsi yenidən 1.05 səviyyəsinə düşüb.
Qeyd edək ki, FED-in faiz artıracağına 100% ehtimal verilirdi. Bu səbəbdən dollar güclənməkdə idi. Əgər FED gələn il faiz artırmaqda daha sürətli davam edərsə dollar da bahalaşmaqda davam edə bilər.
Bəs, bu qərar onsuz da ağır günlərini yaşayan manata necə təsir edəcək? Hazırda dolların məzənnəsinin manata nisbətdə yüksəlməsi, banklarda dollar satışı ilə bağlı yaşananlar heç də ürəkaçan perspektiv vəd etmir.
Mərkəzi Bank FED-in bu qərarını özünə məxsusformada şərh edib. MB-yə görə, FED-in qərarının manata elə ciddi təsiri gözlənilmir
Mərkəzi Bankdan FED-in qərarına reaksiya
ABŞ Federal Ehtiyat Sisteminin (FED) qəbul etdiyi son qərardan sonra dünya bazarlarında dolların məzənnəsinin bahalaşması ilə bağlı gözləntilər aktualdır. Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Məlumatda qeyd edilib ki, bu proseslərin ölkəmizin valyuta bazarına gözlənti kimi psixoloji təsirləri istisna olunmur: “Lakin, buna iqtisadi əsas yoxdur. Belə ki, hazırda ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı büdcə ehtiyacları üçün neft transferlərinin məbləğindən asılıdır. Ümumilikdə, ABŞ-ın FED-in faizlə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir. Azərbaycan isə iri həcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından FED-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir. O cümlədən, bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur”.
Tənzimləyicidən o da bildirilib ki, Azərbaycan kimi ölkələrə FED-in qərarı orta və uzunmüddətli dövrdə təsir göstərə bilər: “Bu təsirləri qabaqlayıcı rejimdə tənzimləmək üçün Azərbaycan hökuməti və Mərkəzi Bankı adekvat makroiqtisadi sabitlik tədbirləri görür və bundan sonra da görəcək”.
Nemət Əliyev: “Situsiyaya uyğun olaraq addımlar atılmalıdır”
İqrtisadçı Nemət Əliyev hesab edir ki, dolların uçot dərəcəsini artırması ilə manata psixoloji təsir yüksələcək. N.Əliyevin sözlərinə görə, bu eyni zamanda daxili valyuta bazarında dollar tələbin daha da artması ilə müşahidə ediləcək. Ona görə, MB bütün potensial senarilərə hazır olması vacibdir. Amma MB-nin baş verənlərə verdiyi şərh reallıqdan uzaqdır: “Necə ola bilər ki, dolların sahibi uçot dərəcəsini qaldırsın və bu addım digər valyutalara təsir etməsin. Bunu düşünmək məsuliyyətsizlikdir. Manat onsuz da hazırda ağır günlərini yaşayır. Buna səbəb də yürüdülən yanlış iqtisadi siyasətdir. FED-n qəbul etdiyi qərar da dolların manata təzyiqini bir qədər də artıracaq. Belə bir vəziyyətdə reallıq düzgün qiymətləndirilməli və situsiyanın tələb etdiyi addımlar atılmalıdır”.
N.Əliyev onu da bildirdi ki, bu qərar MB-nin rezervlərinə də təsir edəcək. Azərbaycanın valyuta ehtiyatlarının bir qisminin dollar şəkilində saxlanıldığını deyən N.Əliyev vurğuladı ki, dolların dəyərə minməsi həmin ehtiyatların da dəyər qazanması anlamına gəlir: “Bu əslində bir imkandır. Kaş ki, hökumət özündə iradə tapıb həmin imkanları Azərbaycan iqtisadiyyatının stimullaşdırılması üçün istifadə edə bilə. Amma bunlar arzu və istəklərdir. Konkret olaraq hökumətin nə edəcəyini zaman göstərəcək”.
Xəyal