Yeni xəyanət mövsümünün adi həqiqəti

Bir ara bu YAP-çıların özlərini necə apardıqlarını xatırlayırsınızmı?
Göylə gedirdilər. Ayaqları yerə dəymirdi. Uçurdular. Buludlarda süzürdülər. Illərdir davam edən işğalın, istilanın təntənəsini yaşayırdılar.
Artıq heç bir gücün onların qarşısında dayana bilməyəcəyinə…
Bu müqəddəs Vətən torpaqları üstündə istədikləri kimi at oynadacaqlarına…
Bundan sonra qılınclarının dalının da, qabağının da kəsəcəyinə…
Kimsənin çıxıb da onlara “qaşın üstə qara var” deyə bilməyəcəyinə özlərini o qədər inandırmış, çoxlu neft pulları gözlərini o qədər örtmüş, qurdla qiyamətə qalacaqlarına o qədər əmin olmuşdular ki, artıq bu toplum bir yana, düz-dünyaya meydan oxumağa başlamışdılar.
Bir yandan da ən optimist insanlarda belə, dəyişikliklərə ümid işığı sönməkdə idi.
Ilham Əliyevin adını çəkmək hardasa mümkünsüzə çevrilmişdi.
Tənqidin dozası az qala sıfırın altına düşmüşdü.
Inanılmaz bir qorxu, bir xof altında əzilirdi insanlar.
Iş o yerə çatmış, yaptokratların qalib ədası o qədər güclənmişdi ki, özünü rejimə təklif edənlərə belə artıq gözlərinin ucu ilə baxmırdı Ilham Əliyev, Ramiz Mehdiyev.
Çingiz Dəmiroğlunun, Tahir Kərimlinin aqibətini xatırlayın. Dörd il əvvəl 180 dərəcə dönüb Ilham Əliyevə vəkillik etməyə başlayan bu adamlar indi peşmançılıq dolu müsahibələr verir, etdikləri dönüklüyün qarşılığını almamalarından şikayətlənirlər.
Niyə?
Çünki rejimin xalq, demokratiya üzərində zəfər təntənəsi elə bir həddə çatmışdı ki, artıq satqınların xidmətinə ehtiyac da görmürdülər. Fikirləşirdilər ki, bir də niyə əlavə xərc çəkək, onsuz da hər şeyi həll etmişik, Azərbaycan artıq bizim dədə mülkümüzdür, artıq nə demokratiyanın imitasiyasına, nə də müxalifətçi simaları, tənqidçi qələmləri satın almağa ehtiyacımız var.
Amma təxminən il yarımdır ki, vəziyyət kökündən dəyişib. Qələbə təntənələri sınıb. Qalib ədalarından əsər-əlamət qalmayıb. Hər an ərəb irticalarının taleyini yaşamaq qorxusu ilə yatıb-dururlar. Quyruqları qapı arasındadır. Sanki iynə üstündə oturublar – bu gündən sabaha ümidləri yoxdur. 21-ci əsrdə özləri ağılda hakimiyyətlərə yer qalmadığının fərqindədirlər.
Və “insan alveri” yenidən qızışıb. Yenidən aramıza qarmaq atmaqda, bacardıqları qədər müxalifətçi, yazar oğurlamaqdadırlar.
Yeni bir “xəyanət mövsümü”, yeni bir “ov sezonu” başlayıb.
Gözlənilən idi. Boğulan saman çöpündən yapışan kimi, sonunun gəldiyi əndişəsi ilə yaşayan rejimin də müxalifətdə, azad mətbuatda “ova” başlaması təbiiidir.
Əliyevlər irticası çətin anlarda həmişə belə edir. Bu da növbəti o anlardan biridir.
Və əvvəlkilərdən yeganə fərqi artıq bu hənanın o hənadan olmamasıdır.
Istədikləri qədər müxalifətçi oğurlasınlar, artıq bir şeyə yaramır – divar qurtarıb. Yolun sonundadırlar artıq.
Baxın, Qəzzafinin heç müxalifəti də yox idi ki, sıralarından kiminsə ağzına yağ-bal çəkib, qabağına nəsə atsın, amma yenə xilas ola bilmədi.
Artıq xilası qalmayıb tiranların. Despotların qurtuluşu yoxdur artıq!
Ona görə də bu gün YAP-çıların kisənin ağzını açıb çəkdikləri xərcə, qoyduqları mayaya heyf. Hamısı batacaq onsuz da, mənası nədir?
Və ən pisi odur ki, hələ də dirəşiblər, bu adi həqiqəti nə anlamaq istəyirlər, nə də qəbul etmək – artıq özləri batırlar, pulları cəhənnəm!
Mənim könlüm deyir ki…
Siz bu sətirləri oxuyanda 28 May Respublika gününə – Cümhuriyyət bayramına 8 gün qalacaq.
Mənim könlüm der ki, bu il fərqli bir bayram şöləni olsun. Əvvəlkilərindən daha coşqulu, daha həvəsli, daha təntənəli!
Beləcə, rejim Respublikaçılığa nə qədər bağlı olduğumuzu anlasın.
Respublikaçılığa nə qədər sahibləndiyimizi anlasın.
Bu ölkənin heç zaman monarxiya olmayacağını anlasın.
Bazar təbəssümü
Bu gün bazardır. Ağır söhbətlərin ardınca bir balaca da dodağımız qaçsın. Həm gülək, həm düşünək.
Beləliklə, bugünki bazar təbəssümümüz müsavatçı dostumuz Səxavət Soltanlıdan:
“Ilham Əliyevlə Hacıbala Abutalıbov ova gedirlər. Möhtərəm bir neçə dəfə göydəki quşları nişan alıb güllə atır, amma hər dəfə də güllələr ovdan yan keçir.
Hacıbala Abutalıbov: “Hörmətli cənab prezidentimiz, dünyanın möcüzəsinə baxın, quşlar ölüblər, amma yenə də uçurlar”.