«Sərhədsiz Reportyorlar»ın nümayəndəsi «Azadlıq»da oldu

Dünən “Azadlıq” qəzeti redaksiyasının daha bir qonağı “Sərhədsiz Reportyorlar”ın Almaniya bürosunun rəhbəri Inqo Petz olub. Baş redaktorun birinci müavini Rahim Hacıyevlə görüşən I.Petz onunla ölkədəki mövcud ictimai-siyasi vəziyyəti, söz və mətbuat azadlığının durumunu müzakirə edib.
Azad mətbuatın vəziyyətinin hər ötən gün daha da pisləşdiyini qonağın diqqətinə çatdıran R.Hacıyev vurğulayıb ki, azad mətbuata hakimiyyətin təzyiqlərinin artması özünü müxtəlif istiqamətlərdə göstərir: “Ayrı-ayrı məmurların ”Azadlıq” qəzetinə təzyiqləri artıb. Bundan başqa, son dövrlər qəzetin yayımı ilə bağlı ciddi problemlərlə üzləşmişik. Başqa bir problemin “Azadlıq” kimi ölkənin populyar qəzetinə reklamın verilməməsinin olduğunu Inqo Betzlə söhbətimizdə qeyd etdim”.
Eyni zamanda görüşdə vurğulanıb ki, əgər hakimiyyət mətbuatın normal fəaliyyətini istəyirsə, o zaman müstəqil medianın inkişafı üçün normal şərtlər təmin edərdi. Sonda R.Hacıyev beynəlxalq mətbuatda Azərbaycandakı problemlərin işıqlandırılması baxımından “Sərhədsiz Repartyorlar”ın oynadığı rola görə I.Petzə minnətdarlığını bildirib.

Informasiya şöbəsi