Fuad Ələsgərov Arif Hacılını müraciətini şərh etdi

Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov Müsavat Partiyasının Mərkəzi Icra Aparatının rəhbəri, hazırda həbsdə olan Arif Hacılının Ilham Əliyevə müraciətini şərh edib. Fuad Ələsgərov Arif Hacılını “başa düşən müxalifətçi” adlandırıb.
Şöbə müdiri bildirib ki, “Eurovison” ərəfəsində aksiyalar təşkil edən müxalifət əslində provakasiya ilə məşğuldur. Onun iddiasına görə, müxalifət Azərbaycanın uğuruna xələl gətirir. “Halbuki siyasi əqidəsindən asılı olmayaraq Azərbaycan hamımızın vətənidir. Bu uğur hamımızın uğurudur” deyən Fuad Ələsgərov Arif Hacılını nümunə gətirərək əlavə edib ki, bunu başa düşən müxalifətçilər də var. “Arif Hacılı Ictimai Palatanın digər üzvlərindən fərqli olaraq müraciətində ”Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsi, bu populyar yarışmanın ölkəmizdə keçirilməsinin dövlətimiz və millətimiz üçün mühüm hadisə olduğunu bildirir. Bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamdan xalqımızın və dövlətimizin nüfuzunun artması, dünya birliyində yerinin möhkəmlənməsi üçün bir fürsət kimi istifadə etmək zərurətini qeyd edir”, – deyə Fuad Ələsgərov bildirib.  
Xatırladaq ki, Arif Hacılı müraciətində “Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsini, bu populyar yarışmanın Bakıda keçirilməsini mühüm hadisə hesab etdiyini bildirib. O, daha sonra Ilham Əliyevdən xahiş edib ki, Azərbaycanın milli mənafei naminə özü istisna olmaqla, 2 aprel məhbuslarının eyni zamanda yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus hesab edilən şəxslərin azadlığa buraxılması üçün addımlar atsın.