Ziya Məmmədov neçə avtovağzal tiksə, “Nobel” ala bilər?

Dünən sevindirici xəbər aldıq, Bakıda yeni avtovağzal tikirlər. Bundan əvvəlki avtovağzal “Titanik” şəklində idi. Bunun məşhur “Titanik”dən bircə fərqi var idi – orada çoxlu insan batmışdı, burada isə kalan pul batdı, oğurlandı, yeyildi.
Yeni avtovağzal isə piramida şəkilli olacaq – tıpkı “Içəri şəhər” metrosu, “Kristal Hall” kimi. Bunların son vaxtlar piramida şəkilli tikililərə marağının artmasından təbii heç nə yoxdur, özlərini firon hesab edənlərdən, özlərini firon kimi aparanlardan başqa nə gözləmək olar ki?
Onu deyirdim axı, əvvəlki avtovağzal “Titanik”ə bənzəyirdi, adama elə gəlirdi ki, bundan sonra rayonlara avtobusla yox, gəmi ilə gedəcəyik. Əslində bu, heç də pis olmazdı, onsuz da bunların yollara döşədikləri asfalt çox keçməmiş su kimi harasa buxarlanır, yəni bir növ çəkdikləri yollar da gəmilərin hərəkəti üçün əl verir.
Üstəlik, o vaxt deyirdilər ki, bu avtovağzal paytaxtın ehtiyacını tam ödəyəcək. Amma indi məlum olur ki, tam əksinə, yenisinə də ehtiyac var. Bu, əlbəttə, paytaxtın ehtiyacı ilə bağlı deyil, görünür, əvvəlki avtovağzalın inşasından qamarlanan pullar ehtiyaclarını tam ödəməyib.  
Həmin avtovağzalın tam bir korrupsiya şedevri olduğunu söyləmək isə artıqdır. Təsəvvüyr edin, onun inşasını Nəqliyyat Nazirliyi sifariş vermiş, sifarişi nazir Ziya Məmmədovun oğlu uddu, tikintini Ziya Məmmədovun qardaşı Elton Məmmədova aid şirkət həyata keçirdi, ayrılmış vəsaitin xərclənməsini isə yenə həmin nazirin qudası, Hesablama Palatasının sədri Heydər Əsədov yoxladı. Lap axırda da Ziya Məmmədov Ilham Əliyevdən “Şöhrət” ordeni aldı. Əlavə şərhə ehtiyac varmı?
Analoji ssenarinin yeni avtovağzalla bağlı həyata keçəcəyinə də heç bir şübhə yoxdur, bu avtovağzalın da sonunda “Istiqlal” ordenindən-zaddan bir şey gözlənilir.
Gəlin dua edək ki, Ziya müəllim avtovağzal tikə-tikə axırda “Nobel” mükafatı da alsın. Kamal Abdullanın “Nobel” şousu özünə qalsın.  
Iki Əlidən biri
Rejim yandaşlarının özlərini dünyaya gülünc etdikləri, arqumentsizlikdən əziyyət çəkdikləri üçün rüsvay olduqları, nə qədər bilgisiz, savadsız olduqlarını göz önünə sərdikləri “Demokratiya naminə musiqi” adlı beynəlxalq tədbirdə nə demişdi YAP-ın allah qoymasa, bir az abırlı, peşəkar sayılan hüquqşünas-deputatı Əli Hüseynov?
“Hakimiyyət diffamasiya haqqında qanunu qəbul etməyə hazırdır, amma məlum deyil ki, media da buna hazırdırmı?” demişdi. Yəni bir növ o qanunun qəbulunun gecikməsinin suçunu jurnalistlərin üzərinə yükləyib, ölkə mediasının qeyri-peşəkarlığına, çağdaş dünya standartlarının gerisində qalmasına işarə vurub.
Bu isə YAP-ın başqa bir Əlisinin – Prezident Administrasiyasının (“Şah sarayı” desək daha doğru olar) şöbə müdiri Əli Həsənovun Avropa Yayım Birliyinin Cenevrədəki mənzil-qərargahında Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətinə dair keçirilən seminardakı çıxışından sitatdır: “Hazırda Azərbaycanın real həyatında KIV sahəsində dünya standartlarına uyğun plüralist media, elektron və yazılı KIV formalaşıb”.
Qısası, hakimiyyətin iki Əlisindən biri yalan danışır. Amma hansı?
Buyursunlar, aydınlıq gətirsinlər.
Ya da belə çıxacaq ki, yaptokratların yalan danışmaqları öz yerində, onlar hətta doğru danışanda da əslində yalan danışırlar.
Baffet Ilham Əliyevə çata bilməz
Dünən internet sitələrindən oxuyub öyrəndik, məşhur amerikalı milyarder Uorren Baffet bir dəfəyə 63 qəzet alıb, buna görə isə 142 milyon dollar ödəyib.
Azərbaycan saytlarında bunun qeyri-adi xəbər kimi təqdim olunmasına çox güldüm. Bunda heyrətamiz nə var axı?
Bizim möhtərəm Azərbaycanda iki-üç qəzet istisna olmaqla, bütün ölkə mediasını satın alıb. Üstəlik, onun partiya sədri, QHT rəhbəri, hüquq müdafiəçisi, müstəqil politoloq satın almaq kimi fövqəladə qabiliyyətləri var, Baffet onun yanında qələt eləyir.