Ərəb inqilabları zamanı dünya Yəmən prezidenti Əli Abdulla Salehin nümunəsində əsl mistika ilə qarşı-qarşıya qalmışdı. Üsyan etmiş xalq onu ələ keçirmək əvəzinə az qala ağlını itirəcəkdi. Onu dağda axtaranda sorağı arandan gəlir, ölkədə olmadığı iddia ediləndə isə, sarayından xalqa meydan oxuyurdu. Hətta xalq onun sarayını külə döndərən zaman o, sarayda olmasına baxmayaraq, ölümə qalib gəldi, sifətinə qədər yansa belə…
Belə olan şəraitdə çıxış yolunu… dünya astroloqları göstərdilər. Buna görə səmavi şərait (!) də olmalıymış… 69 yaşlı (bax bu, əsl mistikadır – X.Ə.) diktatorun astroloji doğum xəritəsini müəyyən etdilər və məlum oldu ki, bunun üçün Gunəş və Ay ona məxsus qara ay nöqtəsində birləşməlidir. Özü də bu əlverişli birləşmə Mars və Yupiterin, Salehə məxsus olan ortaq akkurantlarında(!) baş verməli idi. Baş verdi və Yəmən xalqı son dəfə ayağa qalxaraq, onu tarixə göndərdi (Yəmən xalqının zülmünə baxın – X.Ə.).
Azərbaycanda da forma müxtəlif olsa da, mahiyyətcə eyni hadisələr cərəyan edir. Hakimiyyət öz xalqına, bütün dünyaya qarşı barışmaz mövqe sərgiləyir, hətta arabir hədələməkdən də çəkinmir. Hətta Yəmən iqtidarından fərqli olaraq, hakimiyyətin Qarabağ boyda(!) alibisi də var. Bu mənada Salehi “şanssız” saymaq olar…
Son bir ildə Azərbaycan hakimiyyəti xarici mətbuatda amansız tənqid atəşinə tutulub. 19 ildir ki, rejimə “mülayim” münasibət göstərən Qərbin səbri tükənib. Ölkədəki korrupsiya, repressiya, qeyri-insani münasibətlər masaya yatırılıb. Dünya Azərbaycanı demokratik görmək istəyir və bu arzu artıq siyasi iradəyə çevrilib. Ölkə rəhbərliyindən demokratik islahatlar tələb olunur.
Bəs Əliyevlər rejimi hansı müdafiə taktikası seçib, onu ittiham edənlərə hansı cavabları verir.
Iqtidarın bu ittihamlara cavabı eynidir – “Bizdə demokratiya var, sadəcə siz onu görmürsünüz, çünki bizə qarşı qərəzli, ikili standartlar sərgiləyirsiniz. Tez-tez Ermənistanın Qarabağı işğal etməsinə göz yumulduğu vurğulanır.
Təəssüflər olsun ki, Qarabağ məsələsi yalnız siyasi hakimiyyət küncə sıxışdırılanda rejimin yadına düşür. “Eurovision” müsabiqəsi devizi ictimaiyyətin müzakirəsinə çıxarılmadan elan edildi. O zaman tənqid az idi, bu səbəbdən də Qarabağ yada düşmürdü. Bu müsabiqənin siyasi xarakterli olduğunu indi dərk elədiniz? Ölkə ərazisinin dörddə biri işğal edilib, bir milyondan çox qaçqınımız var, deviz isə “öz atəşini özün yandır” seçildi. Yəni ey sadə vətəndaş, “öz başına çarə qıl, Avropa bizi dəstəkləyir”. Bu şüar iqtidarın eyforik və məst vaxtlarında qəbul etdiyi deviz idi. Yanıldılar…
Avropa sizi demokratiyaya çağırır, ölkəni fəlakətə sürükləyib bütün sərvətlərini özəlləşdirməyinizi vurğulayır, siyasi məhbusları azad etməyə səsləyir. Niyə bu suallara cavab vermirsiniz?
Millət vəkili Çingiz Qənizadə söz azadlığı, siyasi məhbus, insanların ifadə özgürlüyündən danışan avropalı deputata Qarabağ haqqında sual verməklə özünü qəhrəman hesab edir. Sual olunur, hər addımda haqları tapdanan məcburi köçkünlərin problemləri ilə sonuncu dəfə nə vaxt maraqlanmısınız? “Qaçqınkom” adlı qurum rəhbərlərinin Novxanıdakı dəyəri on milyonlarla ölçülən villalarında kabab yeməyə çağırsalar qaça-qaça gedərsiniz. Onların bu sərvətə necə sahib olduqlarını sizlərdən gözəl bilənmi var?
Siz isə yalnız hakimiyyətdən bu ölkənin insanlarına qarşı ədalət tələb ediləndə Qarabağı xatırlayırsınız, bu işğalı siyasi alver predmetinə çevirməkdən belə çəkinmirsiniz, deyirsiniz ki, susun bu rəzalətlərə, necə ki, biz işğala susuruq. Dolayısı ilə, “rejimə dəstək olun, Qarabağ haqqında danışmayaq, istənilən dəyirmana da su tökək.
Bu, iqtidarın Qarabağ siyasətidir, çox təhlükəli bir mövqeyidir. Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edən Qərbin bunun fərqində olması bizim tək təsəllimizdir.
Qarabağ məsələsinin həlli Azərbaycan demokratikləşmədən mümkün deyil. Bu, mistika deyil, həqiqətdir.

Xalqın problemi – iqtidarın “alibisi”
•