Ahıskalı Əhməd bəy Pepinov
Pepinov familiyası Azərbaycanın şərəfli tarixi ilə bağlı olan soyadlardan biridir. Əhməd Pepinov Xalq Cümhuriyyəti kabinetində yer alan görkəmli bir şəxsiyyət, ictimai xadim olmuşdur. Əvvəlcə Azərbaycan Milli Şurasının, daha sonra AXC Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetinin üzvü kimi fəaliyyət göstərmişdir.
Əhməd Cövdət oğlu Pepinov 1893-cü ildə Ahıskanın Axalkələk şəhərində doğulmuşdur. Ömər Faiq Nemanzadənin bacısı oğludur. Tiflis gimnaziyasını bitirdikdən sonra 1913-cü ildə Moskva Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuşdur. O, öz fakültəsi ilə bərabər iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində “Azərbaycan Həmyerlilər Təşkilatı”nın rəhbərlərindən biri olmuş, “Axalkələkli Əhməd Cövdət” imzası ilə “Açıq söz” qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi “Azərbaycan etnoqrafik konsert gecələri”ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir.
Pepinov siyasi hadisələrdə xüsusi fəallığı ilə seçilmiş, Zaqafqaziyada cərəyan edən proseslərin yaxın iştirakçısı olmuşdur. O, siyasi fəaliyyətini reallaşdırmaq üçün 1918-ci ilin fevralında yeni yaradılan Zaqafqaziya seyminin müsəlman fraksiyasının “Müsəlman sosialist blokuna” daxil olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra “Sosialist fraksiyası”nın üzvü kimi Azərbaycanda önəmli fəaliyyətlərə rəhbərlik etmişdir. 1919-cu ilin dekabrında Əmək və Torpaq naziri vəzifəsini tutan Pepinov Azərbaycanda aprel çevrilişindən sonra mədəni-maarif və nəşriyyat işləri sahəsində fəaliyyət göstərmişdir. 1938-ci ildə repressiya dalğası ondan da yan keçməmiş, Pepinov da bu repressiyaların qurbanı olmuşdur.
Onun həyatı o dövrün Azərbaycan ziyalı nəsli ilə sıx bağlı olan bir dastandır. Hələ Tiflisdə gimnaziyada oxuyarkən Pepinov Mirzə Cəlilin ailəsi ilə yaxınlıq etmiş, “Molla Nəsrəddin” jurnalı redaksiyası ilə sıx əlaqə saxlamış, jurnalın abunəçilər üçün hazırlanmasında, yayılmasında fəal iştirak etmişdir. Görkəmli xadim ömrünün sonuna qədər Mirzə Cəlilin ailəsi ilə dostluq əlaqəsini kəsməmişdir.
Mühüm məsələlərdə imzası olan şəxs
Ə.Pepinov parlamentin fəaliyyətində, o cümlədən bir sıra mühüm məsələlərin, Antanta dövlətləri, Gürcüstan və Ermənistanla münasibətlərin, “Denikin təhlükəsi”nin müzakirəsində təmsil etdiyi sosialistlər fraksiyası adından çıxış etmişdir. O həmçinin bir sıra qanun lahyihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi “Nəşrlər istehsalı haqqında” qanununun hazırlanmasının bilavasitə iştirakçısı olmuşdur. Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın sədr müavini (sədri M.Ə.Rəsulzadə idi) seçilmişdir. Lakin “Hümmət” partiyasının üzvü kimi müəyyən siyasi və iqdisadi məsələlərdə Azərbaycan Demokratik Cumhuriyyəti hökumətinin mövqeyi ilə razı olmamış və onun fəaliyyətini tənqid etmişdir.ÿBakı Dövlət Universitetinin təşkilində (1919) yaxından iştirak edən Pepinov Parlamentdə bu məsələ ilə bağlı müzakirələrin sürətləndirilməsinə, universitetin açılması üçün pul vəsaitinin ayrılmasına böyük əmək sərf etmişdir. Cumhuriyyət dövründə Bakıda təntənəli “Türk gecələri” konsertinin və digər müsabiqələrin təşkili də Pepinovun adı ilə bağlıdır.
O illərdə Milli hökumət 100 nəfərÿ azərbaycanlıÿ gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Pepinovun adı da Parlamentin xaricə göndəriləcək gəncləri müəyyən etmək üçünÿ Məhəmməd Əmin Rəsulzadəninÿbaşçılığı ilə yaratdığı beş nəfərlik (Mehdi bəy Hacınski,ÿƏhməd bəy Pepinov,ÿQara bəy Qarabəyov,ÿAbdulla bəy Əfəndizadə) xüsusi müsabiqə komissiyasına daxil idi. Həmin məsələnin məruzəçisi də Əhməd bəy Pepinov olub. R.Vəkilov, A.Əfəndizadə, R.Ağabəyov kimi deputatlar isə qərarın lehinə səs veriblər. Müzakirələr zamanı Xalq Maarifi naziri Rəşid xan Kaplanov da öz çıxışı ilə həmin deputatlara dəstək verib.
Işğalçı Qırmızı ordunun Bakıya yürüşünü ləngitmək məqsədiləÿ1920-ci il aprelin əvvəllərində Pepinov Parlamentin digər üzvüÿRəhim bəy Vəkilovlaÿ danışıqlar aparmaq üçün Qroznıÿ şəhərinə göndərilmişdir. Aprel işğalından sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etmişdir. Iyirminci illərin dövrü mətbuatında onun çox sayda məqalələri dərc olunmuşdur. Təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur omuşdur. Daha sonra Alma-Ataya (indikiÿ Almatı) köçmüş (1934) Qazaxıstan SSR maarif nazirinin müavini işləmişdir.
“Xalq düşməni” kimi ailəsi də təqiblərə məruz qalıb
Əhməd bəy Pepinov 30-cu illərdə Azərbaycandan köçsə də, bolşevik hökuməti ondan əl çəkməyib. Bu familiyanın daşıyıcıları hər zaman təqiblərlə üzləşib. Hətta o illər repressiyaya məruz qalan şəxslərin dindirmələrində də Pepinovun adı dönə-dönə hallanıb. Məsələn, Tağı Şahbazinin həbsindən sonra istintaqının ilk dörd ayında müstəntiq ondan özünü “ifşa edən”, “günahlarını səmimi etiraf edən” ifadələr ala bilməmişdi. Müstəntiq, hətta onu bir çox adamla üzləşdirsə də, məqsədinə çatmamışdı. Bu üzləşdirmələrdən biri diqqəti daha çox çəkmişdi. 1937-ci il oktyabrın 4-də müstəntiq T.Şahbazini Qubaydullinlə üzləşdirmişdi. Onun ifadəsində deyilir: “Tağı Şahbazinin əksinqilabi işdə iştirakını mən ilk dəfə 1926-cı ildə Əhməd Pepinovdan eşitmişdim. Əhməd Pepinov mənə bildirdi ki, Azərbaycanda əksinqilabi millətçi blok formalaşıb və blok üzvlərindən bir neçəsinin adlarını, o cümlədən Tağı Şahbazinin adını çəkdi. 1927-ci ildə, həmçinin Sultan Qaliyevdən də Tağı Şahbazinin əksinqilabi millətçi təşkilatın üzvü olduğunu öyrəndim…”.
Pepinovun repressiya qurbanı kimi məhrumiyyətlərə məruz qalan ailə üvlərindən biri də qızı Sevda Pepinova olub. Azərbaycanın ilk alman dilli mütəxəssislərindən biri, korifey aktyorumuz Lütfəli Abdullayevin həyat yoldaşı Sevda xanım. O, öz xatirələrində deyir:
“Oÿzaman ÿailəmizin vəziyyəti çox da yaxşı deyildi. Babam Həsən bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini, atam isə Cümhuriyyət hökumətinin əməkÿ naziri Əhməd bəy Pepinov olduğu üçün ailəmiz ”xalq düşməni” ailəsi sayılırdı. 1937-ci ildə atamı güllələmişdilər. Sözsüzÿki, xalq düşməninin qızına o vaxt yaxın düşən yox idi. Amma Lütfəli heç nəyə baxmadı. Onun belə mərdliyi mənə hər şeydən əziz idi. Biz 1948-ci ildə evlənmək istəsək də, bu istəyimiz ancaq 1956-cı ildə baş tutdu. Bu ÿillər ərzində anam rəhmətə getdi, 1955-ci ildə atamın bəraətini aldım. Ondan sonra mənimlə evlənmək istəyənlərin sayı çoxaldı. Ancaq mənim onların heç birinə inamım qalmamışdı. Ona görə də dedim ki, ailə qursam, Lütfəli ilə quracağam. Bir ay nişanlı qalandan sonra, toyumuz oldu. O, hətta icazə vermədi ki, soyadımı dəyişim. Dedi, sənin atanın oğlu yoxdur, öz soyadını daşı.
Nənəm iki il ərzində Lütfəlidən o qədər hörmət gördü ki, rəhmətə gedəndəÿ dediÿki, səndən arxayın gedirəm…”.
Həqiqətən də, Pepinov Azərbaycanda nadir təsadüf olunan familiyalardan biridir. Sevda xanım isə Azərbaycanda ata nəslinin soyadını yaşadan yeganə şəxs idi. Yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra Pepinovlar nəsli haqqında əsl həqiqətlər üzə çıxdı və onların bu ölkə qarşısındakı tarixi xidmətləri etiraf olundu.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir