«2002-ci ildən YAP-a üzvlük haqqı ödəmişəm, kasıb adamam, pula ehtiyacım var, zəhmət çəkib pullarımı qaytarsınlar»
Narkotik saxlama və gəzdirmə iddiası ilə həbs edilən Açıq Cəmiyyət Partiyasının üzvü və Sülh və Demokratiya Institutunun könüllüsü Ilqar Rzayevin hüquqlarını müdafiə komitəsi yaradılıb. Ötən gün Ilqar Rzayevin Hüquqlarını Müdafiə Komitəsi RATI-də mətbuat konfransı keçirdi.
Komitə sədri Ağasif Şakiroğlu I.Rzayevin mayın 11-də narkotik satışı ittihamı ilə həbsə alındığını deyib. A.Şakiroğlu müdafiə etdiyi şəxsin iqtidara kəskin mövqedə duran Sülh və Demokratiya Institutunun əməkdaşı, eks-spiker Rəsul Quliyevin sədri olduğu Açıq Cəmiyyət Partiyasının üzvü olduğunu xatırladaraq, həbsinə də bu mövqeyin səbəb olduğunu deyib: “Ilqar Rzayevin anası Şirinbacı Rzayevanın Ictimai Palatanın mitinqində iqtidarın əleyhinə kəskin danışması oğlunun həbsinə səbəb olub. Bununla yanaşı, Ilqar Bakıda mülkiyyət hüquqları pozulan vətəndaşların hüquqlarını qorumaq sahəsində fəallardan biri olub”.

Məhbusun qardaşı Əli Rza Muxtar həbsi siyasi sifariş adlandırıb, bu həbsin arxasında dövlət başçısının durduğunu iddia edib. Ə.Rza tək qardaşının yox, özü və bütün ailə üzvlərinin həyatının təhlükədə olduğu xəbərdarlığını edib.
I.Rzayevin anası Ş.Rzayeva bu həbsə və mülkiyyət hüququnun pozulmasına etiraz olaraq 2002-ci ildən üzvü olduğu YAP sıralarını tərk etdiyini mətbuat nümayəndələrinin diqqətinə çatdırdı: “Bu iqtidar millətə, xalqa düşməndi. Buna görə də Mən Rəsul Quliyevin sədrlik etdiyi Açıq Cəmiyyət Partiyasına keçirəm. 2002-ci ildən YAP-a üzvlük haqqı ödəmişəm, kasıb adamam, pula ehtiyacım var, zəhmət çəkib pullarımı qaytarsınlar”.
Tədbirdə iştirak edən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri hakimiyyəti Ilqar Rzayevi həbsdən azad etməyə çağırıb.
Qeyd edək ki, Rzayevlər ailəsinin evi ötən ay “Qış bulvarı”na görə sökülən evlər sırasında olub. Onlar alğı-satqı aparmadan Mirzağa Əliyev küçəsində yerləşən evlərindən polisin zor gücü ilə çıxarılıb.
Ramin DEKO


