Laçın haqqında illər öncə yazmışdım. Tarixini unutmuşam. Yanılmıramsa, dəhliz məsələsinin qızğın müzakirə olunduğu vaxtlar idi. Üstündən nə qədər keçib, bilmirəm. Amma bu gün cənnət Laçının işğalından 20 il keçir. Buralarda yaxşılığa doğru heç nə də dəyişməyib. Oralarda isə dəyişən çox şeylər var, deyilənə görə. Sahibsiz ağlayan evlərin yazıq görkəmi, talan olunan kəndlərin yetim halı, adları, yazıları, tarixi dəyişən min illik abidələr…
Yaxın günlərdə Bakıda “Eurovision” təntənələri başlanacaq. Şuşada, Laçında isə erməni daşnakları tarixi torpaqlarımıza düşmən bayrağı sancılmasının 20 illiyini qeyd edirlər. Şəhərlərimizin, qəsəbələrimizin adlarını belə özününküləşdiriblər. Sosial şəbəkələrdə bununla bağlı yayılmış göz dağı verən videoları görmüsünüz. Baxıram ki, bizim Qarabağ “savaşımız” da elə Avropa dəyərlərini anlamadan Avropa layihələrinə qoşulmağa bənzəyir. Bakı 20 faiz torpağı işğal olunan ölkənin paytaxtına bənzəyirmi?.. Cavabını hamımız gözəl bilirik.
Paytaxtımızın maşın tıxaclarından insanın qəlbi sıxılır. Dünyanın ən bahalı, ən son model maşınları burada. Boş qalan, xarabazara dönən Laçın kimin nəyinə lazımdır? Getdikcə kosmopolitləşən bu parlaq şəhər varkən, darda qalan Laçın kimin yadına düşür? Keçmiş silinir, keçmiş yox edilir. Bəlkə də, indi bu, iki tarixi şəhəri yaxınlaşdıran yeganə ortaq nöqtədir elə…
Laçında bircə dəfə olmuşam, 15 yaşımda. Amma bu şəhər yaddaşımda əsrarəngiz bir yaşıllıq tablosu kimi qalıb. Göylərdən asılmış qayalara sığınıb böyük tarixini yaşayan yaşıl şəhər. Lalələrin xalı kimi çöllərə açıldığı yer. Şirin, buzlu suların yanan torpaqlara sərinlik səpdiyi yurd. Məşhur xalq mahnısında deyildiyi kimi: “Can sənə qurban, Laçın!”. Laçın haqqındakı əvvəlki yazımda da yazmışdım – “boş-boşuna can deməklə can qurban olmur ki…”.
Laçının adı ilə qoşa çəkilən bir qəhrəmanı var – Sultan bəy. Böyük bir nəsildən çıxmış xalq qəhrəmanı. Xarici işğala, erməni daşnaklarına qarşı mərdliklə döyüşmüş, qurbanlar vermiş bir nəslin övladı. Rus bolşevikləri ilk demokratik cümhuriyyəti süquta uğratdıqdan sonra sui-qəsddən qurtulub, hərbi nazir olmuş qardaşı Xosrov bəylə Türkiyəyə sığınmaq zorunda qalan igid Sultan bəy. Repressiya olunan ailəsi sürgünlərdə pərişan olan xalq qəhrəmanı. 1955-ci ildə Qarsda dünyasını dəyişib məzarı qürbətdə qalan məşhur Laçın qəhrəmanı.
Əslində, Qarabağ Laçından başlanır. Bunu dəhliz istəyənlər bizdən yaxşı bilir. Zamanında bu torpaqlara sahiblənə bilmədiklərinə görə, indi “səhvləri”ni həmişəlik həll etmək istəyirlər. Axı Qarabağa yol mütləq buradan keçib gedir. Yüz illərdir ermənilər bu torpaqlarla bağlı təxəyyülləri bitib-tükənmir. Biz əldən gedənlərimizdən nə qədər “vaz keçməmişik” desək də, gedən gedir. Geri dönüb itirdiklərimizin arxasınca baxsaq, gözümüz qaralar…
Bilirsiniz, Qədir Rüstəmov “Laçın2 mahnısını fərqli bir üslubda oxuyur. Onun ifasındakı ”Laçın”ın sözləri də fərqlidir. Laçın adlı qıza xitabən yazılmış mahnıda belə bir misra var “ay Laçın, can Laçın, gəl səni götürüb qaçım…”. Işğalçının əsir Laçını xoşluqla verəcəyini gözləmək ondan ilbəil uzaqlaşmaqdan özgə bir şey deyil. Keşkə, onu da mahnıda səsləndiyi kimi düşmən əlindən alıb qaçırmaq mümkün olsaydı…

Düşmən oxunu atdı, qəlbimdən keçdi neynim…
•