Xalqın üzünü ağardanları qaralayanlar

Hazırda vəziyyət belədir: “Eurovision” az qala, milli namusa, tindəki cahılların qeyrət söhbətinə çevrilib – ona güldən ağır söz demək camaatın ana-bacısına sataşmaq kimi qəbul olunur. Bircə o qalıb ki, Əli Həsənov-zad əlində bıçaq beyqəfildən böyrümüzdə peyda olub qarnımızı yortsun.
Bəli, rejim tələb edir ki, “Eurovision” günlərində hamı bu quldar və quldur təbiətli hakimiyyəti sevsin, dəstəkləsin, onun ətrafında birləşsin. Birləşməsə belə, heç olmasa, xarici qonaqlar gəlib gedənədək hamı sussun. Yaxşı, biz susduq. Axı dünya susmur! Axı bütün dünya mətbuatı artıq sizin nə mal olduğunuzu, nə yuvanın quşu olduğunuzu bilir və yazır. Artıq oğurluqla, talançılıqla yığdığınız milyardların qara qəpik qədər dəyəri qalmayıb, artıq çoxlu pullarınızla öyünə də bilmirsiniz. Onlar sizin gerçək üzünüzü gizlətməyə kömək etmir artıq.
Ən dəhşətlisi odur ki, hələ də utanmadan iqtidarlı-müxalifətli əl-ələ verib “Azərbaycanın imicini qorumaq”dan dəm vururlar. Hələ də bu binəvalar anlamır ki, bu gün Azərbaycanın az-çox imici qalıbsa, bu, hər cür işgəncəyə, zülmə, qəddarlığa rəğmən çağdaşlıq, özgürlük, demokratiya mücadiləsi verən insanlara görədir. Onların sayəsində Azərbaycana bir Afrika ölkəsi münasibəti sərgilənmir, onların sayəsində Azərbaycan sivil, modern, mədəni dünyanın bir parçasına çevrilməyə istəkli, arzulu ölkə kimi qəbul olunur.
Bu ölkə yalnız sizin ümidinizə qalsaydı, inanın ki, bu saat dünyada Azərbaycana həqarətli, aşağılayıcı münasibətin biri bir qəpik idi. Siz yatın-durun, addımbaşı şərlədiyiniz, əzab çəkdirdiyiniz ləyaqətli, vicdanlı, cəsur fəallara, yazarlara dua edin ki, onlar bu xalqın üzünü dünyada ağardırlar. Onların hesabına, hələ də Azərbaycan toplumunu Afrikadakı qəbilələrdən fərqləndirirlər. Onların hesabına hələ də Azərbaycan toplumuna bir güvən, bir etibar qalıb. Düşünürlər ki, belə fədakar, azadlıqsevər vətəndaşları olan ölkənin gələcəyindən ümid kəsilməz. Hesab edirlər ki, ən ağır şərtlər altında öz ölkələrini çağdaşlığa, uyğarlığa qovuşdurmaq istəyən insanlara sahib bir xalq sayğıya layiqdir!
Yoxsa, bu xalq yalnız Ilham Əliyevdən və onun ətrafından ibarət olsaydı, inanın ki, bu gün Azərbaycanın dünyada beş qəpiklik hörməti yox idi. Imici yerlərdə sürünürdü. Lağlağı, ironiya, ikrah hədəfinə çevrilmişdi.
Sizin “düşmən” elan etdiyiniz, sizin “vətən xaini” deyə ləkələməyə, qaralamağa çalışdığınız ictimai və siyasi fəallara, vicdanlı, mübariz qələmlərə görədir ki, siz bu ölkənin adını aparıb bütün siyahılarda Konqo, Zimbabve ilə yanaşı qoysanız da, Azərbaycan dünyada bir Konqo, Zimbabve olaraq qəbul edilmir. Məhz o insanların sayəsində Azərbaycanın bir gün gerçəkdən də çağdaş, mütərəqqi dünyanın bir parçasına çevriləcəyinə dair inam qorunub saxlanılır.
Biz 20 ildir, sizin bu ölkəyə etdiyiniz pislikləri təmizləməklə məşğuluq.
Biz 20 ildir, sizin bu ölkənin başını dost-düşmən yanında aşağı edən əməllərinizi sığortalamaqla məşğuluq.
Biz 20 ildir, dünyada Azərbaycanın modernləşəcəyinə, müasirləşəcəyinə, demokratikləşəcəyinə olan ümidləri ölməyə qoymamaqla məşğuluq.
Biz 20 ildir, bu ölkədə feodalizmin təntənəsini önləməklə, beləcə, Azərbaycanın XXI əsrdə gülüş obyektinə çevrilməsinə mane olmaqla məşğuluq.
Biz 20 ildir, bu xalqın sadəcə, korrupsionerlərdən, büdcə oğrularından, tayfabazlardan, regionçulardan ibarət olmadığını, bu xalqın mütərəqqi ideyalarla, bəşəri dəyərlərlə yaşayan övladlarının da olduğunu dünyaya göstərməklə, beləcə, Azərbaycanın adı gələndə göz önündə sadəcə, Afrika cəngəlliklərinin canlanmasını önləməklə məşğuluq.
Və bu da bütün bunların qarşılığında sizin bizə “təşəkkür”ünüz, “sağ ol”unuz:
“Vətən xainləri”…
“Millət düşmənləri”…
“Azərbaycanı sevməyən qüvvələrin əlaltıları”…
“Erməni dəyirmanına su tökənlər”…
***
Vallah, nə deyə bilərik?
“Insafınız olsun!” deyə bilərdik, amma sizdən insaf gözləmək təkədən pendir tutmaqdan belə, daha çətindir.