«Eurovision» doğrudanmı Azərbaycanın böyük qələbəsidir? – eyni suala daha bir cavab
Son bir il ərzində “Eurovision” mahnı yarışması ilə bağlı vətəndaş cəmiyyəti kampaniyasında iştirak etdik. Əvvəlcə “Azad musiqi qeyri-azad ölkədə” adlanan bu kampaniya sonradan “Demokratiya üçün oxu!” adlandırıldı. Çünki yanaşma fərqləri vardı. Lakin hamımız kampaniyanın digər iştirakçıları ilə hər məsələdə razılığa gəlməyə çalışırdıq. Axı hamının hədəfi baş verəcək hadisədən Azərbaycanın ictimai həyatı üçün istifadə etmək idi. 7 hədəf müəyyənləşdirmişdik. Bunlar arasında siyasi məhbusların azad edilməsi kimi cari və ölkədə köklü islahatların aparılması kimi strateji məqsədlər vardı. Çalışdıq ki, fürsəti dəyərləndirək.
Amma hələ də bəzən elə adamlardan “Eurovision”un Azərbaycanın mühüm qələbəsi olduğu fikrini eşidirəm ki, bir illik zəhmətə baxmayaraq, bəzi suallara yenidən cavab verməyə ehtiyac duydum. Axı nədən bu insanlar ictimai dəyərlərlə Azərbaycan hakimiyyətinin aşıladığı və arxasında gizləndiyi yalançı milli uğur şousu arasında fərqi görmür?!
Bu qələbə, o cümlədən yarışmanın ölkəmizdə keçirilməsi Azərbaycanın nüfuzunun artması, dünyada yerinin möhkəmlənməsi üçün heç bir əhəmiyyət daşımırdı və daşımır. Bütün səbəblər bir yana, ümumiyyətlə heç bir ölkə (xüsusən də avtoritar ölkələr) bu yolla nüfuzunu artırmayıb və dünyadakı yerini möhkəmləndirməyib. Mümkün olmayan bir işdən danışırıq. Yaxşı düşünün, növbəti illərdə Ermənistan bu müsabiqənin qalibi olsa, o demək deyil qonşumuz nüfuzlu, inkişaf etmiş, demokratik bir dövlətdir və işğalçı deyil. “Eurovision”un heç bir gerçəyi dəyişmək gücü yoxdur.
Bu hadisə tək bir səbəbdən mühüm idi – Azərbaycanın üzərindən pərdələrin qalxmasına yardım edə bilər. Avropa, ümumən dünya görə bilər ki, bu ölkənin ictimai həyatında hansı problemlər var. Bu ölkənin insanı hansı gerçəklərlə üzləşərək yaşayır. Burada azadlıqların və insan haqlarının durumu necədir. Ölkəni necə idarə edirlər.
Ilk baxışdan təzadlı görünə bilər, mən çox ciddi problemlərimizin gizlədilərək ölkəmizin nüfuzlanmasını heç istəmirəm də. Bu nüfuz yalançıdır, faydasızdır. Ondan yalnız bu ölkəni yox, öz marağını güdənlər fayda əldə edə bilər. Elə bizim hakimiyyət kimi.
Bizim ölkəmizə həqiqi, yəni demokratik və azad bir ölkənin nüfuzu və imici lazımdır. Onu da unutmayaq ki, demokratiya və azadlıqlar bizə təkcə ölkənin nüfuz və imici üçün lazım deyil. Bu, əsas məsələ də deyil.
Demokratiya və azadlıqlar bizim ölkənin inkişafı, güclənməsi üçün lazımdır. Insanların hamısına bərabər imkanlar və hüquqlar tanınması, Azərbaycanın müasir bir ölkə olması üçün lazımdır. Ölkədən insanların baş götürüb qaçmasının qarşısını almaq üçün, səfalətin, talanın yox edilməsi, insan haqlarının qurunması, ədalət və rifah içində yaşamağımız üçün lazımdır.
Nəhayət, Qarabağ problemini həll etmək üçün lazımdır. Buyurun, Avropa Birliyi bir neçə həftə qabaq qəbul etdiyi qətnamədə Ermənistandan Azərbaycanın işğal etdiyi torpaqlarından çıxmağı, Azərbaycandan isə demokratik dəyişiklər etməyi tələb edib. Münaqişənin həlli üçün bu ən yaxşı yoldur. Üstəlik, demokratiya Azərbaycanı Ermənistandan qat-qat güclü edəcək – hər mənada.
Amma bizim hakimiyyət mahnı yarışması və bu kimi məsələlərin arxasında gizlənib ölkədəki acı problemləri gizlətməyə çalışır. Belə bir hakimiyyətlə Azərbaycan necə nüfuzlana bilər?
“Eurovision”“” bir Avropa yarışması ola bilər, amma hələ heç kim sübut etməyib ki, heç olmasa bu yarışmanın ölkəyə maddi faydası dəyəcək.
Özbəkistanın şanlı lideri Islam Kərimovu tanıyırsınız. Ölkəsinə nə zülmlər etdiyini yəqin kimsə mübahisələndirməz. Amma o da bir ara ölkəsinə möhtəşəm futbol yaratmaq eşqinə düşdü. Hətta uğurlar qazandı. Daşkənd klubu “Bunedkor” ( köhnə “Kuruvçi”) qitə çempionluğunun finalına çıxdı. Sanki “Neftçi” Avroliqanın finalında “Barselona” ilə oynayırdı. Dünya çempionu məşhur Rivaldo bu klubda oynayırdı, klubu məşhur braziliyalı Ziko çalışdırırdı. “Bunedkor” üçün Kərimov 100 milyonlarla pul xərclədi. Amma Özbəkistan üçün nə dəyişdi? Özbək xalqına nə fayda bundan?
Hətta Braziliyanı götürün, futbol dahisi sayılır bu ölkə. Amma bir nəfər norveçlinin daha yaxşı yaşaması üçün köçüb bu ölkəyə getdiyini təsəvvür edirsinizmi? Braziliyalılar isə Norveçə köçmək şansına cənnətə düşmək imkanı kimi baxardı.
Bütün Avropa gəlib bu yarışmaya baxa bilər, amma onlardan kim bu ölkədə yaşmağa xoşbəxtlik kimi baxar? Bizim ölkənin insanı isə Rusiya bazarlarında qul kimi işləməyə şans kimi baxır. Bu halda “Eurovision”“” ölkəni necə nüfuzlandıra bilər?
“Eurovision” yalnız ölkəmiz üzərindən imitasiya pərdələrini götürməyə, ölkənin dəyişməsi üçün arzuların və tələblərin artmasına yardım edə bilər.

Rivaldo da Özbəkistan klubunda oynayırdı…
•