“Siyasi iradə olsa, hakimiyyət Bakının mərkəzində mitinqlərə imkan verər”

Avropa Birliyinin səfiri: ““Dialoq olmadığı halda AB daha sərt mövqe tuta bilər – Belarusla bağlı olduğu kimi”

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia mayın 17-də Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycanla bağlı «Tərəqqi hesabatı»nı açıqlayıb.
R.Kobia əvvəlcə hesabatdakı pozitiv məqamlara toxunub. O, iqtisadiyyat, yoxsulluğun azaldılması, makroiqtisadi sabitlik, yeni gömrük məcəlləsinin qəbul edilməsi sahəsində Azərbaycanda müsbət işlərin görüldüyünü deyib.

Kobia viza sadələşdirilməsi ilə bağlı Azərbaycanla Avropa Birliyi arasında danışıqların başlanmasını da alqışlanası hal adlandırıb. Səfir hesabatda terrorizmə, çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizəyə görə Azərbaycan hakimiyyətini təbrik edib.

Səfir pozitiv məqamlardan sonra Avropa Birliyinin Azərbaycanda müşahidə etdiyi mənfi hallara toxunub: «Avropa Komissiyasının Azərbaycanla bağlı tövsiyələri insan hüquqlarının təkmilləşdirilməsi, demokratikləşməyə aparan siyasi islahatların həyata keçirilməsi, ədliyyə sisteminin müstəqilliyi, evlərin sökülməsi,  sərbəst toplaşma, birləşmə və media azadlığı ilə bağlı məsələlərdir».

Kobia qeyd edib ki, o hesabatda media azadlığı ilə bağlı məsələ deyiləndə əsasən diffamasiya haqqında qanun nəzərdə tutulub: «Biz istəyirik, Azərbaycanda  mühit elə olsun ki, insanlar özlərini ifadə etməyə qorxmasınlar».
Avropa Birliyinin QHT-lərə aid qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı da Azərbaycana töfsiyyələri var. Rolan Kobinanın sözlərinə görə,  onlar bir neçə həftə əvvəl hökumət nümayəndələri ilə görüşdə bu məsələni müzakirə ediblər. Bu məsələdə Avropa Birliyi ilə Avropa Şurasının Venesiya Komissiyasının Azərbaycan hökumətinə yardım etməyə hazır olduğunu deyiblər.
Səfir Azərbaycan iqtisadiyyatında monopoliyanın mövcudluğuna da toxunub: «Bəzi sahələrdə güclü monopoliyanın olması Azərbaycanın iqtisadi maraqlarına ziddir. Bu həm də xarici investisiyaların marağına zidd gəlir. Biz biznesdə şəffaflığın təkmilləşməsini istəyərdik».

Səfir hesab edir ki, bütün sadalanan problemlərin həlli siyasi iradədən asılıdır.
Kobia deyib ki, məkan baxımından müəyyən mübahisələr olsa da, son vaxtlar müxalifət partiyalarının bir-neçə dəfə mitinq keçirməsi müsbət qarşılanmalıdır. Səfirə görə, bu o deməkdir ki, əgər siyasi iradə olarsa hakimiyyət Bakının mərkəzində aksiya keçirilməsinə imkan verə bilər.

Səfir bildirib ki, Azərbaycandan heç kim nə isə tələb etmir. Sadəcə ölkə özü könüllü üzərinə öhdəliklər götürüb və onları yerinə yetirməlidir.  

Kobia hesabatda Qarabağda, cəbhə  xəttində atəşkəsin tez-tez pozulmasından narahatlıq ifadə olunduğunu da deyib. Onun sözlərinə görə, Avropa Birliyi təəssüf edir ki, cəbhə xəttində gərginlik artıb. Səfir deyir ki, Avropa Birliyi bu məsələdə fəaliyyətini daha da artırmaq niyyətindədir. Onun fikrincə, ilk addım münaqişə tərəfləri arasında etimad mühitini yaratmaqdır.

Səfir hesabatda yer alan tövsiyələri “Turan” agentliyinə şərh edərkən deyib ki, AB və Azərbaycan arasında normal əməkdaşlıq prosesi və dialoq gedir. “Bu olmadığı halda isə AB daha sərt mövqe tuta bilər – Belarusla bağlı olduğu kimi. İndi isə Ukraynaya da suallar var”, – deyə Kobia bildirib.
Müxalifətin mitinqlərinə razılıq verilməsi məsələsindən danışan səfir “Biz bulvarda mitinqlər və Avropa dəyərlərinə dəstək aksiyaları gördük. Bu da hakimiyyətin istədiyi halda Bakının mərkəzində mitinq və aksiyaların mümkün olduğundan xəbər verir”, – deyə qeyd edib.

İnformasiya şöbəsi