İsveç qəzeti Azərbaycandakı acınacaqlı vəziyyəti canlandırıb
“Hakimiyyət əleyhdarları fiziki və psixoloji hücumların hədəfi olur; tənqidçi jurnalistlərin öldürülməsi halları da olub”
İsveçin “MedieVärlden” qəzetində Azərbaycanla bağlı məqalə yayımlanıb. Məqalədə ölkəmizdəki ictimai-siyasi durumdan, hakimiyyətin azad söz və insan haqlarına qarşı repressiv addımlarından bəhs olunur. İsveç qəzeti beynəlxalq insan haqları və media təşkilatlarının Azərbaycandakı vəziyyətlə bağlı hesabatlarına da istinad edib. Məqalədə deyilir ki, Azərbaycan mətbuat azadlığının boğulması səviyyəsinə görə rekord vurur. Jurnalist və bloggerlər azad sözün boğulduğu ölkədə tez-tez təzyiq və həbslərlə üzləşir.
Qəzet daha sonra yazır ki, Azərbaycanda söz azadlığının vəziyyəti dəhşətli dərəcədə ağırdır. Rejimi tənqid edənlər təzyiq və hədələrə məruz qalır. Hücumların əksəriyyətinin səbəbi də bəllidir. Müxaliflər, jurnalistlər, bloggerlər demək olar ki, təhlükəsizlik qurumlarının açıq hədəfindədir. Araşdırmaçı jurnalist Xədicə İsmayılova şantajla üzləşdi. Son nümunə kimi jurnalist İdrak Abbasovun döyülməsini göstərmək olar.
“Azərbaycanda azad mətbuat və demokratiyanın durumu 2003-cü ildə İlham Əliyevin atası Heydər Əliyevdən prezidentlik kürsüsünü alandan sonra daha da pisləşdi. Əliyev rejimi totalitar və korrupsionerdir. Ölkə başçısının qohumları hakimiyyətdə müxtəlif vəzifələrində oturur. Tənqidçi jurnalistlər və hakimiyyət əleyhdarları fiziki və psixoloji hücumların hədəfi olur. Siyasi partiyalar, insan haqlarını müdafiə təşkilatları, qəzet, televiziya və radioların fəaliyyətləri məhdudlaşdırılıb. Bəzi qəzetlər hakimiyyəti tənqid etdiklərinə görə, sifarişli məhkəmələr tərəfindən cərimələnib. Tənqidçi jurnalistlərin öldürülməsi halları da olub. 2005-ci ildə jurnalist Elmar Hüseynov, 2011-ci ildə yazıçı Rafiq Tağı öldürülüb. Jurnalist Novruzəli Məmmədov isə həbsxanada dünyasını dəyişib”, – deyə “MedieVärlden” yazıb.
İsveç qəzetindəki məqalədə Naxçıvan Muxtar Repsublikasındakı ictimai-siyasu durumdan da bəhs olunur: “Azərbaycanın anklav bölgəsi Naxçıvan Muxtar Respublikasında vəziyyət daha da acınacaqlıdır. Yerli rəhbər Vasif Talıbov bütün müxalif fikirləri susdurub. Regiondakı jurnalist və müxaliflərin həyatı təhlükədədir”.
İnformasiya şöbəsi


