İran şahının oğlu intihar edib

İnqilabla devrilən şah ailəsi ikinci ailə faciəsini yaşadı

 

Iranın son şahı Məhəmməd Rza Pəhləvinin kiçik oğlu Əlirza Pəhləvi yanvarın 4-də ABŞ-ın Boston şəhərindəki evində intihar edib. Dünən bu xəbər bütün dünyaya ildırım sürətilə yayıldı. Məlumatlarda göstərilir ki, Rza özünü tapança ilə güllələyib. Intihar etdiyi villanı 2001-ci ildə 2 milyon dollara alıbmış.

Onu kədər yıxdı

Mərhumun böyük qardaşı Rza Pəhləvi ailələrinin saytında yerləşdirdiyi məlumatda Əlirza Pəhləvinin intiharını vətəni Iranı cənginə alan şərin iztirabları ilə bağlayıb: “Əlirza milyonlarla iranlı gəncdən biri kimi vətənində baş verən acınacaqlı hadisələrdən son dərəcə narahat və qəmgin idi. Əlirza atasının ölümündən, bacısı Leylanın intiharından sonra çox çalışırdı ki, psixoloji böhrana qalib gəlsin. Lakin sonda dözməyib təslim oldu və özünə qəsd edərək bütün ailə üzvlərinin, dostlarının dərin kədərinə səbəb oldu”.

Ikinci nikahdan doğuldu, ailəsinin ikinci faciəsi oldu

Əlirza Pəhləvi 1966-cı ildə Tehranda doğulub. O, Pəhləvi ailəsindəki dörd övladdan biri idi. Onun anası milliyyətcə azərbaycanlı olduğu bildirilən Fərəh Pəhləvidir. Hazırda ABŞ-da yaşayan Fərəh Dibanı Iran şahı varis doğması üçün almışdı. Bunun üçün şah “dünyanın ən gözəl, ən məşhur şahzadəsi” kimi ad çıxaran 18 yaşındaykən evləndiyi Sürəyyadan ayrılmışdı. Onların birgə nikahı 7 il sürmüşdü. Bəzi internet xəbərlərində bu məqama işarə edərək, Əlirzanın faciəli sonluğuna “Sürəyyanın ahımı?” başlığını da çıxarıblar.

Elm adamı

Əlirza Nyu-York, Qahirə və Qərbi Massaçusetsdə məktəblərdə oxuyub. Prinston Universitetində musiqi, filoloji, qədim Iran tarixi biliklərinə yiyələnib. Kolumbiya Universitetində magistratura, Harvard Universitetində isə doktorluğu bitirib. Fars, fransız və ingilis dillərini bilirdi.

Tək yaşadı, tək öldü

Heç vaxt nikaha girməyən Əlirza bir neçə il qız dostu Sara Təbatəbayi ilə birgə vətəndaş nikahında yaşayıb. Son illərdə isə Əlirza Pəhləvi tənha həyat sürüb, ailəsinin Sara Təbatəbayi ilə evlənməsi təklifini rədd edərək deyib ki, o, ata olmaq niyyətində deyil. Çünki uşaqlarının özü kimi qürbətdə əsir-sərgərdan yaşamasını istəmir (mediaforum).

Bacısı da nakam ölmüşdü

Əlirza Pəhləvinin intiharı şah ailəsində ikinci belə faciədir. 2001-ci ildə şahın kiçik qızı Leyla Pəhləvinin Londondakı bir hoteldə meyiti tapılmışdı. 31 yaşlı Leylanın da ölümünü anası yazdığı kitabda eynən dünən yayılan bəyanatdakı kimi izah etmişdi. Fərəh Pəhləvi yazır ki, Iran inqilabından sonra ailələrinin və ölkəsinin durumu Leylada tibbin çarəsiz qaldığı yorğunluq xəstəliyi, depressiya yaratmış və bu, onu intihara sürükləmişdi. O zaman dolaşan ictimai rəy isə belə idi ki, Leylanın axırına narkotik aludəçiliyi çıxıb.

…və atasının sonu

Xatırladaq ki, Iranın son şahı Məhəmməd Rza Pəhləvi 1979-cu ildə Iranda baş verən Islam inqilabı nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb. O, bir il sonra ağır xərçəng xəstəliyindən Misirdə vəfat edib.

Iranda reaksiyalar…

Iranda rəsmi xəbər agentliyi intiharla əlaqədar qısa bir məlumat yayıb. Dövlətə bağlı “Press TV”də intiharı “Iranın keçmiş diktatorunun oğlu özünü öldürdü” başlığı altında geniş material şəklində tamaşaçılara təqdim edib.
Iranda müxalifətin şah damarı halına gələn internet, o cümlədən sosial şəbəkələr ötən gün intihara dair müzakirələrlə dolub-daşıb.
Illərdir özünü akademik araşdırmalara həsr edən Əlirza Pəhləvi, böyük qardaşı Rza Pəhləvinin iranlı sürgünlər arasında əsas siyasi fiqur olmasına icazə vermişdi. Buna görə də onun ölümündə siyasi motiv axtarılmır.

“Azadlıq”