Milli Şuranın Koordinasiya Mərkəzi dekabrın 7-də növbəti iclasını keçirib. İclas barədə Milli Şuradan verilən məlumata görə, əvvəlcə 98 il əvvəl, bu gündə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin öz işinə başlaması əlamətdar tarixi hadisə kimi yad edilib.
İclas ölkə gündəmindəki bir neçə vacib məsələnin müzakirəsinə həsr olunub.
Koordinasiya Mərkəzi ilk növbədə ölkədə sosial-iqtisadi vəziyətin ağırlaşmasını müzakirə edib. Tarif Şurasının işıq və qaz pulunu bahalaşdırmaq qərarının ardınca ölkədə total qiymət artımının yaşandığı xüsusi narahatlıqla qeyd olunub. Bildirilib ki, gəlirləri yaşayışına onsuz da yetməyən əhali bu kütləvi bahalaşma qarşısında daha da müdafiəsiz vəziyyətə düşüb. Hökumət qiymət artımlarının təsirini heç olmasa yüngülləşdirmək üçün də heç bir tədbir görmür. Əksinə, hökumət üzvləri və seçilməmiş deputatların təklifləri başqa sahələrdə də qiymətləri artırmaq və dövlətin sosial mükəlləfiyyətlərini vətəndaşların öz üzərinə qoymaq istiqamətindədir. Milli Şura üzvləri bunu hökumətin vətəndaşlar qarşısında özünü aşkar məsuliyyətsiz aparması kimi qiymətləndirib. Bildirilib ki, ölkədə yaranmış sosial-iqtisadi problemlərə görə bilavasitə məsuliyyət daşıyan hakimiyyət insanları bu problemlərlə baş-başa buraxıb, özünü kənarda tuta bilməz. Hakimiyyət ya dərhal ölkəni bu vəziyyətdən çıxaracaq köklü islahatlara başlamalıdır, ya da istefa verib getməlidir. Əks halda ölkədə sosial partlayış qaçılmaz hala gələcək. Koordinasiya Mərkəzi qərara gəlib ki, ölkədəki ağır sosial-iqtisadi vəziyyətlə bağlı ölkənin tanınmış müstəqil iqtisadçılarının iştirakı ilə dinləmə təşkil etsin.
Koordinasiya Mərkəz iclasında ötən il baş vermiş Nardaran hadisələrinə görə həbs olunan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin məhkəmə prosesindəki neqativ dəyişiklik müzakirəyə çıxarılıb. Söhbət məhkəmədə vəkillərə təzyiq göstərilməsi və prosesin məhkumların iştirakı olmadan keçirilməsindən gedir. Milli Şura üzvləri qeyd ediblər ki, onsuz da ədalətsiz olan bu məhkəmə prosesi belə məcraya yöbəlməklə tamamilə rüsvayçı şəkil alır. İclas iştirakçıları məhkəmənin belə davranmasını siyasi hakimiyyətin orada təqsirləndirilən şəxslərin səsləndirdiyi tənqidlərin və üzə çıxardığı ifşaedici faktların qarşısında duruş gətirə bilməməsi kimi qiymətləndirib. Qeyd olunub ki, görünür, hakimiyyətin əsəbləri dözməyib və daha artıq ifşa edilməsinə mane olmaq üçün məhkəmənin müttəhimlərsiz davam etdirilməsinə göstəriş verib. Lakin bunun özü hakimiyyəti müttəhimlərin buna qədərki iclaslarda ictimailəşdirdiyi faktlardan az ifşa etmir. Milli Şura üzvləri bildiriblər ki, nahaqdan həbs edilən bu insanların heç olmasa normal mühakiməsi keçirilməli və onarın özlərini müdafiə hüquqları təmin olunmalıdır. Həmçinin prosesə çıxan vəkillərə təzyiqlər dayandırılmalıdır.
Milli Şura üzvləri növbəti məsələ kimi Azərbaycan hökumətinin durmadan xarici borclanmaya getməsini müzakirə edib. Qeyd olunub ki, ölkə iqtisadi böhrana salındığı son illərdə beynlxalq maliyyə instutlarından xeyli məbləğdə kredit alıb və davamlı kredit axtarışlarında olub. Son fakt kimi hökumətin Asiya inkişaf Bankından 1.5 milyard dollar kredit alması göstərilib. Bildirilib ki, Azərbaycan hökuməti ötən bir neçə ildə böyük neft pullarını, eləcə də ölkəyə gələn milyardlarla sərmayəni səmərəsizcə və səriştəsizliklə dağıdıb, indi isə xaricdən iri məbləğlərdə kredit alıb, gələcək nəsilləri borcla yükləyir. Milli Şura üzvləri Azərbaycan hökumətindən bu məsələdə hansısa məsuliyyətli davranış gözlənilmədiyini qeyd ediblər. Bilidirblər ki, beynəlxalq maliyyə instutları Azərbaycan hökumətinin kredit müraciətinə baxarkən onun imicini və xarakterini nəzərə almağa borcludurlar. Onlar Azərbycan hökumətinə yalnız ölkədə köklü iqtisadi və siyasi islahatların aparılması şərti ilə kredit ayırmalıdırlar. Əks halda ayrılan o kreditlərin də korrupsiya və pis idarəçiliyin güdazına getmək riski yaranır. Bu isə o deməkdir ki, gələcəkdə həmin kreditləri heç qaytarmaq da mümkün olmaya bilər.
Koordinasiya Mərkəzi keçmiş MTN-də kök salmış cinayətkar dəstənin məhkəməsinin qapalı keçirilməsinə dә etiraz edib. Həmin dəstənin törətdiyi cinayətlər əsasən şəxsiyyət əleyhinə, ya da dövlətə və ya digər şəxslərə məxsus mülkiyyətin yağmalanması ilə bağlı olan cinayətlərdir və milli təhlükəsizliklə heç bir əlaqəsi yoxdur. Milli Şura keçmiş MTN rəhbərliyinin yaratdığı cinayətkar dəstənin məhkəməsinin qapalı keçirilməsini həmin prosesdə açılmış və açılması gözlənilən digər cinayətləri ört-basdır etmək cəhdi kimi qiymətləndirir və hakimiyyətdən tələb edir ki, həmin şəxslərin məhkəməsi açıq keçirilsin. Milli Şura tələb edir ki, “MTN işi” üzrə proses açıq və obyektiv aparılsın, yalnız bir neçə nəfərin mühakiməsilə məhdudlaşdırılmasın, həm keçmiş MTN rəhbərliyində, həm də digər dövlət strukturlarında təmsil olunan digər cinayətkarlar da məsuliyyətə cəlb olunsun.