Dünənki qələbə

Dünən “Demokratiya naminə musiqi” kampaniyası çərçivəsində “Park Inn” otelində keçirilən tədbirdə iştirak edə bilmədiyim üçün itdən də peşmanam. Yaptokratların özlərini necə rəzil-rüsvay etdiklərini öz gözlərimlə görməyin zövqü yəqin ki, bambaşqa olardı.
Mən ömrüm boyu bir yaptokratın yalan danışdığı, şər atdığı, nifrin püskürdüyü anda gözlərinin içinə yaxından baxmağı çox arzulamışam. Dünən o şansı qaçırdığım üçün özümü heç vaxt bağışlamayacağam.
Bu da bunların gerçək üzü!
Tədbirə gəlincə, mən rejim yandaşlarının oradakı bir-birindən əcaib-qəraib çıxışlarından dostlar vasitəsilə xəbər tutdum. Açığını deyim, hər dəfə “artıq yaptokratiya heç nə ilə məni heyrətləndirə bilməz” yazsam da, dünən eşitdiklərimin bir çoxuna inanmaq istəmədim. Bu qədər pulla, bu qədər varidatla bu qədərmi səviyyəsiz olmaq olar? Şəxsən mən deməyə söz tapmıram.
Təsəvvür edin, Azərbaycanın Insan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov çıxışında deyib ki, Xədicə Ismayıl şəxsi həyata müdaxilədən şikayətlənir, amma onun özü prezidentin şəxsi həyatına müdaxilə edir, dövlət başçısının övladlarının biznesi barədə yazır. Nə deyəsən, nə yazasan? Nəsə desən, nəsə yazsan, mənası nədir? Görün, qosqoca bir ölkə kimlərin ümidinə qalıb, kimlər hansı zehniyyətlə at oynadır bu ölkədə.
Çingiz Əsgərovun ağlına görə, hakim ailə üzvləri öz mövqelərindən istifadə edib bütün gəlirli sahələri özününküləşdirirsə, xalqın yeraltı və yerüstü sərvətlərinə sahiblənirsə, bu, milli talançılıq yox, şəxsi həyatdır. Üstəlik, bu haqda yazmaq da şəxsi həyata müdaxilədir və cavabı da bu haqda yazan adamın yatağına kamera quraşdırıb intim görüntülərini el-aləmə nümayiş etdirməkdir. Bu ağılda adamla rejimin hətta haqlı olduğu situasiyalarda belə, Avropa Məhkəməsində haqsız duruma düşməməsi mümkünsüzdür.
Əslində, bəlkə də Çingiz Əsgərova təşəkkür etmək lazımdır ki, o, özü də bilmədən Xədicə xanıma qarşı şərəfsiz şantajın hakim ailə üzvlərinin biznesi haqqında araşdırmalara cavab olduğunu təsdiqləyib. Bu, artıq rəsmi etirafdır. Bu, Xədicə Ismayıla qarşı əxlaqsız saldırının ən yüksək səviyyədə sifariş edildiyinin rəsmi bəyanıdır. Təşəkkürlər, Çingiz Əsgərov!
Tədbirdə çıxış edən digər yaptokratların çıxışlarından da Xədicə Ismayıla qarşı şantajın hakimiyyətin çirkin planı olduğuna şübhə yeri qalmır. Ucdantutma hamısı bu əxlaqsızlığı pisləyəcək vicdana və tərbiyəyə sahib olmadıqlarını nümayiş etdiriblər. Hətta utanmadan, qızarmadan xanım həmkarımızı suçlu çıxarmaq istəyənlər də olub. Bu, bilirsinizmi nə deməkdir? Bu, o deməkdir ki, YAP-çıların Azərbaycan xalqının demokratiyaya, çağdaşlığa, uyğarlığa Avropa dəyərlərinə hazır olmadığına dair dedikləri tamamilə filfilodur, cəfəngiyyatdır, bu ölkədə demokratiyaya, çağdaşlığa hazır olmayan biri varsa, o da Ilham Əliyev və ətrafıdır.
Belə olmasaydı, vətəndaş cəmiyyəti, sadə insanlar Xədicə xanıma qarşı çirkin şantajı pisləyərkən, həmkarımızla həmrəylik nümayiş etdirərkən, ona mənəvi dəstəyini göstərərkən, rejim mənsubları fərqli mövqe sərgiləməz, düzüb-qoşduqları şantaj azmış kimi, bir də ondan Xədicə Ismayıla qarşı növbəti həyasız hücum məqsədilə istifadə etməzdilər. Bundan sonra kimin  – rejimin, yoxsa xalqın demokratiyaya hazır olmadığına dair başqa sübut lazımdırmı?
Lazımdırsa, birini də deyim. Illərdir “Diffamasiya haqqında” qanun layihəsini “xalqın demokratiyaya hazır olmaması, cəmiyyətin mühafizəkarlığı” ilə əsaslandırırlar.
Amma siz heç gördünüzmü, bir dəfə də jurnalisti sadə vətəndaş döysün? Indiyədək heç eşitdinizmi, bir dəfə də “QAZel” şoferi, ya da dağdakı çoban hansısa jurnalisti şərləyib tutdursun? Xalq demokratiyaya hazır deyilsə, niyə bu ölkədə müxalif qələmlər, fərqli düşünənlər yalnız hakimiyyət tərəfindən düşmən elan edilir, yalnız hakimiyyətdəkilər tərəfindən döyülür, sürgün olunur, həbsə atılır?
Qısası, dünənki tədbirlə rejimin maskası tamamilə düşmüş, gerçək üzü ortaya çıxmış, demokratiya, çağdaşlıq, uyğarlıq məsələlərində bu xalqın Ilham Əliyev və ətrafından çox-çox öndə olduğuna şübhə qalmamışdır.
Bu, artıq qələbədir!
Və bu qələbəyə görə ölkəmin vicdanlı, ləyaqətli, cəsur insanlarına cani dildən təbrik düşür.
Təbrik və təşəkkür!