Bakı Meriyası, Nəqliyyat Nazirliyi və Bakı Şəhər Baş Polis Idarəsi aksiyalara problem yaratmaqda ittiham edilir
Ictimai Palata Bakı Şəhər Icra Hakimiyyətini (BŞIH), Nəqliyyat Nazirliyini və Bakı Şəhər Baş Polis Idarəsini (BŞBPI) məhkəməyə verib.
IP üzvü, Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublu deyib ki, qurum adından şikayət ərizəsi IP üzvləri Rafiq Manaflı, Tofiq Yaqublu və Asəf Quliyevin imzası ilə 1 saylı Bakı Şəhər Inzibati-Iqtisad Məhkəməsinə təqdim edilib. Iddia ərizəsində göstərilir ki, Ictimai Palatanın aprelin 22-də keçirdiyi mitinq zamanı paytaxt rəhbərliyi kütləvi aksiyanın normal keçirilməsinə şərait yaratmayıb. Nəqliyyat Nazirliyi və Bakı Şəhər Baş Polis Idarəsi isə insanların aksiyaya gəlməsinə maneələr törədiblər. Iddiaçı tərəf məhkəmədən hər bir quruma 1000 manat təzminat ödənilməsi ilə yanaşı, hərəkətin qanunsuz olması barədə qərar çıxarılmasını tələb edib. T.Yaqublu qeyd edib ki, iddiaya aid materiallar məhkəməyə proses zamanı təqdim ediləcək.


