Kəmaləddin Heydərov, Cavid Qurbanov və başqalarının aldıqları maaşla sərf etdikləri pullar uyğun gəlmir
Azərbaycan hakimiyyəti korrupsiyaya qarşı mübarizə apardığını bəyan edir. Bu “mübarizə” çərçivəsində onlarla xırda dövlət qulluqçusu həbs edilib. Lakin iri məmurlar bu mübarizənin əhatə dairəsinə daxil deyillər. Halbuki korrupsiyanın başında elə yüksək çinli məmurlar dayanır. Buna dair çoxsaylı faktlar var və həmin faktlar dəfələrlə mətbuatda əks olunub. Lakin bununla belə həmin məmurlarla bağlı heç bir tədbir görülməyib.
Bəzi məmurlar isə xeyriyyəçilik etməklə özlərini ifşa edirlər. Məsələn, bu günlərdə bəlli oldu ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov müğənni Akif Islamzadəyə müalicəsi üçün 20 min manat pul verib. Ondan əvvəl isə aktyorla Yaşar Nuriyə 40 min, Səyavuş Aslana 30 min manat yardım edib. Kəmaləddin Heydərovun nazir olaraq maaşı 1500 manatdır. Bu maaşla onun kimlərəsə 20-40 min manat yardım etməsi əlbəttə mümkün deyil. Bunu iddia etmək gülməli olardı. Bəs onda Kəmaləddin Heydərov bu pulları hardan əldə edib? Azərbaycan cəmiyyətinə bu sualın cavabı bəllidir. Amma korrupsiyaya qarşı mübarizə aparan hakimiyyət bu barədə danışmaq istəmir.
Bu sırada əlbəttə ki, yalnız Kəmaləddin Heydərovun adını qeyd etmək insafsızlıq olardı. Başqa bir məmur – “Azəryolservis”in şefi Cavid Qurbanov da tez-tez xeyriyyəçilik edir. O, hətta babası Aşıq Şəmşirin adına fond da yaradıb: Aşıq Şəmşir Fondu. Bu fond müəyyən xeyriyyə tədbirləri keçirir və s. Heydər Əliyev Fondu ilə bağlı məsələ bəllidir. Bu fond məmur-oliqarxların “ianələri” hesabına fəaliyyət göstərir. Bəs Aşıq Şəmşir Fondu hansı pullar hesabına fəaliyyətdədir? Cavid Qurbanovdan bu sualın cavabını almaq müşkül məsələdir. Nəzərə alsaq ki, onun deputat kimi və dövlət qurumunun rəhbəri kimi aldığı maaş belə bir səxavətli fondun təşkil olunmasına bəs etmir, bu halda Aşıq Şəmşir Fondunun çirkli pullar hesabına yaradıldığını və fəaliyyət göstərdiyini söyləmək mümkündür.
Rövnəq Abdullayev, Ziya Məmmədov və başqa iri oliqarx məmurlarla da bağlı bu cür, onların korrupsiya yolu ilə kapital qazandıqlarını sübut edən faktlar var. Korrupsiyaya qarşı mübarizə aparan Ilham Əliyev isə bu faktları “görmür”…
Hikmət


