Almaniyalı deputat İlham Əliyevi «avtoritar rejimin rəhbəri» adlandırdı
Adətən belə tədbirlərə maraq göstərməyən hökumət nümayəndələri toplantıya tam heyətlə qatıldı
Dünən “Demokratiya naminə oxu” kampaniyası çərçivəsində “Park Inn” hotelində beynəlxalq konfrans keçirildi. Beynəlxalq ekspertlərin, Azərbaycan Prezident Administrasiyasının rəsmilərinin, Milli Məclisin deputatlarının, media təşkilatlarının rəhbərlərinin, hüquq müdafiəçilərinin, müstəqil, iqtidar və müxalifətyönlü media təmsilçilərinin, diplomatların iştirak etdiyi forum gərgin və bəzən də qarşılıqlı mübahisə şəraitində keçdi. “Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər” mövzusunda keçirilən tədbirin məqsədi mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr aparmaq və həm yerli, həm də beynəlxalq ictimaiyyətdən hakimiyyətə ünvanlanacaq təkliflər sənədi hazırlamaqdır.
Çıxışlarda əsasən ifadə azadlığı, jurnalistlərin təhlükəsizliyi, yayım şəffaflığı, iqtisadi və siyasi azadlıqlar, ictimai-siyasi fəaliyyətlərdə hüquqi-siyasi məhdudiyyətlər, insan hüquqlarının müdafiəsi üzrə yerli və beynəlxalq mexanizmlər diqqət mərkəzində oldub.

Tədbirdə “Eurovision” mahnı müsabiqəsi çərçivəsində Azərbaycanda akreditə olunmuş çoxsaylı media nümayəndələri də iştirak edirdi.
“Konfransın əsas məqsədi Azərbaycanın Avropaya real inteqrasiyasını gücləndirmək və ölkədə insan hüquqlarının yaxşılaşdırılması istiqamətində addımlar atılmasına nail olmaqdır”, – deyə “Demokratiya naminə musiqi” kampaniyasının koordinatoru Rəsul Cəfərov qeyd etdi.
Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun direktoru Emin Hüseynov hesab edir ki, kampaniya çərçivəsində beynəlxalq ictimaiyyətin diqqətini ölkədə insan hüquqlarının durumuna yönəldə biliblər: “Apardığımız kampaniya nəticəsində beynəlxalq və yerli diqqəti ölkədə fundamental insan hüquqlarının problemlərinə yönəltmişik”. Ekspertlər ölkədə müstəqil medianın dairəsinin məhdud və maliyyə durumunun acınacaqlı olduğunu, qəzet yayımı sahəsində ciddi çətinliklərin olduğunu dedi.
“Azərbaycan mediasının əsas problemləri informasiya əldə etməyin çətinliyi, peşəkarlıq, əxlaq normalarına əməl edilməməsi ilə bağlıdır”, – deyə “Turan”ın direktoru Mehman Əliyev bildirdi.
Onun sözlərinə görə, medianın problemləri ilə bağlı çoxsaylı sənədlər hazırlanmasına baxmayaraq, qəbul edilmir.
“2007-2011-ci illərdə media ilə bağlı məhkəmələrdə 400 iddia olub. Bu işlərin 167-i diffamasiya ilə bağlı olub və mediadan 10 milyon manat kompensasiya istənilib. Avropa Məhkəməsi Avropa Insan Haqları Konvensiyasının 10-cu maddəsi ilə bağlı 2 qərar qəbul edib. 50 iş isə məhkəmədədir”, – deyə IREX-in eksperti Ələsgər Məmmədli diffamasiya haqqında qanunun qəbulunun vacibliyini diqqətə çatdırdı.
“Şantaj əməliyyatında iştirak edənləri salamlayıram”

“Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə Ismayıl tədbir iştirakçılarını salamlayaraq “barəmdəki şantaj əməliyyatında iştirak edən ”Yeni Azərbaycan”, “Iki sahil”, “Səs” qəzetlərinin rəhbərlərinə də salam deyirəm” fikrini səsləndirdi. X.Ismayıl hazırladığı araşdırmalardan sonra yaşadığı evə kamera yerləşdirildiyini, özəl görüntülərinin yayıldığını bir daha xatırladaraq “evimdə tapılan şnurlar təkcə yataq otağında yox, hamamda da vardı” deyərək əməliyyatın detalları barədə məlumat verdi: “Bu, Azərbaycanda araşdırmaçı jurnalistin qarşılaşacağı taledir. Mən bilirdim ki, bu araşdırmalardan sonra nəsə baş verə bilər. Amma bu, mənim boynuma düşən missiyadır. Bununla bağlı o qədər ucadan danışmaq lazımdır ki, bu kampaniyada iştirak edən, hökumətə bağlı olan qəzetlər də bir daha eşitsin. Bu, düşünülmüş və yüksək səviyyədə idarə olunan kampaniya idi”.
“Az qaldılar itlərin güllələnməsinə qarşı da aksiya keçirsinlər”

Prezident Administrasiyası rəsmisi Vüqar Əliyev isə bildirdi ki, əslində “Avroviziya” bir çoxlarına qrant, bəzilərinə isə siyasi ambisiyaları üçün vasitə oldu: “Kampaniyalar təşkil olundu. Az qaldılar, Bakı küçələrində itlərin güllələnməsinə də qarşı aksiya keçirsinlər. Sonra yazdılar ki, guya cinsi azlıqları harasa aparıblar. Bu kampaniya hökumətə qarşı idi. Mülkiyyət hüquqları ilə bağlı səs-küy qaldırıblar. Bununla bağlı danışan iki insan var, biri müxalifətçi qadın, biri də Leyla Yunusdur. Çünki o birilər evlə təmin olunmuşdu, ya da evlərinə görə lazımi məbləği almışdı. 60 min nəfərin mülkiyyət hüququ pozulmuşdusa, niyə müxalifətin aksiyalarına 1200 nəfər çıxdı”.
V.Əliyev hökumətin medianın inkişafı, mətbuatın borclarının silinməsi, habelə evsiz jurnalistlərə bina tikilməsi ilə bağlı görülən işləri də xatırlatdı. O, mətbuata qarşı məhkəmə cərimələrinin tətbiq olunmasına baxmayaraq, qəzetlərin onlara kəsilən cərimələri ödəmədiklərini də vurğuladı. Bundan başqa, PA rəsmisi həbsdə olan jurnalistlərin sırasına “Xəyal” televiziyası rəhbərinin salınmasını, habelə “Amnesty International”, “Sərhədsiz Reportyorlar” təşkilatlarının Azərbaycanla bağlı tutduğu mövqeyi tənqid etdi.
“Sizin fəaliyyətiniz göstərir ki, ölkədə azad media var”

X.Ismayıl V.Əliyevin reqlamenti pozduğuna işarə edərək, “iştirakçılara hörmət edin” replikasını verdi. V.Əliyev isə üç nəfərin əvəzinə danışdığını dedi və X.Ismayıla müraciətlə “sizin fəaliyyətiniz göstərir ki, ölkədə azad media var” söylədi. X.Ismayıl isə öz növbəsində ona “mən yayımı dayandırılmış radioda işləyirəm və həyatıma təhlükə var” deyə cavab verdi. PA rəsmisi “biz bunu pisləyirik” deyərək, söz atışmasını yekunlaşdırdı.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə dedi ki, mediada problemlərin olmadığını deyənlərlə razı deyil: “Eyni zamanda mediada ancaq problemlərin olduğunu demək də yanlışdır”. MŞ sədri hazırda mətbuatın əsas probleminin iqtisadi cəhətdən özünü tənzimləyə bilməməsi olduğunu dedi: “Əgər mətbuatın maddi dayağı hansısa siyasi mərkəzdirsə, o zaman o, həmin mərkəzin ideoloji ruporuna çevriləcək”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə X.Ismayılın onları “şantajçı” adlandırmasına diqqət çəkib, təhqir olunduqlarını dedi: “Belə olan halda araşdırmaçı adlandırılan bu jurnalist xanıma həqiqətən araşdırmaçı demək olarmı? Güman ki, bizə qarşı işlətdiyi sözlərə görə üzr istəyəcək. Çünki biz onun barəsində yalnız fikirlərimizi bildirmişik”.
Baş Prokurorluğun nümayəndəsi Orxan Isayev X.Ismayılla bağlı olayın lazımi səviyyədə araşdırıldığını bildirdi. Onun sözlərinə görə, problem prokurorluqla jurnalist arasında baş verirmiş kimi təqdim edilsə də, reallıq fərqlidir: “Baş prokurorluğun mətbuat xidməti jurnalistin şəxsi məlumatlarının yayılmasına yol verməyib”.
“Azərbaycanda media azadlığı yoxdur”

Tədbirdə iştirak edən Almaniya parlamentinin üzvü Volker Beck dedi ki, Azərbaycanda media azadlığı yoxdur, bu ölkə demokratik ölkə kimi təqdim edilə bilməz.
Azərbaycanın Avropada beynəlxalq imici barədə danışan almaniyalı deputat Bakıda aparılan təmir-abadlıq işlərinə də toxundu. Dedi ki, Bakı Parislə Dubay arasında sanki mübarizə aparır. Amma o, divarları ağartmaqla, yolları təmir etməklə ölkəyə demokratiya donu geydirməyin mümkün olmayacağını dedi.
Volker Beckə görə, Azərbaycan hakimiyyətinin “Eurovision” mahnı yarışmasından siyasi təbliğat kimi istifadə etməsi əslində bu ölkənin azad olmamasının göstəricisidir. Volker Beck çıxışında bir neçə dəfə Azərbaycan prezidentini “avtokratik rejimin rəhbəri” adlandırdı.
Almaniyalı deputatın bu çıxışı tədbirdə iştirak edən hakimiyyət təmsilçilərinin etirazına səbəb oldu. Ilk reaksiya Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyevdən gəldi: “Prezident Ilham Əliyevin şəxsiyyətini, dünyadakı nüfuzunu təftiş etmək lazım deyil. Ilham Əliyevin kifayət qədər nüfuzu da var. Bütün dünya onu qəbul edir… Söhbət Azərbaycanda işgəncələrdən və insanların həyatlarının pozulmasından gedirsə, xahiş edirəm, Almaniyadan danışın. Görək, orda başları kəsilən türklərin başları yerinə tikildimi, məscidlərdə çəkilən xaçlar pozuldumu?”.
Tədbirdə “Sərhədsiz Reportyorlar” Təşkilatının ünvanına da tənqidi fikirlər səsləndirildi. “Səs” qəzetinin baş redaktoruÿ Bəhruz Quliyevÿ adı çəkilən təşkilata sual da ünvanladı: “Sərhədsiz reportyorlar” niyə mahnı müsabiqəsi keçiriləndə demokratiyanı yada salır?”.
“Sərhədsiz Reportyorlar”: “Biz hamıdan yazırıq”

“Sərhədsiz reportyorlar”ın nümayəndəsi Ingo Petz isə təmsil etdiyi təşkilatının nəinki Azərbaycana, ümumiyyətlə, heç bir ölkəyə qərəzli münasibəti olmadığını, gördükləri işin də davamlı bir iş olduğunu qeyd etdi: “Biz bu işi ”Eurovision” qabağı deyil, hər gün görürük. Sadəcə, indi Azərbaycan mahnı yarışması ərəfəsində Almaniya və Ingiltərə mediasında daha çox tənqid edilir”.
Təşkilat nümayəndəsi xarici jurnalistləri Azərbaycanın bütün problemlərindən, insan hüquqlarından tutmuş tarixinə qədər, bütün məsələlərdən yazmağa səslədi.
“Şəxsi həyatıma şərh vermək haqqını sizə tanımamışam”
Tədbirin ən ilginc hissəsi isə X.Ismayılla “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev arasında baş verdi. B.Quliyev isə X.Ismayılla bağlı məsələnin xalqa şərəf gətirmədiyini bildirdi: “Azərbaycan mentalitetində bir xanımın nikahsız, siğəsiz kiminsə yatağına girməsi şərəf gətirən şey deyil”.
X.Ismayıl isə B.Quliyevə sərt cavab verdi: “Bəhruz bəy, mənim şəxsi həyatım sizin işiniz deyil, şəxsən mənim işimdir. Buna şərh vermək haqqını sizə tanımamışam. Azyaşlı deyiləm, bu olayla bağlı şərh vermək sizin borcunuz deyil. Bu hadisə göstərdi ki, Azərbaycan cəmiyyəti əxlaq və liberal dəyərlər baxımından hökumətdən bir addım öndədir. Çünki bu təhqirlər qarşısında cəmiyyətdən çox ciddi dəstək gördüm”.
Tədbirin ikinci hissəsində DIN mətbuat xidmətinin rəsmisi Orxan Mansurzadə tədbirin təşkilatçılarına etiraz edərək ona gec söz vermələrinə irad tutdu: “Elə reqlamentə görə söz azadlığının təməl prinsiplərini pozursunuz, birinci hissədə mənə söz verməməyiniz buna sübutdur. Mövzuların seçilməsi də doğru deyil və mən Azərbaycanı dünyəvi dövlət hesab edirəm. Çıxışlar da göstərir ki, azadlıqdan sui-istifadəyə qədər azadlıq var”.
Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov isə dedi ki, tədbirdə “Azərbaycanın Avropada beynəlxalq imici” adlı məruzə ilə Almaniyanın Yaşıllar Partiyasının nümayəndəsinin çıxış etməsi acınacaqlıdır: “Yaxşı, bizə hörmət etmirsiniz, özünüzə, vətənə hörmət edin də. Bu məruzəni sizlər edə bilməzdiniz? Necə ola bilər ki, Almaniyadakı bir partiyanın nümayəndəsi Azərbaycanın imici haqqında məruzə etsin?”.
Bu məqamda moderator Şahvələd Çobanoğlu “Axı biz Avropa ilə bir ailəyik və özünüz də bunu deyirsiniz” iradını bildirdi. Ə.Hüseynov da “əlbəttə” deyərək onun fikrini təsdiqlədi. Və Ş.Çobanoğlu “əgər bir ailəyiksə, nə fərqi var ki?” deyə sual etdi. Komitə sədri cavab verdi ki, məruzə “Avropadan Azərbaycana baxışlar” adında olsa, daha yaxşı olardı: “Niyə imic” onların, özü də bir partiyanın baxışı Azərbaycan haqqında ola bilməz”.
Azərbaycanın Insan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə dedi ki, Xədicə Ismayıl şəxsi həyata müdaxilədən şikayətlənir, amma özü prezidentin şəxsi həyatına müdaxilə edir, dövlət başçısının övladlarının biznesi barədə yazır.
Jurnalist Xədicə Ismayılovaÿisə bildirdi ki, o, prezidentin qızlarının şəxsi həyatını deyil, onların biznes fəaliyyətini araşdırıb.
6 milyona 157 avtobus
Iqtisadçı Natiq Cəfərli də çıxışında ölkədə mövcud bütün problemlərin kökündə azad iqtisadiyyatın olmadığının dayandığını dedi.
Iqtisadçı “Eurovision” mahnı yarışması ilə əlaqədar dövlət büdcəsindən ayrılan 6 milyon manata 157 avtobusun alınmasını da iqtisadi azadlığın olmaması ilə əsaslandırdı.
“O bildirdi ki, ölkədə azad iqtisadiyyat, azad sahibkarlıq inkişaf etsəydi, həmin avtobusları müstəqil şirkətlər gətirərdi”.
Hüquq müdafiəçisi Samir Kazımlı isə tədbirin sonunda ölkə prezidentinin yerli jurnalistlərə bir dəfə də olsun müsahibə vermədiyini qeyd etdi: “Mətbuat və söz azadlığının yüksək səviyyədə olduğunu deyənlər yaxşı olar ki, bu faktı da nəzərdən qaçırmasınlar”.


