Liderlər aclıq edənlərə baş çəkdi

Koordinasiya Şurası aclıq edən məhbuslardan aksiyanı dayandırmağı xahiş edir

Mayın 15-dən başlayaraq həbsxanada aclıq aksiyası keçirən vicdan məhbuslarına demokratik düşərgənin nümayəndələrindən dəstək gəldi. Ictimai Palatanın bir qrup üzvü mayın 16-dan Müsavat partiyasının qərargahında aclıq aksiyasına başlayıblar.
Vicdan məhbusu Tural Abbaslının anası Başxanım Abbasova, Ictimai Palatanın Qadınlar Şurasının üzvü Dünyaxanım Cərullayeva, vicdan məhbusu Rüfət Hacıbəylinin atası Ibrahim Hacıbəyli, keçmiş vicdan məhbusu Elşən Həsənov, Müsavat Partiyası Qadınlar Şurasının rəhbəri Vəfa Cümşüdlü və təşkilatın Ağdam rayon şöbəsinin rəhbəri Haqverdi Haqverdili aclıq edir.
Bu gündən daha beş nəfər aclığa başlayacaq və bu aksiya davamlı olacaq.

Aclıq aksiyası artıq dünya mediasının xəbər bülletenlərini bəzəyib. Belə ki, Türkiyə “Dünyabülteni.com”, Almaniyanın “RTL” xəbər portalları aclıq aksiyasından yazıb.
Müsavat başqanı Isa Qəmbər, Ictimai Palatanın Koordiansiya Şurasının üzvləri Vidadi Mirkamal, Qələndər Muxtarlı, IP üzvü Vaqif Hacıbəyli, vəkil Anar Qasımlı, hüquq müdafiəçisi Oqtay Isgəndərli aclıq edənlərə baş çəkiblər.

AXCP sədri Əli Kərimli də aclıq edənlərə baş çəkdi. O, aclıq edənlərlə söhbətində vicdan məhbuslarının bir ildən artıqdır qanunsuz olaraq həbsdə saxlanıldığını söylədi: “Çox təəssüf ki, siz belə bir addım atmağa məcbur oldunuz. Dəfələrlə vurğuladıq ki, bu adamların heç bir günahı yoxdur. Bu insanlar vətən üçün, millət üçün çalışan şəxslərdir. Onlar nə deyirlər ki… ölkədə insan azadlığı olsun. Biz istəmirik ki, bu millətin varı bir qrup insanın əlində cəmlənsin. Bu insanlara qarşı zorakılıq, haqsızlıq etdilər. Bir ildən artıqdır ki, həbsdə saxlayırlar. Biz əlimizdən gələni eləmişik və bundan sonra da edəcəyik. Mübarizəmiz davam edir, bu günlərdə yaxşı bir etiraz aksiyası keçirdik. Hökumət özü ziyanla çıxır, yersiz inad etdiyinə görə.

Neçə dəfə təkrarladıq ki, Azərbaycanı dünyaya daha pozitiv təqdim edək. Yaxşı bir fürsətdir ki, gec də olsa, ölkədə islahatlar başlasın. Ancaq bu hakimiyyət inad göstərdi. Kimlə? Öz vətəndaşlarıyla, gənclərlə. Öz güclərini onların üstündə yoxlayırlar. Beləliklə, həm onlara əziyyət çəkdirirlər, həm də Azərbaycan hökumətinin dünyada rüsvay edilməsini təmin edirlər. Hökumətin ideoloqları indi deyirlər ki, biz onlara zərbələr vururuq. Biz zərbələr vurmuruq. Bu zərbələri uzaqgörən olmamalarıyla, bu insanları həbs etməklə özləri vururlar. Bu zərbələri deyilən ağıllı fikirlərə qulaq asmamaqla vururlar. Biz neçə dəfə dedik ki, bizim əqidə yoldaşlarımız həbsdə qalacaq, əziyyət çəkəcək, biz də susmayacağıq. Dönə-dönə dedik, xəbərdar etdik. Bütün dünyanın diqqəti Azərbaycandakı avtoritar rejimə yönəlib. Indi başlanılan mübarizə də o mübarizənin növbəti mərhələsidir. Bizim dostlarımız da möhkəmdir, biz də möhkəmik. Var olun ki, harada mübarizə var, siz də orada varsınız”.
Ictimai Palatanın Koordinasiya Şurası aclıq aksiyası keçirən vicdan məhbuslarına müraciət edib. Müraciətdə məhbuslardan aksiyanı dayandırmaq xahiş olunur.

Qeyd edilir ki, beynəlxalq təşkilatlar Arif Hacılı, Babək Həsənov, Bəxtiyar Hacıyev, Əhəd Məmmədli, Məhəmməd Məcidli, Rüfət Hacıbəyli, Sahib Kərimov, Şahin Həsənli, Tural Abbaslı, Ülvi Quliyev, Vidadi Isgəndərli və Zülfüqar Eyvazlını vicdan məhbusu kimi tanıyıb: “Ictimai Palatanın, hüquq-müdafiə təşkilatlarının, demokratik düşüncəli ziyalıların və beynəlxalq birliyin ardıcıl səylərinə baxmayaraq xalqdan qisas almağı hədəf seçmiş iqtidar qüvvələri sizlərin həbsxanadan azad olunması və ya verilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsi haqqında qərar çıxarmaq əvəzinə bu prosesi süni olaraq yubadır.

Sizə qarşı olan bu haqsızlıqlara qarşı etiraz əlaməti olaraq həbsxanalarda aclıq aksiyasına başlamaq qərarınıza anlayışlı yanaşır, mövqeyinizin düzgün olduğunu qəbul və təqdir edirik. Lakin bu aksiyanın həbs şəraitində sizin səhhətinizə ciddi problemlər yarada biləcəyini düşünürük.

Əqidə dostlarınız həbsxanadan kənarda aclıq aksiyası keçirməkdə qərarlıdır. Sizin qeyd-şərtsiz azad olunmağınız tələbi ilə belə bir aclıq tədbiri artıq başlanıb. Qeyd olunanları nəzərə alaraq sizdən həbsxanalarda aclıq aksiyası keçirmək fikrinizdən daşınmağınızı, bu aksiyanın təşkili və keçirilməsini bizim öhdəmizə buraxmağınızı xahiş edirik”.

Ramin DEKO