Millət vəkillərinə Atatürk cavabı lazım

saadet-cahangir-koseSəadət Cahangir

Deyəsən Aqil Abbasın məşhur sözləri parlamenti əməlli-başlı hərəkətə gətirib. Əslində, deputat o çıxışı ilə demək istəmişdi ki, “hörmətli kolleqalar, mənimlə eyni statusda, eyni imkanda, eyni komfortda yaşayırsınız, zəhmət çəkin, siz də hünərinizi göstərin, atasının gorunu 932 adama söydürmək elə mənə qalıb?” Həmin tarixi nitqdən sonra nə müzakirə olub, nə tapşırıq verilib, bilmirəm, amma görünən o ki, məclisin lalları belə dil açıb. Heç adını eşidib, üzünü görmədiyimiz adamlar da ötməyə başlayıb. Ötmələri də nə gözəl! Danışdıqca bir-bir çinədanlarındakını açıb ortaya tökürlər.  Mesajları da açıqdır ki, “biz millətin vəkili filan deyilik, kim təyin edibsə, onun vəkiliyik, bura da sizin ağır güzəranınızdan danışmağa çıxmamışıq.” “Qiymət artımları xalqın durumuna təsir etməyəcək, xalqımız avropalılardan yaxşı yaşayır, ayağınızı yorğanınıza görə uzadın” kimi fikirlər də bunu bir daha təsdiqləyir. Nəzərə alsaq ki, parlament 125 nəfərdən ibarətdir, görünür, hələ qarşıda bizi çox belə maraqlı nitqlər gözləyir, hazır olun. Amma açığını deyim ki, mən heç bir vaxt bu hökumətdən millətə faydalı olacaq nəsə gözləməmişəm. Ölkə batır, iqtisadi böhran milləti cənginə alıb boğur, oturub vəziyyətdən çıxış yolu aramaq əvəzinə, sərgilədikləri davranışa, danışıq və düşüncə tərzlərinə baxın. Bunlar hardan bilsinlər ki, bir hökumət, bir hökumət başçısı, bir ölkə idarəçiliyi necə olar? Türkiyə tarixindən bir örnək gətirim, siz də bilin…

1930-1931-ci illərdə ölkədə dərin iqtisadi böhran başlanmışdı. Dövlət büdcəsindəki kəsirlər böyüdükcə böyüyürdü.  Ölkənin hər yerindən qorxunc iflas xəbərləri gəlirdi. Bu durumu görən millət vəkilləri Atatürkdən bəlaya çarə göstərməsini istədilər. Millət vəkili Nuri Conker:  “Paşam, vəziyyət pisdir. Belə gedərsə, məmləkət məhv olar” dedi. Yunus Nadi və Hikmət Bayur:  “Paşam, bu işə ancaq siz çarə tapa bilərsiniz…” deyə israr edincə, Atatürk: “Mən əsgərəm. Vəzifəmə aid olan şeyləri bilirəm, gerisinə qarışmıram. Bu məmləkətdə Yüksək Ticarət bölümündən məzun olan dünya qədər gənc yetişir. Bunların arasından seçin birini, iqtisadiyyat vəkili edin.” Millət vəkillərinin israrını görən Atatürk Nuri Conkerə dönərək: “Bu millət çox tez xilas olar, amma üsulunu bilmək lazımdır. İstəsəniz, sizi misal götürək. Siz Selanikdən Türkiyəyə gələrkən Ankaraya nə gətirdiniz? Təbii, heç bir şey. İndi nəyiniz var? Yüz min lirəlik bir mənziliniz, Kütahyada iki yüz min lirəlik bir kirəmit fabrikiniz. Hamınız bütün mallarınızı millətə versəniz, bu məsələ öz-özünə həll olar. Bu da sənə qurtuluş yolu … ” Mustafa Kamalın Yunus Nadi və Hikmət Bayur söylədikləri isə beləydi: “Mən əsgər idim. Allahın inayəti, millətin yardım və çalışmaları ilə bu günə çata bildik. Məmləkət və millət artıq xilas olmuşdur. Mən bir şey etmədim ki … Mənim vəzifəm çəkilib bir yanda oturmaq olmalıdır. Cümhurbaşkanlığını belə üzərimə almamam lazım idi. Nə çarə ki, heç istəmədiyim halda bu vəzifə hər il mənim üzərimdə qalır. Mənim qalmağım bu millət üçün, bəlkə də, zərərli olur..”

Axtarsanız, bizim indiki böhranın səbəbi də elə Atatürkün cavabının içindədir. Birincisi, ölkə hökuməti inhisarçılara aman vermədən, hər şeyi bir qrupun əlində cəmləşdirmədən iqtisadi sahəni peşəkar iqtisadçıların, ticarətçilərin ixtiyarına buraxsaydı, hər şey fərqli olardı. İkincisi, millətin sözünü deməyə borclu olan deputat hər çıxışnda onu ələ salırsa, ondan da bir hesab sormaq lazımdır. Sormaq lazımdır ki, sizin diliniz, əliniz, yorğanınız nəyin hesabına belə uzundur ki?