Azərbaycanda internetin sürəti niyə zəifləyib?

Buna səbəb ölkəyə gələn qonaqların böyük həcmli informasiyalardan istifadə etməsi ola bilər

Osman Gündüz:  «Delta Telekom» və «Aztelekom» bunu nəzərə almalı idi»

Son günlər ölkədə internetin sürətində ciddi azalma müşahidə olunur. Hətta bəziləri bunu internetin bir səmtə, daha dəqiqi “Avroviziya” yarışmasının keçiriləcəyi “Baku Crystal Hall” əyləncə mərkəzinə yönəldilməsi ilə izah edir. Bu ehtimal texniki baxımdan nə dərəcədə inandırıcıdır?
Bu ərəfədə Azərbaycanda internetin durumu ABŞ-ın “slate.com” bloqundan da müzakirə edilib. Bloqda dərc edilən yazıda Azərbaycanda internetin durumu və hakimiyyətin sosial media, çap mediası və internetə qarşı kampaniyasından bəhs edilən yazı dərc olunub. Məlum olur ki, internetdən istifadə və kompüterlərin sayına görə Azərbaycan qonşu Gürcüstan və Ermənistandan geri qalır. Belə ki, əgər bu iki qonşu ölkədə əhalinin 20 faizi internet media və sosial şəbəkələrdən istifadə edirsə, Azərbaycanda bu göstərici 7 faizdir. Ermənistan və Gürcüstan vətəndaşlarının 40 faizinin evində kompüter, 35-nin isə internet olduğu halda Azərbaycanda bu göstərici müvafiq olaraq 15 və 11 faizdir. Bu, özünü regionun lideri kimi təqdim edən ölkə üçün isə xoşagəlməz göstəricidir.

Ölkədə internetin sürətinin zəifləməsi və ABŞ mətbuatında yazılanlarla bağlı mövqeyini bildirən Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz ölkədə internetin keyfiyyətinin aşağı olduğunu vurğuladı. Ölkəyə daxil olan internet trafikinin normal paylaşdırılması isə nəticədə problemlərə gətirib çıxarır.
Ekspertin sözlərinə görə, son günlər internetin sürətinin azalmasının “Cristall-Hall” əyləncə mərkəzi ilə əlaqəsi yoxdur. Ən azı ona görə ki, hələ bu mərkəzdə internetdən geniş surətdə istifadəyə başlanılmayıb. Sürətin azalmasına səbəb ölkəyə gələn qonaqların böyük həcmli informasiyalardan istifadə etməsi ola bilər. Internet paylaşdırılması ilə məşğul olan “Delta Telekom”, “Aztelekom” bunları nəzərə almalı və ölkəyə daxil olan internet trafikinin həcmini artırmalı idi.
Ölkədə internet və kompüter istifadəçilərinin sayının qonşu ölkələrlə müqayisədə az olmasına toxunan ekspert bunu ilk növbədə sosial amillə əlaqələndirdi.
Ekspertin sözlərinə görə, həm kompüter, həm də internet istifadəçilərinin sayı Azərbaycanın real potensial imkanı baxımından yetərli deyil. Digər tərəfdən, Ermənistan və Gürcüstanda daxil olan internet trafikinin adambaşına düşən həcmi 2 mbit-dən çoxdur. Azərbaycanda isə 1 mbit-dən azdır. Bu da Azərbaycanda internetin keyfiyyəti ilə bağlı problemlərin olduğunu bir daha sübut edir. Hətta ölkənin bir çox ərazilərində, xüsusən də kəndlərdə insanların genişzolaqlı internet əldə etmək imkanı yoxdur.

Fizzə