Türkiyə Ermənistandakı Metsamor AES-ə qarşı

Bir qrup deputat spikeri Ermənsitandakı atom stansiyasını  bağlamaq üçün hərəkətə keçməyə çağırdı

Bir qrup Türkiyə deputatı Türkiyə parlamentinin spikerinə Ermənsitandakı Metsamor atom stansiyasının Türkiyə üçün yaratdığı risklərin araşdırılması üzrə komissiya yaradılması haqqında birgə təklif təqdim edib.
Türkiyənin “Zaman” qəzetinin yaydığı məlumata görə, müraciətdə deyilir:”Stansiya Türkiyə sərhədindən 16 km məsafədə, seysmik zonada yerləşir. 1988-ci ildə 25 min nəfərin həyatına son qoyan dağıdıcı zəlzələdən sonra stansiyaya ciddi ziyan dəyib və sonrakı üç ayda radiasiya sızması baş verib. Ermənistan hakimiyyəti stansiyanı bağlayıb, lakin 1993-cü ildə o, yenidən açılıb”. Türkiyəli deputatlar təklifdə Ermənistan hakimiyyətini “regionun təhlükəsizliyi məqsədilə” AES-i bağlamağa çağırıblar və əlavə ediblər ki, Türkiyə parlamenti stansiyanın Türkiyənin şərq əyalətləri üçün yaratdığı potensial risklərin araşdırılması, habelə “1988-ci il zəlzələsinin stansiyaya və bütünlükdə regiona mənfi təsirinin” öyrənilməsi üçün qurum formalaşdırmalıdır.
Qeyd edə ki, Ermənistandakı AES-də Rusiyanın VVER- 440 tipli iki enerji bloku quraşdırılıb. Onların ümumi gücü 815 MVt təşkil edir. AES-in birinci bloku 1976-cı ildə, ikinci isə 1980-ci ildə istismara verilib. 1989-cu ilin əvvəllərində stansiya siyasi səbəblərdən bağlanıb, 1995-ci ildə isə hazırda fəaliyyət göstərən 404 MVt gücündə ikinci blok işə salınıb. Ermənistanda istehsal olunan elektrik enerjisinin təxminən 40%-i həmin AES-in payına düşür.