Baş Prokurorluqda test biabırçılığı

Bir idarənin 20 əməkdaşından yalnız 3-ü testdən keçə bilib

 

Zakir Qaralov və müavinləri, idarə rəisləri, eləcə də testi keçirən Nazir Bayramovun özü imtahandan kənarda qalıb

Baş Prokurorluqda keçirilən test imtahanları biabırçı nəticəni üzə çıxarıb. Zakir Qaralovun rəhbərlik etdiyi qurumun çoxsaylı idarələrindən birinin 20 əməkdaşı imtahan verib və həmin şəxslərdən yalnız 3-ü testdən keçib. Bu isə Baş Prokurorluqda testlə bağlı narazılıq dalğasını daha da gücləndirib. Bu barədə “Azadlıq”a prokurorluqdakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, idarələrin əməkdaşları testdən keçirilsələr də, rəislər imtahandan kənar saxlanılır. Zakir Qaralovun özü və müavinləri də testdən keçirilmir. Plana görə, Baş Prokurorluğun və Bakı şəhər Prokurorluğunun əməkdaşları yanvarın ortasına kimi, rayon prokurorluğunun əməkdaşları isə sonrakı 3 ayda test imtahanları verəcəklər.
Prokurorluqdakı qaynağımız onu da bildirir ki, test söhbəti ortaya atılandan sonra iş stajı böyük olan əməkdaşların bir qismi istefa verib. Bir çoxları da testdən kənarda qalmaq üçün xəstəliklərini əsas gətirərək, sonrakı mərhələdə imtahan vermək üçün ərizə yazıblar.
“Prokurorluq əməkdaşları iki dəfə sınaq imtahanı verəndən sonra 20-25 nəfər olmaqla qrup şəklində test imtahanına buraxılırlar. Testə salınan suallar isə əcaib olur. 1500-ə yaxın sualdan ibarət testdə bütün məcəllələrdən, qanunlardan suallar var. Bu isə çox böyük məntiqsizlikdir. Ali Məhkəmənin hakimləri ən savadlı hüquqşünaslar hesab edilir. Amma onlar da iş zamanı Məcəllələrə, qanunlara baxaraq, onlardan istifadə edirlər. Belə olan halda, prokurorluq əməkdaşlarından məcəllələri, qanunları dəqiqliyilə əzbər bilmək tələbi məntiqə söykənmir, bu absurddur. Ən nəhayət, prokurorluq əməkdaşlarının vaxtı yoxdur ki, test imtahanlarına hazırlaşsınlar. Testə hazırlaşmaq üçün gərək bütün iş kənara qoyulsun. Belədə isə rəhbərlik bunu işçiyə nöqsan tutur. Bu səbəbdən də hazırda prokurorluqdakı test maniyasından rəislərdən savayı hamı əziyyət çəkir. Prokurorluq işçiləri bilmirlər testə hazırlaşsınlar, yoxsa işlərini görsünlər. Işçilərə məzuniyyət də vermirlər ki, imtahana hazırlaşsınlar”, – deyə mənbə bildirib.
Baş Prokurorluqda keçirilən test imtahanı ilə bağlı başqa bir maraqlı məqam da var. Testdən keçə bilməyənlərin sayının kifayət qədər çox olduğu bildirilir. Qeyd etdiyimiz kimi, Baş Prokurorluğun təkcə bir idarəsinin 20 əməkdaşından 3-ü test imtahanlarından keçə bilib. Yerdə qalanları testdən keçə bilməyiblər. Məlumata görə, digər idarələrdə də vəziyyət belədir. Bu da prokurorluq sistemində çox böyük gərginlik yaradıb. Testdən keçə bilməyənlərin aqibətinin necə olacağı haqda hələlik heç bir rəsmi məlumat da verilmir.
Əldə etdiyimiz məlumatda o da qeyd olunur ki, bu addımın ideya müəllifi Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Nazir Bayramovdur ki, onun özü də testdən kənarda qalanlar sırasındadır.
Xatırladaq ki, Nazir Bayramov 2003-cü ilin prezident seçkisindən sonra həbs olunmuş 7 nəfər müxalifət yetkilisinin məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokuror olub. Məhz həmin məhkəmə prosesindən sonra Bayramov yüksək vəzifəyə təyinat aldı.
Bütün bunlarla yanaşı, Baş Prokurorluqdakı test imtahanlarında sual yaradan daha bir məqam ortaya çıxıb. Ölkədəki bütün test imtahanları Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirildiyi halda, prokurorluq əməkdaşları Baş Prokurorluğun Elm-Tədris Mərkəzində test imtahanları verirlər.

Aytən Məmmədova