“Eurovision” saytı 14 may aksiyasından yazdı

İctimai Palatanın Bakının mərkəzində keçirdiyi piket “Bakıda polis etirazçılara hücum etdi” başlığıyla təqdim olunub

Almaniyanın İctimai televiziyası “ARD”nin “Eurovision” musiqi yarışmasıyla bağlı yaradılmış “eurovision.de” səhifəsində İctimai Palatanın ötən gün Bakının mərkəzində keçirdiyi etiraz aksiyası barədə xəbər yayımlanıb. Aksiyadan məlumat “Bakıda polis etirazçılara hücum etdi” başlığıyla təqdim olunub. Xəbərdə deyilir ki, bir qrup müxalifət fəalı “Azadlıq” tələbiylə Bakının mərkəzində aksiya keçirərəkən təhlükəsizlik qüvvələri dərhal onlara hücum edib, hakimiyyət əleyhdarları həbs olunaraq avtobuslara doldurulub.

“AFP” agentliyinə istinadən yayımlanan xəbərdə İctimai Palataya üzv olan iki aparıcı müxalifət partiyasından biri Müsavatın başqanı İsa Qəmbərin açıqlamalarına yer verilib. Müsavat başqanı “AFP”yə bildirib ki, Bakının mərkəzinə toplaşan müxalif fəallar siyasi məhbusların azad olunmasını, sərbəst toplaşmaq azadlığının təmin edilməsini tələb ediblər. “Eurvison.de” səhifəsindəki xəbərdə o da vurğulanır ki, müxalif fəallar Avropanın nüfuzlu musiqi yarışması ərəfəsində dünyanın diqqətini Azərbaycanda insan haqlarının durumuna yönəltmək istəyir.

“İnsan haqları üzrə beynəlxalq təşkilatlar Azərbaycanda hüquq və azadlıqların pozulduğunu mütəmadi şəkildə qeyd edirlər. İlham Əliyevin dəmir yumruqla idarə etdiyi ölkədə insan haqlarının durumu “Eurovision” musiqi yarışması öncəsi daha da pisləşib. “Human Rights Watch” təşkilatı Azərbaycanda insanların siyasi baxışlarına görə təqib olunduğunu, vətəndaşların hüquq və azadlıqlarının sərt qaydada məhdudlaşdırdığını bildirir”, – deyə “eurovision.de” saytında deyilir.