Iki ildir bu sahənin inkişafına ayrılan vəsait xərclənmir
Elmimiz ölüb, yerdən götürən yoxdur. Bu ölkədə ən hörmətsiz sahə elm və təhsil sahəsidir. Elm o qədər hörmətsizdir ki, bu sahənin inkişafına ayrılan vəsait xərclənməyib. Maliyyə naziri Samir Şərifov deyib ki, Elmin İnkişafı Fondunda elm sahəsinə ayrılacaq iki illik vəsait toplanaraq qalıb: “Bunun isə səbəbi var. Elmin inkişafı ilə bağlı Elmin İnkişafı Fondu yaradılıb və elm sahəsinə bu fonda kifayətə qədər vəsait ayrılır. Ancaq bu Fonda ayrılan vəsait istifadə olunmadan ildən-ilə qalır. Hazırda Fondda qalan maliyyə vəsaiti yetərincə yüksəkdir. Belə olan halda, əlavə vəsaitin ayrılmasına ehtiyac yoxdur”-deyə Samir Şərifov bildirib.
İndiki reallıqda ən çox vəsait xərclənməli olan sahə elm sahəsidir. Elmi işçilər 150-200 manatın girovuna çevrilib, xaricdə təhsil proqramı dayandırılıb, elmi kəşflər, elmi əsərlərin yazılması üçün stimul yoxdur. Bir sözlə, insanlar elm sahəsinə maraq göstərmir, gənc alimlər ölkədən qaçmağın yollarını axtarır və savadsız adamlar elmi adlarla bəzənirlər.
Bəs, elm sahəsinin bu qədər ağır vəziyyətdə olduğu halda, elmin inkişafına ayrılan pullar niyə xərclənmir? Əgər hər il büdcədən bu sahəyə vəsait ayrılırsa, deməli bu vəsaitin hansı istiqamətlərə xərclənəcəyi də müəyyən edilir.
Çox maraqlıdır ki, xərcləməyə bu qədər meylli olan hökumət 2 ildir elmin inkişafına ayrılmış pula toxunmur. Açığı, səslənən fikirlər o qədər də inandırıcı deyil. Azərbaycan reallığında büdcədən ayrılan pula xəyanət edilməməsi möcüzə olardı.
Amma istənilən halda Samir Şərifovun dedikləri elmin nə qədər dəyərsiz olduğunun və arxivə atıldığının etirafıdır. Bütün sahələrə ayrılan pullar yeyilib, elm sahəsinə ayrılan pul isə təyinat gözləyir.
Əslində, 23 ildir elmə ayrılan pullar elmsizliyə xərclənib. Elmsizlik o qədər qüvvəyə minib ki, elmlilik üçün atılmalı olan addımlar da dayandırılıb. Və bütün bunlara “uzaqgörə siyasət” deyirlər.
Samir