Dünən Bakıdakı etiraz aksiyasını uzaqdan – çiçəklərin ətri insana zövq verən sərin bir yerdən seyr edirdim. Qarşımda da pürrəngi və mürəbbəli çay. Kompyuterin monitoruna baxıram – əksəriyyəti tanış və doğma sifətlərdir. Elə adam vardı onu ilk dəfə 20 il qabaq məhz mitinqdə görmüşəm. Bütöv bir xalqın əvəzinə onun dərdlərini yorulmadan dilə gətirən, döyülən, əzilən bu fədakar insanlar haqda danışmağa söz tapmıram. Bəlkə də həddən artıq çox danışdığım üçün. Diqqətimi bir şey çəkir – etirazçıların arasında xeyli qadın var. Bəziləri yaşlıdır hətta. Anam yaşında olanları da var.
Yaşlı, xəstə, narahat anamı xatırlaya bilərdim. Amma istəmədim. Çünki sərf etmirdi. Axı birdən özümə sual verərəm ki, bəs mənim anam niyə orada yoxdur.
Özümü tanıyıram – mənim suallarıma sərhəd yoxdur. Son yazılarımın birində sual cümlələri nəqli cümlələrdən iki dəfə çox idi. Bax, onda həmin suala nə cavab verəcəkdim. Tutaq ki, mən əsaslandırmaq üçün min söz tapacaqdım. Özüm əksər hallarda gedirəm aksiyalara. Bir. Anam harasa gedəcək gücdə deyil. Iki… Üçüncüsünü və dördüncünü də tapa bilərəm. Amma nə olsun, orada əksəriyyətimizin anası yaşında ağbirçəklər var, amma bizim bacı-qardaşlarımız belə orada deyil.
Mən demirəm ki, bu, baş verənlərə, ən yaxşı yanaşmadır. Demirəm hətta düz yanaşmadır. Amma bu suallar və düşüncələr məni nədənsə məşğul etdi. Birdən mənim yadıma çox məşhur bir ədəbi əsərdən heç də məşhur olmayan, bəlkə bu dünyada heç kimin yadında qalmayan bir əhvalat düşdü.
Daşkəsənin Çovdarlı kəndini yəqin tanıyırsınız. Əvvəllər o kəndi Allah da unutmuşdu. Amma indi dünya o kənddəki adamların ağzındakı dişdən danışır, baxmayaraq ki, Çovdar camaatı üçün heç nə dəyişməyib. Şöhrətin faydalı olduğunu deyənlər gərək bu barədə bir az düşünələr. Yuxarıda söhbət açdığım məşhur əsərin adı da həmin kəndin adına yaxındır – “Çovdarlıqda uçurumdan qoruyan”dır. Hamınız bu romanı yaxşı tanıyırsınız. Devid Selincerin dünyaca məşhur əsəridir.
Həmin əsərin qəhrəmanı Holden Kolfild adlı yeniyetmənin stolunda – deyəsən vağzal yeməkxanasında – iki qadın əyləşir. O qadınlardan birinin əlindəki nimdaş həsir zənbilə baxan yeniyetmə eynən belə zənbil gəzdirən və metroların ağzında xeyriyyə üçün pul toplayan qadınları yadına salır. Holdenin belə zənbillərdən xoşu gəlmir, amma düşünür ki, bu qadınlar özləri üçün toplamırlar pulu, doğrudan da xeyriyyə üçün çalışırlar. Və özünə belə bir sual verir: görəsən onun anası, xalası və yaxud qız dostunun anası bu cür zənbil gəzdirərdimi, ya da indi gəzdirdikləri gözəl və bahalı çantaları ilə metro ağzında dayanıb xeyriyyə pulu toplayardımı?
Mən əsəri çoxdan oxuduğum üçün Holdenin nə qərara gəldiyini dəqiq xatırlamıram. Amma bilirəm ki, “Hə” cavabı verə bilmir. Holden düşünür ki, nəzərdə tutduğu qadınlar hətta ən yaxşı çantalarla da bu işi görməzlər yəqin. Niyə? Xeyli düşünür və cavab tapmadığı üçün yoluna davam edir.
Bu əhvalatı niyə xatırladığımı yuxarıda yazdım. Mən sual etmirəm ki, niyə yaşlı və gənc qadınların da aksiyalara çıxıb haqsızlığa etiraz etdiyi halda, bu ölkənin yüz minlərlə özündənrazı kişiləri susqunluqlarına müdriklik donu geyindirir. Baxmayaraq bu çox ciddi sualdır. Nə bilim, bəlkə də bu insanlar o qədər müdrikdirlər ki, yaxın illərdə ölümsüzlük iksirinin kəşf ediləcəyinə və ondan içib bu dünyanı tutub duracaqlarına inanırlar. Bu səbəbdən özlərini hətta qapının açar deşiyindən gələn mehdən də qoruyurlar ki, soyuqlayıb xəstələnməsinlər (guya rahat, sağlıqlı və güvənli bir güzəranları var).
Amma məni bir şey düşündürür. Yalnız bir şey. Görəsən həmin müdriklər o qadınları foto və videolarda görüb heç olmasa yüngül şəkildə utanırlarmı? Çox yox, lap yüngülcə…

Nimdaş həsir zənbilli o qadın haqqında
•