Vahid Məhərrəmov: «Dünya bazarında baş verən bahalaşma Azərbaycana hələ bundan sonra təsir edəcək»
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov bütün dünyada digər kənd təsərrüfatı məhsulları ilə yanaşı tütün istehsalında da problemin olduğunu deyir. 2009-cu ilin göstəriciləri ilə müqayisədə 2010-cu ildə bu sahədə geriləmə müşahidə edilib.
Digər tərəfdən, yerli hökumətlərin, o cümlədən Dünya Bankının tütünçülüklə məşğul olan sahibkarlara yardım etməkdən çəkinməsi problemi bir qədər də dərinləşdirir.
Dünyada siqaretə qarşı mübarizə tütünçülük sahəsinə diqqəti azaldır.
Ekspert Azərbaycanda da tütün istehsalının aşağı düşdüyünü bildirir: “Uzun müddət ölkəmizdə tütünün istehsalına müəyyən məhdudiyyət qoyulmuşdu. Bu səbəbdən ötən il cəmi 2600 ton məhsul istehsal olunub. Bu, ölkənin istehlak tələbinin heç yarısını ödəmir. Belə olan halda, Azərbaycan tütün idxal etmək məcburiyyətindədir. Dünya bazarında tütünün qiymətinin qalxması isə Azərbaycana da təsir edir”.
Lakin ekspert dünya bazarında baş verən bahalaşmanın Azərbaycana hələ bundan sonra təsir edəcəyini vurğuladı. Yəni, yaxın aylarda siqaretin qiymətinin yenidən artacağını gözləmək olar.
Fizzə