Dövlət Yol Polisi “Avroviziya” müsabiqəsi ərzində Bakıda hərəkətin məhdudlaşdırılacağı küçə və prospektlərin siyahısını açıqlayıb. “Turan”ın məlumatına görə, mayın 19-dan 28-nə qədər Bayıl qəsəbəsi istiqamətində, Bakı-Salyan yolunun 14-cü kilometrində nəqliyyatın hərəkəti dayandırılacaq və avtomobillər şəhərə yalnız dairəvi yoldan girəcək.
20-ci sahədən də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və Badamdar qəsəbəsi vasitəsilə həyata keçiriləcək.
Bayıldan Neftçilər prospekti istiqamətində avtomobillər Xanlar küçəsi, daha sonra isə Parlament prospekti ilə hərəkət edəcəklər.
Bülbül, Azadlıq, Nizami, İstiqlaliyyət, 28 May, Üzeyir Hacıbəyov küçələrində və Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
“Avroviziya” müsabiqəsi iştirakçılarının daşınması üçün Səməd Vurğun parkının yaxınlığında, Azadlıq meydanında, Muzey Mərkəzinin yaxınlığında, Azneft meydanında, “Dalğa Plaza”nın yaxınlığında beş məntəqə yaradılıb.
Müsabiqənin keçiriləcəyi Bakı Kristal Zalının yaxınlığında maşın saxlamaq qadağan edilib, buna görə yol polisi vətəndaşları kompleksə avtobuslarla və ya Dənizkənarı Milli Parkdan piyada gəlməyə çağırır.


