Zeynal Bağırzadə AXCP sədri Əli Kərimliyə təşəkkür etdi
AXCP fəalı Ali Məhkəməyə kassasiya şikayəti verəcək, şikayəti təmin edilməsə, Avropa Məhkəməsinə üz tutacaq
Naxçıvan Ali Məhkəməsində AXCP fəalı Zeynal Bağırzadənin apellyasiya şikayətinə baxılması başa çatıb. Məhkəmə 310-cu maddə üzrə ittihamı (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi) onun üzərindən götürüb.
Digər iki maddəyə – 178.3.2 (dələduzluq) və 320.2 (saxta sənədlərdən istifadə) gəlincə, məhkəmə cinayət cəzasının təyin edilməsi haqda CM-in 70-ci maddəsini tətbiq edib.
Yekunda birinci məhkəmə instansiyasının Z.Bağırzadənin 7,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü həmin müddətə şərti cəza ilə (4 il sınaq müddəti olmaqla) əvəzlənib. Qeyd edək ki, cümə günü keçirilən iclasda məhkəmə onun Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasının iştirakçısı kimi aldığı 18,7 min manat məbləğində qanunsuz pensiyanın dövlətə qaytarılması barədə qərar çıxarıb. Bu 18 il ərzində toplanmış məbləğdir. Z.Bağırzadənin qohumları və həmkəndliləri bu məbləği toplayıblar. Hökmün yumşaldılmasına və həbs cəzasının şərti cəza ilə əvəzlənməsinə baxmayaraq, müxalifət fəalı Zeynal Bağırzadə tam reabilitasiyaya nail olmaq istəyir. Bu barədə o, bazar ertəsi həbsdən çıxarkən “Turan”ın müxbirinə bildirib. O, səhhətinin ciddi pisləşdiyini bildirib.
“Məni hər dəfə məhkəməyə tibbi nəzarət altında aparırdılar”,- Z.Bağırzadə vurğulayıb. Əsasən o, sol tərəfinin demək olar ki, iflic olduğunu, nitqinin zəiflədiyini, mədəsində ağrıların, şəkərli diabetin olduğunu qeyd edib. Z.Bağırzadə qeyd edib ki, bu xəstəliklər həbsdə olduğu müddətdə ona olan mənəvi və fiziki təzyiqlərin nəticəsində yaranıb. Fəalın sözlərinə görə, həbsdən sonra ilk müddətdə daha bərk döyülüb. Z.Bağırzadə Azərbaycan Ali Məhkəməsinə kassasiya şikayəti vermək niyyətindədir. Əgər bu təmin olunmasa, Avropa Insan Hüquqları Məhkəməsinə müraciət edəcək. O əmindir ki, siyasi motivlərlə təqib olunur və əsasən bu, Nehrəm kəndinə su verməyən yerli məmurların özbaşınalığına qarşı mübarizə apardığı üçün edilir.
Ötən ilin yayında o, kənd sakinlərinin etiraz aksiyasında fəal iştirak edib. Buna görə onu qardaşı, AXCP-nin regional şöbəsinin rəhbəri Yaşarla birlikdə bir neçə günlüyə həbs edərək döyüblər. Z.Bağırzadə onun taleyi ilə maraqlananların hamısına, naxçıvanlı jurnalistlərə, hüquq müdafiəçilərinə, Turan agentliyinə, “Azadlıq” qəzetinə və radiosuna, Azərbaycan Xalq Cəbhəsi Partiyasına və onun sədri Əli Kərimliyə öz təşəkkürünü bildirib.