Əli Kərimli BBC-də Azərbaycan müxalifətinin mübarizəsindən danışdı
Telekanal Azərbaycanın mafiya qaydaları ilə idarə edildiyini bildirdi
BBC media korporasiyasının “BBC One” xidməti tərəfindən hazırlanan “Panorama” proqramının Azərbaycanla bağlı anons etdiyimiz “Eurvision”un çirki sirri” adlı verilişi mayın 21-də efirə verilib. Verilişdə Azərbaycanda yüksək rütbəli məmurların biznes maraqlarından, “Eurovision” musiqi yarışmasının finalına bir neçə gün qalmış Bakıda müxalifətə göstərilən təzyiqdən bəhs olunub, eyni zamanda ölkə başçısı İlham Əliyevin ailəsinin biznes fəaliyyəti haqda danışılıb.
Ailənin biznesi haqda yeni məlumatlar
Azərbaycan dilində tərcüməni oxuya bilmək üçün videopəncərənin aşağısında (play düyməsi olan hissə) CC düyməsinin üstündən vurun
“Panorama” proqramının müxbiri Pol Kenyon Azərbaycan rəhbəri İlham Əliyevin yaxın qohumlarının ofşor zonalarda, o cümlədən Panamada qeydiyyatdan keçmiş şirkətləri olduğunu təsdiqləyən sənədlər əldə edib. Reportajda Əliyevin qızları – Arzu və Leyla Əliyevaların Azərbaycanda mobil telefon operatorları ilə bağlılığı barədə danışılıb. Həmçinin ölkənin qərbindəki qızıl yataqlarının istismarının da onların adıyla bağlı olduğu proqramda vurğulanıb. Proqramda İlham Əliyevin 15 yaşlı oğlunun da Bakıda otel və Dubayda 40 milyon dollarlıq mülkü olduğu xatırladılıb.
Əliyevin səfiri və yaxınları şərh vermir
Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov BBC-yə məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib və bildirib: “Qəzetlərdə hər yazılana inanmaq olmaz. Sözsüz ki, bir az çətin məsələdir. Mən Əliyevlər ailəsinin üzvü deyiləm və ailə ilə bağlılığı olmadan belə suallara cavab verə bilmərəm”. BBC Azərbaycan rəhbərinin yaxın qohumlarından da şərh ala bilməyib.
Sökülən evlər, haqqı pozulan insanlar
Verilişdə həm də “Eurovision” musiqi yarışmasına hazırlıq və bu fonda baş verənlər, eləcə də hakimiyyətin tənqidçilərinə sərt münasibətdən də söz açılıb. Reportajda ölkəmizdə vətəndaşların mülkiyyət hüquqlarının pozulduğu haqda kadlar yayılıb. Həmn kadrlarda “Crystal Hall” konsert zalının tikintisi zamanı əraziyə yaxın evlərin söküntüsünə etiraz edən sakinlərin zorakılıqla üzləşməsi, onların mülkiyyət hüquqlarının tanınmaması öz əksini tapır.
Azərbaycan hakimiyyətinin mafiyaya bənzədilməsi
Reportajda ölkəmizdə baş verən ictimai-siyasi hadisələrdən geniş söhbət açılır. Müəllif Pol Kenyon gənc musiqiçi Camal Əli ilə görüşərək onun siyasi baxışlarına görə üzləşdiyi təzyiqlərlə maraqlanıb. Daha sonra araşdırmaçı jurnalist Xədicə İsmayılın hakim ailənin biznesi haqda ifşaedici materiallar hazırladığına görə şantaj və təhdidlərə məruz qaldığı bildirilib. Pol Kenyon araşdırmaçı jurnalistlə görüşərək ondan açıqlama alıb. Xədicə İsmayıl üzləşdiyi şantaj və təhdidlə bağlı məlumat verib, Azərbaycandakı idarəçiliyi mafiya sisteminə bənzədib. Reportajda Xədicə İsmayılın evinə quraşıdırlmış gizli kamera da göstərilib.
Verilişdə ABŞ diplomatlarının yazışmalarında Azərbaycan hakimiyyətini mafiya strukturuna bənzətməsinə dair “Wikileaks”də yayılan mətndən sitat da verilib.
İctimai Palatanın mitinqində
Proqramın müəllifi Pol Kenyon İctimai Palatanın 20-ci sahədə keçirdiyi razılaşdırılmış aksiyaya da qatılıb. Müəllif orada müxaliflərin səsləndirdiyi tələblərdən söz açıb, mitinqi təhlükəsizlik qüvvələrinin nəzarətdə saxladığı, aksiya yerində mülki geyimli şəxslərin dolaşdığını bildirib. Reportajda BBC heyətinin aksiyanı lentə aldıqdan sonra ərazidən uzaqlaşarkən naməlum avtomobillə izləndiyini əks etdirən kadrlar yayımlanıb. Jurnalist əlavə edib ki, mülki geyimli şəxslər BBC heyətini hər yerdə izləyiblər. Onların olduğu yerlər, açıqlama almaq üçün getdiyi məkanlar nəzarətdə olub.
Əli Kərimlinin evində
Reportajın davamında müəllif Pol Kenyon mitinq meydanında “müxalifətin lideri” deyə tanıtdığı AXCP sədri Əli Kərimli ilə onun evində söhbət edir. Aparıcı ölkəmizdəki proseslər və ictimai-siyasi durumla bağlı Əli Kərimlinin mövqeyini öyrənib. AXCP sədri siyasi fəaliyyəti ərzində özünün və ətrafının üzləşdiyi təzyiq və təhdidlər barədə məlumat verib. O, Azərbaycanda insan hüquq və azadlıqlarının durumu, müxalifətin apardığı mübarizə haqqında danışıb. BBC-nin reportyoru müsahibədən sonra Əli Kərimlinin evini də naməlum şəxslərin necə nəzarətdə saxladığını nümayiş etdirib. Reportajda həmçinin müxalifətin 2005-ci il 26 noyabr mitinqində AXCP sədrinin çıxışından fraqment də verilib.
***
Əlavə edək ki, Əliyevlərin korrupsiya əməllərini ifşa edən və Azərbaycandakı vəziyyət haqda ətraflı məlumat verən “Panorama” proqramını BBC-nin bir neçə xidməti müxtəlif ölkələrdə 4-5 gün ərzində yayımlayacaq.
Siyasət şöbəsi