Hamınızla qürur duyuram

fuad-ahmadli1

İşçi qrupunun əziz və dəyərli üzvləri. İlk öncə məmləkətdə biz əsirlərin azad edilməsi üzrə qurduğunuz bu fədakar və şərəfli fəaliyyətinizdən dolayı Xədicə xanımın, İntiqam müəllimin, dəyərli vəkilim Əsabəli müəllimin, Leyla xanımın, Rəsul bəyin, Oqtay müəllimin və adlarını qeyd edə bilmədiyim bütün parlaq düşüncəli dava yoldaşlarımız olan vəkil, hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi partiya təmsilçilərinin hər birinin ünvanına ayrı-ayrılıqda təşəkkürlərimi qəbul etmənizi rica edirəm. Hələ 2 il öncə Leyla xanım həbs olunarkən yazdığım “azərbaycanlı qədər azərbaycanlılar” adlı yazımda qeyd etdiyim bütün fikirlərimdə haqlı olduğumu mənə isbat etdiyiniz üçün hər birinizi bağrıma basıram. Əzizlərim üstünə vura-vura bir daha təkrar edirəm:

YAP nümayəndələrinin “ölkəmizdə siyasi məhbus yoxdur” cümləsinin səs dalğaları mikrofondan ayrılmadan 150-dən çox siyasi məhbusun siyahısını dünya ictimaiyyətinin masasına gətirmək bu ölkədəki bütün Elmira Süleymanovaların ən qorxulu yuxusu olduğu bir vaxtda, biz döyüş arenasında Leyla Yunus rəşadətini gördük. Vətəndaşdan oğurlanan milyardların ifşası adı altında pərdəli imitasiyanı Mirşahinin “Hesabat”-ında rastlasaq da, bu yönümdə də rejimə öldürücü zərbəni məhz Xədicə İsmayıl vurdu. 5 il əvvəl isə “eurovision” ərəfəsində hökumətin öz feodallığına bər-bəzək vurub dünyaya sırımağa çalışdığı vaxt həyati təhlükəsi hesabına olsa da, vətəndaşımızın etiraz səsini hökumətin elə öz qonaqlarının qarşısına əsaslı-sübutlu çıxarmağı bacaran Rəsul bəyi də unutmadıq.

29 dekabr tarixində Səhər Delicaninin “Cakaranda ağacının uşaqları” kitabını aldım. Kitabın ilk səhifəsində Xədicə xanımın mənə xitabən yazdıqlarını oxuyarkən fəxarət hissi keçirdim “Elə davalar var ki, biz onu sonluğa çatdırmayanda gələcək nəsillərin də həyatını zəhərləyirik. Gələcək nəsillərə mənfi yüklü, problemli irs ötürməmək arzusuyla tərcüməçidən dəyərli Fuad bəyə. Möhkəm olun.”

Mən bu cümlələrdə irtica rejiminin gözləri arasına düyünlənən cəsur insan yumruğunu və çiynimdə həqiqi dost əlini gördüm, hiss etdim, Xədicə xanım.

2013-cü il seçki öncəsi AXCP-yə böyük bir gənclik axını başladığı dönəmdə həmin gənclərdən biri də mən olmuşdum. Həmin vaxtlarda bizə bu ümdə dəyərlər tədris edilir və “cəbhədaş” sözü praktik anlamda öyrədilir. Hər bir uşağın doğulub böyüdüyü ailənin tərbiyəsini, ruhunu özündə ehtiva etdirdiyi kimi mən də bu ruhda tərbiyə olunan birisi olaraq icazənizlə daşıdığınız prinsiplərdən dolayı hər birinizə dəyərli cəbhədaşlarım deyə xitab etmək istərdim. Hər həftə salamlarınızla bərabər, fəaliyyətinizdəki uğurlar, ailəmə göstərdiyiniz müstəsna dəstək və ümumi proseslər barədə Əsabəli müəllim vasitəsilə məlumat alıram. Etdiyiniz hər şey üçün sonsuz minnətdaram. Qan qaraldan bəzi məqamlar üzərində dayanmaq xahiş etmək istərdim ki, bizim real sayımız üzərində çox əziyyət çəkməyəsiniz. Hamımız bilirik ki, ölkədə siyasi məhbusların real sayı 35 min üzərindədir.

Sadəcə, sizlər üçün darıxdım, ürəyim, fikrim sizləri istədi deyə sevgimi və sayğımı izhar etmək qərarına gəldim. Hər birinizə uzun ömür, can sağlığı, ən böyük əxlaqın azadlıq görüldüyü cəmiyyət və qarşılıqlı anlayış arzu edirəm. Mükəmməl Azərbaycan arzusu ilə.

Fuad Əhmədli 15.11.2016

1 saylı Bakı istintaq təcridxanasından