Nemət Əliyev: «Otuz faizin üzərində olan tənənzül iqtisadiyyatın bütün sektorlarını bürüyüb»
Azərbaycanda tikinti sektorunda ölkənin on minlərlə vətəndaşı çalışır. Lakin əvvəlki illərlə müqayisədə hazırda tikinti sektoru tənəzzül dövrünü yaşayır. Bu isə tikinti sektoruna mənfi təsir göstərməklə yanaşı, həm də ölkədə işsizlik səviyyəsini də xeyli artırır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin on ayı ərzində ölkədə 366,9 milyon manatlıq tikinti materialı istehsal olunub. Konkret olaraq, 814,2 min ton hazır beton (mənfi 41,5 faiz), 19,5 min kubmetr beton konstruksiya (mənfi 34,8 faiz), 229,9 min kubmetr kərpic (mənfi 4 faiz) istehsal edilib. Həmçinin 2 milyon 275,5 min ton sement, 160,4 min ton gips, 359,9 min ton asfalt, 10 min 497,8 ton mərmər, travertin, alebastr istehsal olunub.
Hələ 2008-ci ildə baş verən qlobal böhran zamanı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bəyan etmişdi ki, tikinti sektorunun çöküşünə imkan vermək olmaz. Çünki bu baş verərsə, bank sektoru sarsıdıcı zərbə ala bilər.
İqtisadçı Nemət Əliyev bildirdi ki, yalnız tikinti sahəsi tənənzül etmir. Ölkənin bütöv iqtisadiyyatında 30 faizin üzərində tənənzülün getdiyini deyən N.Əliyev vurğuladı ki, istər əhalinin, istər ölkənin gəlirlərində düşüş müşahidə olunur. Xüsusilə xidmət sahəsində ciddi düşüş yaşanır: «Otuz faizin üzərində olan bir tənənzül iqtisadiyyatın bütün sektorlarını bürüyüb. Digər tərəfdən tikinti sektorunun hazırkı vəziyyətə düşməsi ölkənin gəlirlərinin kəskin şəkildə azalmasıyla bağlıdır. Ölkənin neft sektorundan daxil olan vəsaitlər bir qayda olaraq tikinti sektoruna yönəlirdi. Bu vəsait də infrastruktur adı altında müxtəlif istiqamətlərə, körpü, idman saraylarının tikintisinə xərclənirdi. Yəni vəsaitlərin böyük bir hissəsi istehsal obyektlərinin tikintisinə deyil, xidmət sahələrinə yönəldilmişdi. Bu cür siyasət isə kökündən yanlış idi. O zaman bizim təklifimiz o idi ki, ölkəyə axın edən milyardlarla vəsaiti ilk olaraq ölkənin real sektoruna yönəltmək lazımdır. Yalnız bu halda ölkəni davamlı maliyyə ilə təmin etmək olardı».
Hazırda gəlirlərin kəskin şəkildə azalmasının fonunda tikintiyə yönələn vəsaitin də azaldığını deyən N.Əliyev vurğuladı ki, elə bu üzdən də xidmət sektoruna pul qoyuluşları təxminən 80 faiz azalıb: «Bu azalma tikinti və xidmət sektorunda çalışanların da ixtisarına səbəb olub. Tikinti sektorunun çökməsi bu sahəni maliyyələşdirən bankların da vəziyyətindən irəli gəlir. Bu neft gəlirlərinin yaratdığı effekti də dağıdıb. Bu günləri yerli investorlar iqtisadiyyata yatırdıqları vəsaitin 70 faizini geri çəkiblər. Xarici investorlar isə 20 faizdən çox vəsaiti bu ilin 10 ayında geri çəkiblər. Bu da ölkə iqtisadiyyatındakı tənənzülün 30 faizin üzərində olduğunu göstərir. Azərbaycan iqtisadiyyatı özünün çox ağır günlərini yaşayır».
Xəyal