Qiymət artımını əsaslandıran absurd arqument

rovshen agayevRövşən Ağayev

Kommunal tariflərin artımını əsaslandırmaq üçün bütün arqumentləri kənara qoyub əhalinin israfçılıqdan çəkinəcəyi ilə bağlı bir vacib məqamı deyim.
Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 1.9 mln. ev təsərrüfatı təxminən 2.8 mlrd. kubmetr təbii qaz istehlak edir. Bu, bir ev təsərrüfatına ayda təxminən 120 kubmetr təbii qaz istehlakı deməkdir. Bizim rəsmi statistika “orta statistki ailə” dedikdə orta hesabla hər 100 ailəyə 450 nəfər nəzərdə tutur. Bu rəqəmdən çıxış etsək, bir nəfər üçün orta aylıq istehlak 27 kub edir. Nazirlər Kabinetinin təsdiq elədiyi minimum kommunal xidmət normativinə görə isə, bir nəfərin minimal aylıq istehlakı 21 kub təşkil etməlidir.
Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 2.3 mln. ev təsərrüfatı təxminən 8 mlrd. kV-saat elektrik enerjisi istehlak edir. Bu, bir ev təsərrüfatına ayda təxminən 290 kV-saat elektrik istehlakı deməkdir. Yenə də rəsmi statistikanın “orta hesabla hər 100 ailəyə 450 nəfər” rəqəmindən çıxış etsək, bir nəfər üçün orta aylıq istehlak 64 kV-saat təşkil edir.
Nazirlər Kabinetinin təsdiq elədiyi minimum kommunal xidmət normativinə görə isə, bir nəfərin minimal aylıq istehlakı 50 kV-saat elektrik enerjisi təşkil etməlidir.
Yəni, həm təbii qaz, həm də elektrik enerjisinin faktiki ietehlak səviyyəsi hökumətin rəsmi təsdiq elədiyi minimum səviyyəyə yaxındırsa, burda israfçılıqdan danışmağın yeri qalmır.
Müqayisə üçün deyim ki, Azərbaycanda adambaşına elektrik enerjisi istehlak səviyyəsi inkişaf etmiş ölklərlə müqayisədə təxminən 2 dəfə azdır. İnkişaf etməkdə olan ölkələrlə isə eyni səviyyədədir.
Ümumiyyətlə, hazırda orta hesabla dünyada 1 ev təsərrüfatına elektrik enerjisi istehlakı 3.5 min kV-saat ətrafındadı. Azərbaycanda da bu qədərdir. Böyük Britaniya, Fransa və ABŞ-da 6.5-7 min kV-saat ətrafındadı.
Bu baxımdan bizim ev təsərrüfatlarını istehlak səviyəsi “israfçı” standartına uyğun deyil…
Hələ onu demirəm ki, inkişaf etmiş ölkədə ev təsərrüfatları 150-180 vatt elektrik enerjisi almağı kimsə ağlına belə gətirmir.