“Bu vəsait hesabına əhalinin 1 il yeddi ay təbii qaza olan ehtiyacını ödəmək mümkündür”
Nemət Əliyev: «Ölkədə bu qədər sosial problemlər oluduğu halda heç bir əhəmiyyəti olmayan oyunlara milyonların xərclənməsini izah etmək mümkün deyil»
Gələn il İslam Həmrəylik Oyunları və Formula-1 yarışlarının keçirilməsinə xərcələnək vəsaitin məbləği məlum olub. Hesablama Palatasının “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə qeyd olunub ki, “İslam oyunları və Formula-1 yarışlarının keçirilməsi ilə bağlı xərclər” kimi yeni layihənin maliyyələşdirilməsi üçün 317 mln. 300 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb.
Ölkədə dollarda olan kreditlərin qaytarılması üçün büdcədən təxminən eyni məbləğin ayrılması kifayət idi ki, vətəndaşlar borclarını iki dəfə artmış formada deyil, əvvəlki məzənnə ilə qaytarsınlar. Amma bu edilmədi. Digər tərəfdən kommunal xərclərin artırılması son nəticədə büdcə üçün böyük məbləğ etməsə də, vətəndaşların büdcəsinə ciddi ziyan vurur. Amma hökumət bu məsələdə də güzəştə getmir.
İqtisadçı Nemət Əliyev bildirdi ki, gələn il İslam Həmrəylik Oyunları və Formula-1 yarışlarının keçirilməsinə xərcələnək vəsait kimi 317 milyon manat nəzərdə tutulub. Amma bu məbləğ ilin ortasında müəyyənləşib və ötən 3-4 ay ərzində dolların manata münasibətində bahalaşma müşahidə olunub: «Ona görə gələn ilin büdcəsi təsdiq olunanda bu məbləğ artırılımalı olacaq. Hesablamalar onu göstərir ki, iyundan ötən müddət ərzində manat daha 12 faiz dəyər itirib. Bu hesabla götürəndə 317 milyon 350 milyonu ötüb keçib. Ölkədə bu qədər sosial problemlər oluduğu, əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşdüyü, ölkənin kreditlərə ehtiyac duyduğu bir zamanda mənasız heç bir əhəmiyyəti olmayan bu oyunlara milyonların xərclənməsini heç bir normal məntiqlə izah etmək mümkün deyil. Məsələyə bu cür yanaşma onu göstərir ki, hökumət prioritetləri həmişə olduğu kimi düzgün müəyyənləşdirə bilmir. Bədxərclik baş alıb gedib. Müxtəlif sahələrdə bu kütləvi xarakter alıb. Neft qiymətlərinin aşağı düşməsi fonunda Azərbaycanın gəlirləri azalıb. Belə olan halda hökumət dərhal mənasız xərcləmələrdən imtina etməliydi. Amma biz görürük ki, hökumət gəlirlərinin aşağı düşməsi fonunda xərclərini bir qədər də artırır. Bu cür təfəkkürlə uzağa getmək mümkün deyil. Azərbaycan xalqı bu cür bədxərclik edənlərin cəzasını verməlidir».
N.Əliyevin fikrincə, dövlət vəsaitlərinin bu cür xərclənməsi yaxşı heç nə vəd etmir: «Dövlət vəsaitlərini mənasız oyunlara xərcləməkdənsə, ölkənin kredit resurslarına olan ehtiyacını ödəmək lazım idi. Bu vəsaitləri ölkə iqtisadiyyatının kreditləşməsinə yönəltmək daha yaxşı olardı. Və ya o vəsait hesabına əhalinin 1 il yeddi ay təbii qaza olan ehtiyacını ödəmək mümkündür».
Xəyal