Qazı da sən tap…

saadet-cahangir-koseSəadət Cahangir 

Bilirəm, kimsənin lətifə dinləyəcək halı yox. Qiymətlər millətin anasını ağlada-ağlada gedir. Dünən işıq və qaz puluna da artım xəbəri gəldi. Deyəsən üzüqara hökumət milləti qaz kimi yolmağa and içib. Amma öz aramızdır, millət də özünü yoldurmağa meyllidir haa. İllərdir yay, qış demədən yolunur və yolunduqca da canı bərkiyir deyəsən. Səssiz, üzüyola qazı yolmaq da nə rahat! Duruma uyğun bir lətifə anladım, həm kefiniz açılsın, həm də, bəlkə, ibrəti-aləm olar vəzirin halı bir çoxlarına. Soyuq qış günlərinin birində bir padşah libas dəyişib ölkəni gəzməyə qərar verir. Baş vəzirini götürüb yola çıxır. Bir dərə kənarında əlindəki dəriləri suya çırpıb döyərək aşılayan yaşlı adam görür.  Padşah salam verincə qoca da onu “Əleykümsalam, ey cahan sərdarı” deyə salamlayır.” Padşah soruşur: “Altılarda nə etdin?” “Altıya altı qatmayınca, otuz ikiyə çatmır …” Padşah yenə soruşur: “Gecələri qalxmadınmı?” “Qalxdıq, amma ellərə yaradı …” Padşah gülür: “Bir qaz göndərsəm, yolarmısan?” “Həm də cınqırını çıxartmadan …” Padşahla baş vəzir adamın yanından ayrılıb yola düşürlər. Padşah vəzirə deyir: “Nə danışdığımızı anladınmı?” “Xeyr, padşahım …” Padşah hirslənir: “Bu axşama qədər nə danışdığımızı anlamazsan, kəlləni üzərəm”.  Qorxuya düşən vəzir padşahdan ayrılan kimi təlaşla dərə kənarına dönür. Baxır ki, adam hələ orada çalışır. “Nə danışdınız siz padşahla?..”  deyə soruşur. Adam dönüb vəziri süzür: “Haqq ödəmədən olmaz, yüz qızıl ver, deyim.”  Vəzir yüz qızıl verir. “Sən padşahı “cahan sərdarı” deyə salamladın, hardan anladın padşah olduğunu.” “Mən dəriçiyəm, onun çiynindəki  kürkü padşahdan başqası geyə bilməzdi.” “Yaxşı, altılara altı qatmayınca, otuz ikiyə çatmır, nə demək? ..” Adam suala cavab vermək üçün də  yüz qızıl alır. “Padşah altı aylıq yaz-yay dövründə işləmədinmı ki, qış günü çalışırsan?” deyə soruşdu. Mən də “yalnız altı ay yaz-yay deyil, altı ay payız- qış çalışmasaq, dolana bilmirik” dedim. Vəzir yenə soruşur: ” Gecələri qalxmadınmı, nə demək? “Adam yüz qızıl da alıb deyir. “Uşaqların yoxmu?”  deyə soruşdu. “Var, amma hamısı qız, evləndilər, başqalarına yaradılar” dedim. Vəzir “bir də qaz göndərsəm, dedi, o nə demək …” soruşunca, qoca gülüb başını bulayır, “onu da sən tap …”

Neçə vaxtdır millət dad-haray çəkirdi ki, bircə qazın qiyməti qalxmasın. İstilik sistemi bərbad bir ölkədə qışı qazsız yola verməyin zilləti məlum. Onsuz da payız girən gündən bəri şəhərin qaz təchizat sistemi ağlamalı haldadır. Paytaxtın bəzi rayonlarında günlərlə qaz olmur. Şikayət edən kimi qaz xətlərində təmir işləri getdiyini deyirlər. Oturub-oturub bu xətləri qışın şaxtasında söküb-tökmək hansı ağılın məhsuludur, özünüz düşünün. Xülasə, qorxulan da baş verdi, axır ki. Qazın qiyməti nə az, nə çox, düz 100% bahalaşdı. İndi guya biz neft-qaz ölkəsiyik. Hökumət rəhbərlərinin 3-4 il əvvəlki lovğalanmasına görə, məntiqlə biz indi qaz vurub, qazan doldurmalıydıq. Şahdəniz kimi qaz yatağımız vardı axı. Amma gün keçdi, zaman gəldi. Bizə soyuq sobanın yanında bükülüb boş qazana göz zilləməkdən başqa bir şey qalmadı. Bəs bu qaz məsələsi necə oldu, onu da artıq siz tapın…